4.500 illik mübahisəyə nöqtə qoyulur: Piramidalar kim tərəfindən tikilib?
Bu gün, 11:31

Misir piramidalarını kimin inşa etdiyi sualı min illərdir gündəmdədir və bu mövzu müxtəlif fərziyyələrin əsasını təşkil edir. Lakin arxeoloqların Böyük Piramidanın daxilində apardığı son kəşf bu mübahisəyə son qoyacaq gücdədir.
Tribunainfo.az xəbər verir ki, Misir piramidalarının inşası ilə bağlı fikirlər 4.500 ildir müzakirə olunur. Məsələn, qədim yunan mənbələrində bildirilir ki, piramidalər 20 il ərzində üç aylıq növbələrlə çalışan 100 min qul tərəfindən tikilib. Lakin Böyük Piramidanın daxilində son dövrlərdə aşkar edilən yazılar bu düşüncəni dəyişə bilər.
İlk dəfə üzə çıxdı
Tapılan yazılar piramidaların hər 10 gündə bir gün istirahət edən və maaşla çalışan peşəkar işçilər tərəfindən tikildiyini göstərir. Dünyaca tanınmış misirşünas Dr. Zahi Həvvas və komandası yaxın günlərdə “Kral otağı”nın üstündə yerləşən bir sıra otaqları müxtəlif görüntüləmə texnologiyaları ilə araşdırıb. Nəticədə eramızdan əvvəl XIII əsrdə yaşamış insanların divarlara yazdığı və indiyədək üzə çıxmamış yazılar kəşf olunub.
Bundan əlavə, piramidanın cənub hissəsində bir neçə qəbir aşkar edilib. Qəbir daşlarının üzərində daş daşıyan insan heykəlləri və heroqliflə yazılmış “piramidanın yan hissəsinin nəzarətçisi”, “sənətkar” kimi ifadələr bu məzarların tikintidə iştirak etmiş peşəkar işçilərə aid olduğunu göstərir.
“Qul olsaydılar, belə dəfn edilməzdilər”
“Daily Mail”in məlumatına görə, “Limitless” podkastına qonaq olan Dr. Həvvas bildirib:
“Bu kəşflər piramidaların qul əməyi ilə tikilmədiyini sübut edir. Əgər bu adamlar qul olsaydı, piramidaların kölgəsində dəfn edilməzdilər. Qullar, padşah və kraliçalar kimi məzarlarını əbədiyyətə hazırlamazdılar”.
Yeni tapıntılar tikinti texnikasını da aydınlaşdırır. Məlum olub ki, təxminən 300 metr məsafədə yerləşən karxanadan çıxarılan əhəngdaşı parçaları çınqıl və palçıqla hazırlanmış rampalar vasitəsilə tikinti sahəsinə sürüklənib. Bu rampaların qalıqları da piramidanın cənub-qərbində tapılıb.
Hazırda Dr. Həvvas yeni bir layihə üzərində çalışır. Beall tərəfindən maliyyələşdirilən layihəyə əsasən, Böyük Piramidaya robot göndəriləcək. Bu da müasir dövrdə ilk dəfə piramidanın dərinliklərinə giriş imkanı yaradacaq.

Əvvəllər də yazılar tapılmışdı, lakin…
Dördüncü Sülalə dövründə hökmranlıq etmiş firon Xeops tərəfindən tikdirilən Böyük Giza Piramidası Misirin ən böyük piramidası hesab olunur. Giza platosunda bu piramidadan başqa Kefren və Mikerinos piramidaları, həmçinin Böyük Sfenks yerləşir.
Bu tikililərin quruluş metodları, səmavi cisimlərlə uyğunluğu və məqsədləri hələ də müzakirə olunur.
XIX əsrdə də piramidanın daxilində bəzi yazılar tapılmışdı, lakin onların yüz illər sonra yazıldığı və saxta olduğu iddia olunmuşdu. Beall, Dr. Həvvasa həmin yazıları xatırladaraq “Bu yazıların saxta olub-olmaması müzakirə olunurdu. Amma siz indi “Kral otağı”nda üç yeni yazı aşkar etdiyinizi deyirsiniz” ifadəsini işlədib.
Müasir dövrdə saxtasını yaratmaq mümkün deyil
Dr. Həvvas daha əvvəl ictimaiyyətə təqdim olunmamış görüntüləri göstərərək, yazıların çox dar və çətin keçilən otaqlarda tapıldığını bildirib. Bu yazılar yalnız təlim keçmiş misirşünaslar tərəfindən oxuna biləcək üslubda yazılıb. Həvvas qeyd edib:
“Bu cür otaqlara daxil olmaq üçün 10 metrdən çox hündürlüyə qalxmaq və dar yerlərdən sürünərək keçmək lazımdır. Günümüzdə bu cür yazıların saxtasını yaratmaq demək olar ki, mümkün deyil”.
Dr. Həvvas avropalı səyahətçilərin XVIII əsrin sonu və XIX əsrdə piramidalara daxil olaraq daşlara adlarını həkk etdiyini təsdiqləsə də, yeni tapılan yazıların çox daha qədim olduğunu və piramidaların tikintisində iştirak etmiş misirli işçilərə məxsus divar yazıları olduğunu bildirib.
Tikinti alətləri də qəbirlərdə yerləşdirilib
Həvvas bu yazılarla yanaşı, inşaat işçilərinin məzarlarının tapılmasını da əhəmiyyətli kəşf adlandırıb. O qeyd edib ki, məzarların içində çaxmaqdaşı alətlər və döymə taxtaları kimi tikintidə istifadə edilən vasitələr də aşkar edilib.
Dr. Həvvasın sözlərinə görə, Böyük Piramidanın təməli nəhəng bir qaya üzərində yerləşir. Bu qaya yerin altına doğru 8,5 metr dərinliyində oyulub. O bildirib:
“Kvadrat təməl ölçüləndikdən sonra işçilər dörd tərəfdən qayaları kəsməyə başlayıblar və nəticədə sərt qaya üzərində düz platforma formalaşdırıblar. Bu işin izlərini bu gün Xeops piramidinin cənub tərəfində görmək mümkündür.”
Həvvas əlavə edib ki, işçilər qruplar halında işləyib: “Bəziləri daşları kəsib, bəziləri onları formalaşdırıb, digərləri isə materialları taxta xizəklərlə qum üzərində daşıyıb. Daha sonra isə rampalar vasitəsilə daşlar yerinə yerləşdirilib və bu rampalara dair sübutlar da tapılıb.”

Həvass həmin görüntüləri “Beall”ın podkastında dünya ilə paylaşıb
Rampaların izləri tapılıb
Dr. Həvvas bildirib:
“Rampa piramidanın cənub-qərb küncündən başlayıb daş karxanasına qədər uzanırdı. Biz bu ərazidə qazıntılar apardıq və çınqıl, palçıq və qumla qarışdırılmış materialdan hazırlanmış rampanın qalıqlarını tapdıq. Rampadan istifadə başa çatdıqdan sonra hər şeyi yox etməyiblər. Biz isə qalan hissələri üzə çıxardıq”.
Gündəlik ət istehlakı da müəyyənləşib
Dr. Həvvas həmçinin həmkarı Mark Lennerin piramidanın şərq hissəsində qazıntılar apardığını və “işçi şəhəri” adlandırdıqları ərazini ortaya çıxardığını deyib. Bu bölgədə duzlanmış balıqların ayrıldığı bir obyekt, çörək bişirilən iri soba, barakalar və işçilərin yaşadığı yerlər tapılıb.
Həvvas deyib:
“İşçilərin yalnız soğan, sarımsaq və çörək yediyi barədə məşhur bir əfsanə var. Lakin biz qazıntı yerində minlərlə heyvan sümüyü tapdıq. Çikaqo Universitetindən bir mütəxəssis bu sümükləri analiz edərək, hər gün 11 mal və 33 keçinin kəsildiyini müəyyənləşdirdi. Bu miqdar təxminən 10.000 işçini doyurmaq üçün yetərlidi”.
“Böyük boşluqda” nə var?
Dr. Həvvas “Beall” tərəfindən dəstəklənən “Böyük boşluq” layihəsi barədə də məlumat verib. Layihə çərçivəsində cəmi 1 santimetr ölçüsündə olan bir robot Böyük Piramidanın divarına açılacaq kiçik bir dəlikdən içəri göndəriləcək.
2017-ci ildə aşkar edilmiş “Böyük boşluq” Kraliçanın otağı ilə Kralın piramidanın mərkəzindəki otağını birləşdirən “Böyük qalereya” adlı dəhlizin üstündə yerləşir və ən azı 30 metrlik sahəni əhatə edir.
Dr. Həvvas bu boşluqda Xeopsun itmiş lahdi ilə qarşılaşacaqlarına inandığını bildirib. Beall isə bu fikrə qarşı çıxaraq deyib:
“Bunun bir lahit olması çətin görünür, çünki əsas piramidaların heç birində fironun özü aşkar edilməyib”.
Layihənin gələn ilin yanvar və ya fevral ayında başlaması planlaşdırılır.
Qaynarinfo