“Azərbaycanda xurafatçıları onlar yetişdirir” - - İlahiyyatçılardan Bakıdakı faciə ilə bağlı açıqlama
4-04-2022, 17:41

Xəbər verdiyimiz kimi, ötən gün Bakıda gecə klublarından birində baş verən partlayış nəticəsində 1 nəfər ölüb, 31 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Dəhşətli partlayışdan sonra sosial mediada bir qrup insan bu hadisəni dinə bağlayaraq Ramazan ayının ilk günündə gecə klubunda əylənənləri qınayıb.
Teref.az yazır ki, məsələ ilə bağlı millət vəkili Ceyhun Məmmədov Bakupost.az -a açıqlama verib.
O düşünür ki, ümumiyyətlə hər hansı bir bədbəxt hadisəni dinlə əlaqələndirmək kökündən yanlışdır:
“Bu, sırf bədbəxt hadisədir, burada hansısa dini motiv axtarmaq yanlışdır. Əlbəttə, bu günlərdə bütün İslam dünyası müqəddəs Ramazan ayını yaşayır. Amma bu hadisəni dinlə bağlamaq əsassızdır və dinin özünə də başucalığı gətirmir. Bu məsələdə hər birimiz çalışmalıyıq ki, diqqətli olaq. Bir nəfər dünyasını dəyişib, çoxlu sayda vətəndaşımız yaralanıb. Din hansısa bir bədbəxt hadisəyə sevinməyin, onun dinlə əlaqələndirilməsinin qəti əleyhinədir. Ona görə hesab edirəm ki, bu, sağlam və düzgün yanaşma deyil. Bizim dindar vətəndaşlarımız belə məsələrdə daha diqqətli olmalıdırlar ki, belə hadisələr dinlə əlaqələndirilməsin.
Həmçinin dövlət bu hadisə ilə bağlı lazım olan bütün araşdırmaları da aparır”.
İlahiyyatçı Tural İrfan da məsələ ilə bağlı fikirlərini bildirib.
O qeyd edib ki, bu hadisənin Ramazan ayına heç bir aidiyyəti yoxdur:
“Ən əsası, orada ölən və yaralananlar Azərbaycan dövlətinin vətəndaşlarıdır. Hansı əxlaqa və vicdana sahib olub-olmamağından asılı olmayaraq, buna ikrahla tənqidi yanaşanlar düşünməlidirlər ki, bunlar bizim vətəndaşlarımızıdır. Digər tərəfdən məlumdur ki, bu, bir qəzadır. Qəza Ramazan ayına və yaxud başqa aylara baxmır. Bəzi insanlar həmin hadisəni və orada insanların yaralanmasını dinə tərəf yönləndimək istəyirlər ki, onlar tamamilə cahil və xurafatçı bir kütlədir. Bu xurafatçı kütləni də Azərbaycanda yetişdirən məhz din xadimləridir. Belə insanların xütbələrinə qulaq asıb, o nağıllara inanırlar. Artıq 21-ci əsrdir, insanlarımız hələ də o təsirlərdən çıxa bilməyiblər. Çünki həmin din xadimləri moizələrində orta əsrlərin nağıllarını danışırlar. Buna görə də bəzi insanlarda belə fikir fomalaşır ki, onlar günah etdikləri üçün belə partlayışla qarşılaşıblar. Çox gülünc və bəsit bir reaksiyadır.
Bu gün İslam dünyasında, İraqda, Suriyada onlarla terror aktları baş verir. Bəs onların nə günahı var? Eyni zamanda Rusiya Ukrayna xalqını qırır. O xalqın günahı nədir? Bunlar savadsız, cahil və təhlükəli kütlədir. Çünki bunları kənardan idarə edirlər”.