Ucuzlaşma üçün yenə gözləyək? - Bazara yolu qanun açacaq

4-04-2022, 18:54           
Ucuzlaşma üçün yenə gözləyək? - Bazara yolu qanun açacaq
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti "Daxili ticarət haqqında" qanun layihəsi hazırlayıb.

Bu barədə qurumun rəisi Məmməd Abbasbəyli ötən ilin yekunları ilə bağlı hesabatda bildirib: “Ümid edirik ki, sənədlə bağlı bu il dövlət qurumları arasında əlaqələndirmə prosesləri yekunlaşacaq və sənəd hökumətə təqdim olunacaq".

M.Abbasbəyli həmçinin əlavə edib ki, Azərbaycanda kiçik və orta sahibkarlıq subyektləri müəyyən problemlərlə qarşılaşır və "Daxili ticarət haqqında" Qanun məhz bu problemləri həll etmək üçün qəbul olunacaq: "Bizim yanaşmamız gördüyümüz problemlərin həlli üzrə qanunda normativ baza yaradılmasından ibarətdir. Yeni qanunda satış şəbəkələrinə daxil olma imkanları, rəflərdən istifadə üzrə xidmət haqqının müəyyən edilməsi kimi məsələlər nəzərdə tutulub. Ödəniş məsələləri rəqabətə mənfi təsir göstərir. Məsələn, hansısa sahibkar müqavilə bağlayır və böyük şəbəkələrə məhsulunu satır. Onlar da böyüklükdən istifadə edib ödənişləri gecikdirir. Bu qanunun əsas istiqamətlərindən biri bu tənzimləmənin müəyyənləşdirilməsidir. Bununla kiçik və orta biznes subyektlərinin şəbəkələrdə məhsullarını satmaq üçün əlçatanlığı təmin ediləcək".

Qeyd edək ki, ölkədə kiçik və orta sahibkarlığın inkişafı ilə bağlı müəyyən addımlar atılsa da, hazırda bu sahədə istənilən irəliləyişə nail olunmayıb. Ekspertlərin fikrincə, bir sıra vacib qanunların qəbulunun gecikməsi bu sahədə mövcud problemlərin həllinə öz mənfi təsirini göstərir. Bu istiqamətdə vacib sənədlərdən biri də "Daxili ticarət haqqında" Qanun hesab edilir.

Doğrudanmı, adıçəkilən qanunun qəbul edilməsi ölkədə kiçik və orta sahibkarlığın inkişafında mövcud problemləri aradan qaldıracaq? Teref.az-ın məlumatına görə, iqtisadçı-ekspert Pərviz Heydərov Cebhe.info-ya bildirib ki, “Daxili ticarət haqqında” Qanunun qəbul edilməsi ilə iş bitmir:

“Bununla yanaşı, digər qanunların da, məsələn, Rəqabət Məcəlləsi kimi müvafiq hüquqi normativ aktların qəbulu və işlək olması tələb olunur. Yəni yalnız “Daxili ticarət haqqında” Qanunun qəbul edilməsi ilə kiçik və orta sahibkarlığın inkişafına istənilən səviyyədə yardım göstərmək mükün deyil. Ümumiyyətlə, bazarın özünün normal fəaliyyəti üçün rəqabət şəraitinin əlverişli şəkildə kök salıb, mövcud olması lazımdır. Bundan sonra “Daxili ticarət haqqında” Qanunun özünün də fəaliyyəti rəvan şəkildə baş tutacaq, həmin qanun, o cümlədən digər qanunlar da qənaətbəxş şəkildə icra olunacaq. Ancaq ilkin şərt, rəqabət şəraitini daxili bazarda təmin edə bilməyəcəyiksə, hazırda bu sahədə vəziyyət qeyri-qənaətbəxşdir. Nə qanun, nə bu sahədə müvafiq tələb olunan şərtlər var.

O zaman “Daxili ticarət haqqında” Qanunu hansı səviyyədə mükəmməl qəbul etsən də, o qanunun icrası da istənilən məsələlərin əldə olunmasına imkan yaratmayacaq. Söhbət kiçik və orta asahibkarlığın inkişafından gedir. Çünki ticarətdə ən mühüm aparıcı qüvvə rolunda sahibkarlığın kiçik və orta hissəsi daha fəal iştirak etməlidir. Bu, digər kapitalist, bazar iqtisadiyyatına sahib ölkələrdə də belədir. Ümümiyyətlə, bu bazar iqtisadiyyatı sisteminin əsas prinsiplərindədir ki, ticarətdə tələb və təklifin formalaşmasında, iqtisadiyyatın inkişafında xırda və orta sahibkarlıq aparıcı qüvvə rolunda çıxış etsin”.

Ekspertin fikrincə, bu gün ticarət inhisardadır və heç bir xırda istehsalla məşğul olan şəxs öz məhsulunu aparıb böyük marketin, ticarət şəbəkəsinin əli ilə satmaq istəməz:

“Çünki orada məhsulun qiyməti istər-istəməz dəyərindən aşağı düşəcək. Əgər söhbət iri satış mərkəzindən gedirsə, orada rəqabət mövcud deyil. Ən yeni istehsalçıların malları piştaxtalarda çoxluq təşkil edir. Qiymət amili də iri ticarət şəbəkələrində mövcud xərclərə əsasən şişmiş olur. Xırda sahibkarların da iri ticarət şəbəkələri vasitəsilə öz malını reallaşdırması nəticədə istehsala olan marağımızı avtomatik öldürməlidir. Çünki həmin məhsul ya orada ilişib qalacaq, ya da dəyərindən aşağı qiymətə satılacaq. Ona görə də kiçik və orta sahibkarların məşğul olduqları fəaliyyət sahələrinə, istehsal etdikləri məhsulda maraqlarının təmin olunmasına o zaman nail olmaq olar ki, o alıcı ilə birbaşa özü təmasda olsun, Onun bazara çıxışı asan xarakter daşısın.

Burada şərt yalnız istehsalla məşğul olmaq deyil. Əldə etdiyi məhsulu sahibkar olaraq özü bazara çıxara bilmirsə, həmin məhsulu iri tədarükçü yerindəcə almağa cəhd edirsə, o zaman təkrar istehsalla məşğul olmağa maraq qalmayacaq. Çünki əldə etdiyi gəlir növbəti ildə istehsalla məşğul olmağa maraq yaratmır. Ona görə də kiçik və orta sahibkarlğın inkişafında, “Daxili ticarət haqqında” Qanunun qəbulunda əsas prinsiplərdən biri bu olmaldır ki, onların bazara çıxışı asan xarakter daşısın, əlçatan olsun. Ortada başqa vasitəçilərin iştirakı ilə baş verməsin. İstehsalçının öz məhsulunu istehlakçıya çatdırmaq imkanı olsun”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.