BŞİH Qarabağ qazilərinin mitinqlə bağlı müraciətinə cavab vermir
3-06-2022, 16:15

Qarabağ qazilərinin sosial tələblərlə bağlı 11.06.2022-ci ildə mitinq keçirmək barədə müraciətinə Bakı şəhər İcra Hakimiyyəti (BŞİH) iki həftə keçsə də, hələ də cavab verməyib. Bu isə kobud qanun pozuntusudur. Təşkilat komitəsi mitinqin razılaşdırılması üçün şəhərin iki yerini -Nərimanov metrosunun yanındakı bağı və Nizami rayonunda metronun “Xalqlar dostluğu” stansiyasının çıxışındakı Heydər Əliyev parkını təklif edib. “Sərbəst toplaşmaq azadlığı haqqında” qanunun tələbinə uyğun olaraq müraciət onun vaxtına ən azı beş gün qalmış verilməlidir. Artıq üç beş gün keçir, amma BŞİH hələ də cavab verməyib. Yəqin hər çağ olduğu kimi, nəzərdə tutulan vaxtdan sonra mitinqin keçirilməsi məqsədəuyğun sayılmayacaq, hər çağ olduğu kimi, BŞİH məhkəməyə veriləcək və Bakı İnzibati Məhkəməsi də 2 günə baxıb qərar qəbul etməli olduğu halda, mümkünlük iclasını 3 ay sonraya təyin edib, aylarla -illərlə qərarını belə verməyəcək.
Bir daha “Sərbəst toplaşmaq azadlığı haqqında” qanunun 10 -cu maddəsinin toplantı haqqında müvafiq icra hakimiyyəti orqanlarının qərarlarının tədbirin təşkilatçılarına azı üç iş günü qalmış yazılı şəkildə çatdırılması haqqında tələbini BŞİH-in, 11-ci maddənin şikayətə iki gün müddətində baxılmalı olması haqqında tələbini Bakı İnzibati Məhkəməsinin “qanunazidd diqqətinə” çatdırırıq.
Nə qədər ki, BŞİH, məhkəmə hakimiyyəti qanuna qadağa qoyacaq, Qarabağ qazilərinin icazəsiz aksiyaları sürəcək.
Məğrur Bədəlsoy