İbtidai sinif müəllimlərinin sertifikasiyası əsl təhsil ekspertlərində niyə etiraz doğurub?..
18-05-2022, 11:07

“Müəllimlərin sertifikatlaşdırılması prosesinin birinci mərhələsində ibtidai təhsil səviyyəsi üzrə, təxminən, 11 min nəfərin ilkin qiymətləndirilməsi təmin ediləcək”. Bunu Təhsil Nazirliyinin İnsan Resursları şöbəsinin müdiri Eşqi Bağırov deyib. O bildirib ki, mərhələli şəkildə növbəti illərdə digər müəllimlərin də cəlb olunması planlaşdırılır.
Təhsil İnstitutunun direktoru Rüfət Əzizov isə müəllimlərin sertifikatlaşdırılması prosesinin birinci mərhələsinə məhz ibtidai təhsil səviyyəsi üzrə çalışan müəllimlərin cəlb olunmasına aydınlıq gətirib. O deyib ki, təhsildə məzmunla bağlı islahatlar məhz ibtidai siniflərdən başlayır.
R.Əzizovun sözlərinə görə, ibtidai siniflər təhsilin vacib pilləsidir: “Çünki həmin mərhələdə qazanılan biliklər gələcək nailiyyətlərə də təsir edir. Müxtəlif təhlillər də onu göstərir ki, şagirdlərdə oxuyub-anlama, riyazi mülahizələrin yaxşılaşdırılmasına ehtiyac var. Bu da ibtidai sinifdən başlayır. Ona görə ilk növbədə həmin səviyyə üzrə qiymətləndirilmə aparılacaq”.
Ümumiyyətlə, ekspertlərin çoxu hesab edir ki, sertifikatlaşdırmaya ibtidai sinif müəllimlərindən başlanılması kökündən yanlışdır, bu, təhsil üçün ziyanlıdır. Ekspertlərin fikrimcə, ona görə ki, bu proses ibtidai sinif müəllimlərinin tez-tez dəyişdirilməsinə çevriləcək. İbtidai sinif müəllimlərinin eyni sinifdə stabil şəkildə ibtidai təhsil başa catana qədər qalması çox əhəmiyyətli bir məsələdir. Amma onların sertifikasiyaya cəlb olunması o deməkdir ki, müəllim sertifikasiyadan keçə bilməsə onun yerinə başqası gələcək, bu
da şagirdlərdə ciddi psixoloji problem yaradacaq. Bu, hətta bəzən bir ibtidai sinifdə bir neçə müəllimin dəyişməsinə gətirə bilər.
Bu ziyanlı tendensiyaya təhsil ekspertləri nə deyir?
Həbib Zərbəliyev: “Bu nə ibtidai, nə də yuxarı sinif müəllimlərinə lazımdır”
Professor Həbib Zərbəliyev “Bakı-Xəbər”ə bildirdi ki, nəinki ibtidai sinif müəllimlərinin, bütövlükdə müəllimlərin sertifikasiyaya cəlb edilməsi vaxt itkisindən başqa bir şey deyil: “Mən serifikasiya problemlərindən bir neçə ildir uzaqlaşmışam. Amma bu prosesin özü müəllimlərin vaxtını itirməsindən başqa bir şey deyil. Yaxşı müəllim həmişə yaxşı müəllimdir, öz üzərində çalışır. Setifikasiyada min cür hoqqalar çıxarılır. Hamısını eşidirik. Azərbaycan kiçik bir ölkədir, ona görə də hər şey hamıya məlum olur. Bunlar vaxt aparmaqdan başqa bir şey deyil. Bu nə ibtidai, nə də yuxarı sinif müəllimlərinə lazım deyil. Mənim fikrim birmənalı olaraq belədir. Əlbəttə, bu ziyanlı bir haldır. Müəllimə diplom veriblər. Müəllimin sertifikasiyaya cəlb olunması o deməkdir ki, o sertifikasiyadan keçə bilməsə ona diploma verən universiteti bağlamaq lazımdır. Müəllim ali məktəbi bitirib gəlib, orta məktəbdə nə qədər təcrübə əldə edib. Necə ola bilər ki, təcrübəli bir müəllim sertifikasiyadan keçə bilməsin? Serifikasiya keçirib müəllimləri yoxlayanların özlərini yoxlamaq lazımdır ki, görək bunu keçirməyə layiqdirlər ya yox? Adam Oksfordu bitirib gəlib və Təhsil Nazirliyində dünənki uşaq onu sorğu-suala çəkir ki, yox, hələ sən hazır deyilsən. Belə şey olar? Kiminsə adamını gətirib oturdublar orada sənin taleyini o həll edir”- deyə H.Zərbəliyev vurğuladı.
Kamran Əsədov: “Sertifikasiyanın ilk növbədə könüllü olması planlaşdırılır”
Tanınmış təhsil eksperti Kamran Əsədov isə ilk növbədə qeyd etdi ki, orta ümumtəhsil məktəblərində çalışan müəllimlərin attestasiyası axrıncı dəfə 1994-cü ildə tətbiq edilib. “Bundan sonra çalışanların biliklərinin yoxlanılması üçün heç bir addım atılmayıb. Yalnız 2014-cü ildə müəllimlərin diaqnostik imtahanları keşrilməyə başlandı. 2017-ci ilə qədər davam edən prosesdə 142 mindən çox müəllim iştirak etdi ki, onların 45 faziə qədərinin nəticəsi qənaətbəxş deyildi. Ona görə də yeni bir yoxlama mexanizminə keçmək lazım idi. Yeni tətbiq ediləcək sertifkasiya attestasiyanın adının dəyişdirilmiş formasıdır. Hesab edirəm ki, bu proses ən yaxşı təhsilverənlərin müəyyənləşdirilməsinə, tədrisin keyfiyyətinin qaldırılması üçün minimal səviyyədə bir standartın tətbiq edilməsinə imkan verəcək. Sertifikasiyanın ilk növbədə könüllü olması planlaşdırılır, amma bir müddətdən sonra onun da müəyyən formada məcburi olması tətbiq edilməlidir. Sertifikasiya ilə attestasiyanın oxşarlığı olsa da, müəyyən fərqləri var. Belə ki, birincisi sertifikasiya tam şəkildə attestasiya deyil. Sertifikasiya keçən müəllimə onun bilik və bacarığına müvafiq olaraq, differensial əmək haqqı da tətbiq edilə bilər. Hazırda ölkədə müəllimlərə əmək haqqı yalnız onların təhsil səviyyəsinə və stajına uyğun verilir. Amma differensial əmək haqqı tətbiq olunarsa - bunun adı üzərində iş gedir - artıq müəllimə təhsilinə və stajına görə deyil, onun bilik və bacarığına, yəni sertifikasiya imtahanında göstərdiyi qabiliyyətə uyğun əmək haqqı verilməsi planlaşdırılır. Bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlər də sertifikasiyaya iştirak edə bilərlər.
Qeyd edim ki, diaqnostik qiymətləndirmədə müəllimin ixtisas və metodiki bilikləri nəzərə alınır, amma onun peşəkarlığı ilə bağlı bütün cəhətlər nəzərə alınmır. Çünki diaqnostik qiymətləndirmənin özünün xidmət etdiyi konkret istiqamət var. Amma sertifikasiyanın daha geniş formatda olması vacibdir. Hesab edirəm ki, attestasiyanın yerinə tətbiq ediləcək. Sertifikasiya zamanı müəllim yalnız test imtahanı verməsin, o, həm də müsahibə mərhələsindən keçsin. Yaxud müəyyən müəllimlərdən bilik və bacarıqlardan başqa qabiliyyət imtahanı verməsi də tələb olunsun”.
Elçin Əfəndi: “Burada artıq tanışlıq, rüşvət, korrupsiya məqamları olmamalıdır”
Digər tanınmış təhsil eksperti Elçin Əfəndi isə sertifikasiyanın ibtidai sinif müəllimlərindən başlanmasına şərh verərkən bildirdi ki, proses mərhələli şəkildı həyata keçiriləcək. “Ümumilikdə, sertifikasiyanın keçirilməsinin müsbət məqamları çoxdur. Özünüz də bilirsiz ki, indiyə qədər nə qədər saxta diplomla müəllim işləyənlər var. Eyni zamanda başqa sahələri bitirib müəllimliyə aidiyyəti olmayan adamlar da var ki, pedaqoji fəaliyyətlə məşğuldurlar. Bununla da onların ələnməsi prosesinə start verilir. Qaldı ki, proses niyə ibtidai sinif müəllimlərindən başlanılıb? Bu prosesə mərhələli şəkildə ibtidai sinif müəllimlərindən başlanılıb, sonra fənn müəllimləri də sertifikasiyadan keçəcəklər. Əlbəttə, imtahan keçiriləcəksə, burada təbii ki, hər hansı bir müəllimin əmək müqaviləsinə xitam verilə bilər. Sertifikasiyanın iyun ayına salınması təasdüfi deyil, çünki tədris ili başa çatır. Bir şagird bir müəllimə öyrəşsə də, o bilsin həmin müəllim sertrifikasiyadan keçməsin. Ortada bir neçə aylıq dövr var və həmin şagirdlər yeni müəllimi dərs zamanı tanıya biləcək. Şagird üçün vacib olan amil odur ki, ona dərs deyən müəllim savadlı olsun, müasir texnologiyaları bilsin, onlarla işləsin və s”.
Sertifikasiya prosesində müəyyən qanunsuzluqların olduğu haqda fikirlər var. Xüsusən, müsahibə prosesində müəllimlər problemlərlə üzləşir. Bu məsələyə gəlincə, mütəxəssis bildirdi ki, sertifikasiya keçirilirsə mütləq burada obyektivlik qorunub saxlanılmalıdır. “Burada mütləq şəffaf bir vəziyyət olmalıdır. Orada filankəsin qohumudur, tanışıdır, bu bu qədər ödəniş edib onu mütləq seritifkasiyadan keçirmək lazımdır, yaxud kimsə kiminsə qohumudur deyə sualları ona verməlidir. Təbii bu məqamlara mütləq nəzarət olunmalıdır. Əks halda, köhnə hamam, köhnə tas olacaq. Əlinin papağını Vəlinin başına qoymaqla biz heç nəyə nail ola bilməyəcəyik. Burada artıq tanışlıq, rüşvət, korrupsiya məqamları olmamılıdır. Əks halda effekt olmayacaq.
Burada bir müsbət məqam da ondan ibarətdir ki, müəllimlərin işə qəbulunda 8-9 min yer çıxarılırdı. İndi ən azından gözləyirik ki, təxminən 12-13 min yer çıxarılacaq. Bu da işsiz ordunun müəyyən bir hissəsin işlə təmin olunmasına gətirib çıxaracaq”-deyə E.Əfəndi qeyd etdi.
İradə SARIYEVA
Bakixeber.com