DOST Agentliyi adından əlildən pul istənildi

14-05-2022, 09:26           
 DOST Agentliyi adından əlildən pul istənildi
Nazirlik hüquq-mühafizə orqanlarına müraciət etdiyini deyir

“Əlil qohumumun pensiya problemiylə bağlı qurumun rəsmi səhifəsinə müraciət etdim. Təxminən 2 saatdan sonra zəng gəldi, zəng vuran adam pensiya işini 400 manata həll edə biləcəyini təklif etdi. Dedi, yarım saata 200 manatı nağd ver, indiyədək almadığı 8 ayın pensiyası cümə gününədək karta köçəndə qalan 200 manatı da kartdan çıxaq”.

Gəncə şəhər sakini 26 yaşlı Məcid Poladov 3-cü qrup əlildir. Onda əlilliyə səbəb olan xəstəlik anadangəlmədir. Bu səbəbdən hərbi xidmətə də aparılmayıb. Rayonlararası Ruhi Əsəb Dispanserində “doğuş travmasından sonrakı debillik dərəcəsində olqofreniya, qıcolma tutmaları ilə” diaqnozu qoyulub. Əlilliyə görə 100 manat təqaüd alırmış. Məcid Poladovun yaxın qohumu Kamil Qasımov Meydan TV-yə danışır ki, 8 aydır Məcidin əlillik təqaüdü kəsilib.

DOST Agentliyinin “Facebook” səhifəsinə yazdı və…

Kamil Qasımov deyir, əvvəlcə əlili bir müddət Gəncə şəhər Psixonevroloji Dispanserin baş həkimi incidib. Anadangəlmə əlili lüzum olmadan 10 gün xəstəxanada yatırdıb, buna görə 100 manat pul alıb, “Forma-88” sənədini doldurmaq üçün əlavə 80 manat da istəyəndə Kamil Qasımov baş həkimin hərəkətlərindən Dövlət Təhlükəsizlik Xidmətinə və Baş Prokurorluğa şikayət yazıb. Paralel olaraq əlilin təqaüdlə bağlı problemini DOST Agentliyinin “Facebook” səhifəsindəki paylaşımlardan birinin altında da qeyd edib. Bundan sonra nə baş verib, Kamil Qasımovun özündən öyrənək:

“Məcid xəstə olduğuna görə ona bir çox işində mən yardımçı oluram, pensiyası kəsiləndən də ona kömək etməyə çalışıram. Mayın 9-da DOST Agentliyinin “Facebook” səhifəsindəki paylaşımlardan birinin rəy bölməsinə yazdım, kömək istədim. Mayın 10-da DOST Agentliyinin səhifəsinin admini şərh bölməsinə yazdı ki, bu barədə ətraflı şəkildə şəxsiyə – “Messenger” qutusuna bildirim, araşdırsınlar. Mən də yazdım, problemi bildirdim, Məcidin əlaqə nömrəsini də qeyd etdim. Təxminən 2 saatdan sonra Məcidin telefonuna zəng gəldi, Məcid fikrini aydın çatdıra bilmədiyinə görə zəng vuranla mən danışdım. Həmin şəxs bildirdi ki, adı Cavanşirdir, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirlriyinin DOST Agentliyində işləyir, əlilin 8 aylıq kəsilmiş pensiyasının ona ödənilməsinə və bundan sonra da pensiyasının aybaay almasına köməklik edə bilər. Buna görə Bərpa Mərkəzindən sənəd alınmalıdır və 400 manat versək, özü bunu həll edə bilər”.

Yarısını nağd, yarısını kartdan…

Kamil Qasımov həmin şəxsin telefon danışıqlarının səs yazısını da təqdim edib. Ayrı-ayrı səs yazılarından aydın olur ki, özünü Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Cavanşir adlı işçisi kimi təqdim edən şəxs bir neçə dəfə zəng vurub. Hər dəfə də sözünə “araşdırdım”, “aydınlaşdırdım” kimi sözlərlə başlayır.

Kamil Qasımovdan 400 manat müqabilində kömək edə biləcəyini deyir. Yarım saata 200 manat çatdırmasını, qalan 200 manatısa növbəti cümə gününədək əlilin təqaüd kartına yüklənəcək 8 aylıq təqaüddən çıxılacağını təklif edir. Bu pulun sənədi verməli olan Bərpa Mərkəzinin həkiminə çatacağını deyir. Ancaq Kamil Qasımov əlildə bu qədər pul olmadığını bildirir və həkimlə özü danışmaq üçün ondan əlaqələndirməsini xahiş edir, söhbət yarımçıq qalır.

“Kömək etmək istəmişəm”

Meydan TV müxbiri Cavanşir adlı şəxsin əlaqə nömrəsinə zəng vurub, “Whatsapp” üzərindən ismarıc yazıb. Nəhayət, həmin şəxs müxbirə elə “Whatsapp” üzərindən səsli ismarıcla cavab verib:

“Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində işləyirəm, işim müavinətləri yazmaqdır. Mən ona dedim ki, get Bərpadan sənədi al, gəl, mən səninçün burda qanuni yolla işini həll edim, almadığın ayları səninçün yazım. İndi getsin Bəpadan sənədini alsın, gəlsin mənim yanıma, mən sənədləri qəbul edim, işini düzəldim. Mən ona yol göstərdim, dedim, qardaş, bərpa elətdirmək üçün bax budur yolu, problem budur, indi belə qayda-qanun bilənsiz, bu neçə ayda niyə bərpa etdirə bilmirdiz? İndi gedin, özünüz həll etdirin”.

Özünü Cavanşir adıyla təqdim edən şəxs Meydan TV müxbirinə soyadını da bildirməyib. Onun “Getkontakt” məlumatlarını incələyərkən məlum olur ki, adı qeydlərdə “Prezident Administrasiyası”, “Eldar Mahmudov” və sair göstərilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirlriyinin mətbuat xidmətinin rəhbəri Fazil Talıbov Meydan TV-yə bunları bildirib:

“Biz araşdırdıq, məlum oldu ki, bu şəxsin yaxından-uzaqdan nazirliyə heç bir aidiyyəti yoxdur. Vətəndaş DOST Agentliyinin “Facebook” səhifəsindəki paylaşımın altında – hamıya açıq olan şərh bölməsində problemini yazarkən əlaqə nömrəsini də qeyd edib, həmin şəxs də nömrəni oradan götürərək vətəndaşa zəng vurub. Bizim nazirliyə həmin şəxslə bağlı başqa vətəndaşlardan da şikayətlər gəlib. Adı Cavanşir deyil, araşdırma zamanı məlum olub ki, ad-soyadı Vüqar Əhmədovdur. Sosial şəbəkələrdə vətəndaşların sorğularını gördükdə onlara müraciət edir və özünü nazirliyin əməkdaşı kimi təqdim edir, vətəndaşdan şəxsi məlumatları alır, pul müqabilində kömək edəcəyini vəd edir. Onun toruna düşmüş bir neçə vətəndaş hüquq-mühafizə orqanlarına müraciət edib. Nazirlik də bu məsələylə bağlı əldə etdiyi materialları hüquq-mühafizə orqanlarına təqdim edib”.шаблоны для dle 11.2


Loading...



Loading...





Loading...

Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.