Məktəbləri birləşdirən bu yola nə zaman asfalt çəkiləcək? - GİLEY

25-11-2021, 12:56           
Məktəbləri birləşdirən bu yola nə zaman asfalt çəkiləcək? - GİLEY
Saytımıza növbəti şikayət daxil olub.

Sonxeber.az-ın məlumatına görə, Sabunçu rayonu Zabrat qəsəbəsinin sakinləri yollarda asfalt olmamasından şikayət edirlər.

Sadıxov Ramiz adlı Zabrat sakininin sözlərinə görə, artıq illərdir ki, qəsəbənin yolları bərbad vəziyyətdədir:

"2004-cü ildən Zabrat 1 qəsəbəsi, Abbas Səhhət küçəsində asfalt örtüyü dağıdılıb və yeni asfalt örtüyünün döşənməsi üçün İcra Hakimiyyətinə müraciət etdik. Bizə büdcədə pul olmadığını bildirdilər. Beləcə, 17 ildir ki, normal yola həsrətik. Bizə maraqlıdır, bunların pulu nə zaman olacaq ki, 485 metrlik yola asfalt çəksinlər? Qeyd edim ki, bu, iki böyük məktəbi birləşdirən əsas yoldur".

Məsələ ilə bağlı Sonxeber.az saytının əməkdaşları Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Anar Nəcəfli ilə əlaqə saxlayıb.

O bildirib ki, həmin yollar onların balansında deyil:

"Bələdiyyə və yaxud İcra Hakimiyyətinin balansında olan yollardır. O yolların bu günə qədər niyə təmir olunmaması, nə zaman təmir olunmasına aid suallara adı çəkilən qurumlarda cavab axtara bilərsiniz.

Ümumi olaraq, belə bir məlumat verə bilərik ki, o cür yolların təmiri nəzərdə tutulur, amma nə zaman olacağını bilmirik. Bizim balansımızda olmadığı üçün dəqiq söz deyə bilmərəm. İnvestisiya proqramında hansı küçələr nəzərdə tutulubsa, həmin küçələrin təmirini il ərzində həyata keçiririk. 2025-ci ilədək belə küçələrin təmiri planlaşdırılır".

Aidiyyəti qurumlarla əlaqə saxlamağa çalışsaq da, zəngimizə cavab verən olmadı.

Ümüd edirik ki, 485 metrlik yol yaxın zamanda asfalt üzü görər və sakinlər bu yoldan rahat istifadə edərlər.
















Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.