Məktəblərdən video çəkmək KİMLƏRİN İŞİNƏ YARAMIR... - AKTUAL

19-02-2022, 12:39           
Məktəblərdən video çəkmək KİMLƏRİN İŞİNƏ YARAMIR... - AKTUAL
Təhsil naziri Emin Əmrullayev son günlər təhsil müəssisələrindən yayılan videogörüntülərə münasibət bildirib. Təhsil naziri bildirib ki, məktəblərdə olan neqativ halları bu qədər şişirtmək arzuolunan deyil.
Jurnalistlərə açıqlama verən nazir deyib ki, təhsil müəssisələrində baş verən insidentləri videoya çəkib ictimaiyyətə təqdim edərək təhsilin indiki vəziyyətini təsvir etmək doğru deyil.

"Videolar və bu tip məsələlərə gəlincə, deyə bilərəm ki, təhsil sistemi çox böyük bir sistemdir. 1 milyon 600 min şagird, 200 mindən artıq müəllim təkcə ümumtəhsil müəssisələrindədir. 200 mindən bir qədər az məktəbəqədər təhsil müəssisələrində olan uşaqlar, 30-40 minə yaxın orada işçilər var. Ümumilikdə, biz gün ərzində hər gün təxminən 3-4 milyona yaxın insanın təhsillə ünsiyyətini görürük. Təbii ki, bu adamların arasında hansısa münaqişələr, öz aralarında problemlər yaşanır. Bunları videoya çəkib geniş ictimaiyyətə təqdim etməklə təhsilin indiki vəziyyətini məncə təsvir etmək doğru deyil" , - nazir deyib.

O, əlavə edib ki, azərbaycanlı şagirdlər son illərdə 304 beynəlxalq olimpiadada medal qazanıb:

"Amma nədənsə, biz həmin şagirdlərin videolarını çəkib sosial mediada böyük həvəslə paylaşmırıq. Onlar da azərbaycanlı şagridlərdir və dövlətimizin adını və bayrağını ucalara qaldırıblar. Təbii ki, nadinc uşaqların, partanın üzərinə çıxan uşaqların bu davranışları problemdir. Amma bu, məktəbdaxili problemdir. Bu, şagird davranışı problemidir. İki insan arasında olan münaqişəni ölkənin ən vacib gündəminə çevirməkdə böyük bir fayda görmürəm. İnanmıram ki, bu videoların bu və digər formada, bu miqyasda və bu çapda müzakirəsi bizim cəmiyyətimizi və ölkəmizi irəli aparır. Bu videoların hansısa bir formada nümunə olmasını da uyğun hesab etmirəm".

Xatırladaq ki, bu gün “Təhsilə ictimai baxış” silsiləsindən “Məktəb-valideyn tərəfdaşlığı: reallıqlar və yeni yanaşmalar” mövzusunda müzakirə təşkil olunub. Nazir Emin Əmrullayev də orada iştirak edib. Teref.az xəbər verir ki, nazirin açıqlaması ilə bağlı “Şərq”ə danışan təhsil üzrə ekspert Kamran Əsədovun sözlərinə görə, təhsil ictimai işdir və burada baş verən hadisələr müzakirə olunmalıdır:

“Məktəblərdə təhsil alanlar ölkə ictimaiyyətinin ailə üzvləri, övladlarıdır. Əgər müəllim sinifdə şəkil çəkib paylaşaraq uğuru olaraq təqdim edirsə, deməli, uğursuzluqları da göstərmək mümkündür. Məktəbdəki neqativ halların görüntülənməsi mənfi durumların aradan qalxması və keyfiyyətin artırılmasına xidmət edən bir addımdır. Buna görə narahat olmağa dəyməz. Əksinə, təhsil prosesində iştirakçıların hərəkətləri və hərəkətsizliyindən cəmiyyətin məlumatlı olmasına imkan verməliyik. Məktəblərə kameralar quraşdıra, valideynlərlə görüşlər də təşkil edə bilərik. Yəni bu məsələdə ictimai iştirakçılıq vacibdir. Düşünmürəm ki, məktəbdə baş verənlərin müzakirə edilməsi kimisə narahat etməməlidir. Bundan ancaq fəaliyyəti neqativ olan insanlar narahat ola bilər.

Təhsil ictimai işdir və burada baş verən hadisələr müzakirə olunmalıdır. Qanunlar çərçivəsində hər şey qeydə alınmalı və izlənməlidir.

Bu gün baş verənlər orta ümumtəhsil müəssisələrində idarəetmə ilə bağlı boşluqlar olduğunu göstərir. Bunu çəkib yayanlara təşəkkür etmək lazımdır. Bizə bir daha isbat edirlər ki, müəllimlər öz vəzifəsini yerinə yetirə, direktorlar da nəzarət edə bilmirlər. Yəni ümumilikdə işin keyfiyyətinə müsbət təsir göstərir.

Bu videolardan narahat olanlar düzgün işləmir, onların fəaliyyəti qanunvericiliyin tələblərinə yox, öz istəklərinə uyğun qurulub. Həmin şəxslər təhsil prosesindən kənarlaşmalıdır”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.