Göyçayın avtonəqliyyat idarəsi necə kolxoz bazarı oldu?

1-05-2016, 12:45           
Göyçayın avtonəqliyyat idarəsi necə kolxoz bazarı oldu?
“Göyçay Avtonəqliyyat” ASC-nin sədri Arif Əliyev illərdir İsmayılovlar ailəsinə qan uddurur. 17 ildir bu vəzifəni tutan ASC sədri idarəni darmadağın edərək öz şəxsi mülkünə çevirib; avadanlıqları satıb, işçiləri qovub və səhmləri mənimsəyib. İdarəni kolxoz bazarına çevirib taladıqları ilə yanaşı həm də külli miqdarda vergilərdən yayınıb.

Bu şikayətlə virtualaz.org saytının redaksiyasına rayon sakini Rüstəm İsmayılov müraciət edib. Şikayətçinin sözlərinə görə, ailəsi 22 il əvvəl İcra Hakimiyyətinin imzaladığı müddətsiz müqavilə əsasında aldığı və şəxsi vəsaiti hesabına tikdiyi çörəkbişirmə sexindən istifadə edə bilmir. Həmin illərdə çörək qıtlığını nəzərə alıb bu sexi açsalar da, cəmi bir neçə il fəaliyyət göstərib. Ailənin qara günləri 1999-cu ildə Arif Əliyevin vəzifəyə gəlməsindən sonra başlanıb.

“Əlimizdə sənədlər var ki, 1994-cü il dekabrın 20-də rayon İcra Hakimiyyətinin 661 nömrəli sərəncamı və 1995-ci il yanvarın 5-də 2723 saylı avtodəstənin rəisi Məmmədov Mehman tərəfindən imzalanmış müddətsiz müqavilə əsasında, şəxsi vəsaitimiz hesabına 80 m² çörəkbişirmə sexini inşa etmişik. Həmçinin 1996-cı il mayın 1-də “Avtonqəliyyat”ın yeni rəisi Ağadadaş Səfərov ilə 80 m² tikintiyə əlavə olaraq 371 m² boş torpaq ərazisinin verilməsi ilə bağlı müqavilə bağlanıb. 1997-ci il martın 12-də rayon İcra Hakimiyyətinin baş memarı Cümşüd Zeynalov tərəfindən 7 nömrəli möhürlü sənəd və “sxem”lə tikintinin “Avtonəqliyyat”a aid olmayan qarşı tərəfində (3x50m) açıq talvarın tikilməsinə rəsmi sənədlə icazə verilib”.

1998-ci ildə səhhətində yaranan bəzi problemlərlə bağlı Almaniyaya müalicə almağa getdiyini deyən R.İsmayılovun sözlərinə görə, etibarnamə əsasında həmin tikintini, boş torpaq sahəsini və açıq talvardakı ticarət mərkəzini atası İsmayılov İsmayıla həvalə edib.

“1999-cu ildə “Avtonəqliyyat”dan tamamilə anlayışı olmayan və ixtisasca şərabçı olan Arif Əliyev bacarmadığı bir sahədə fəaliyyətə başladığı gündən zərərçəkmişlərin savadsızlığından istifadə edərək, qanunda nəzərdə tutulan hüquqlarını pozaraq rəsmən cinayətlər törədib. Vergiləri vaxtı-vaxtında ödənsə də, çörəkbişirmə sexinin qapı pəncərəsini hər iki tərəfdən qanunsuz daş hasarlarla hördürüb, icarədə olduğu halda 371 m² boş torpaq sahəsini ayırıb və həmçinin “Avtonqəliyyat”a aid olmayan hasarın arxasındakı açıq ticarət talvarını gələcək niyyətləri naminə qanunsuz sökdürüb”. Bunu deyən şikayətçinin sözlərinə görə, bununla da böyük bir ailənin gəlir mənbəyi tamamilə iflic olub.

“Məhz bu səbəbdən də 2007-ci ildə yaşayış və müalicəsi üçün maddi sıxıntıya tab gətirməyən atam İsmayıl İsmayılov, daha sonra 2014-cü ilin ilk ayında eyni səbəblər üzündən nəvəsi Elvin İmsayılov dünyalarını dəyişiblər. Hal-hazırda ailəmizdə 3 rəsmi əlil və 74 yaşlı xəstə ahıl eyni maddi sıxıntılarlarla və xəstəliklərlə hələ də mübarizə aparır“, – bunu R.İsmayılov deyib.

Şikayətçi həmçinin bildirir ki, Arif Əliyev ailənin savadsızlığından istifadə edərək onların 8 səhmini də mənimsəyib. Ailənin istəyi isə Arif Əliyevin «Göyçay-Avtonəqliyyat» ASC rəhbərliyində olduğu dövrdəki (1999-2016) fəaliyyətinin yoxlanılmasıdır

“Göyçay-Avtonəqliyyat” ASC yoxdur, əvəzində həmin ərazidə qanunsuz bazar var. Bir dənə də olsun istismara yararlı nəqliyyat vasitəsi yoxdur. “Göyçay-Avtonəqliyyat” ASC-nin nəyə xidmət etdiyi məlum deyil. ASC 17 ildir Arif Əliyevin sədrliyi ilə fəaliyyət göstərir, ancaq hər hansı bir müasir texnika ilə təchiz olunmayıb. Gələn gəlirlər hara gedib? Bunların hamısı ciddi şəkildə yoxlanmalıdır. Təəssüflər olsun ki, bu günə qədər bu cinayətlərin dayandırılması üçün heç bir tədbir görülməmiş və görülmür, tam əksinə, ondan sonra da bir neçə tikililəri söküb, əvəzində “Avtonəqliyyat”a aid olmayan bazar ərazisini genişləndirib və bir neçə dükan açıb”, – deyə şikayətçi qeyd edib.

R.İsmayılov bildirir ki, anası İsmayılova Zemfira 2008-ci ildə prezident İlham Əliyevə etdiyi müraciətdən sonra Arif Əliyev öz həddini aşaraq hətta prezidentə belə yalan məlumatlar verməkdən çəkinməyib. Bildirilib ki, guya R.İsmayılov 80 kv metr tikintini qanunsuz tikdirib, torpağı hüquqi əsası olmayan icarə müqaviləsi ilə əldə edib və “Avtonəqliyyat” ərazisində başqa məqsədlər üçün torpaq ayrılması qanuna ziddir.

Şikayətçi bildirir ki, vəziyyət o qədər dözülməz hal alıb ki, A.Əliyevin özbaşınalığı nəticəsində öz ölkələrini tərk etmək, vətəndaşlıqlarını itirmək təhlükəsi altında qalıblar. İsmayılovlar ailəsi A.Əliyevin qanunsuz əməllərindən prokurorluğa və məhkəməyə cinayət məcəlləsinin 125, 178, 308, 313, 314-cü maddələri şikayət etsə də, nəticəsi olmayıb. Ailə yeganə çıxış yolu kimi prezidentə üz tutub.
Virtualaz.org sənədləri və fotomaterialı təqdim edir.
Qarşı tərəfin fikirlərini dinləməyə hazırıq!
teref.az
















Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.