Nazirə tərs sual: Azərbaycanlı uşaqlar Ermənistanda bağçaya getməlidir?
28-08-2022, 13:23

Hər il yay fəsli başlayanda günüm qara olur. Ona görə yox ki, istiyə dözümüm yoxdur, yaxud kondisionerin altında oturanda özümü pis hiss edirəm. Yox, əşşi, biz dözümlü xalqıq, başımız çox müsibətlər görüb. İsti, soyuq bizə nə edə bilər?!
Məşhur tamaşada deyildiyi kimi, göbələk deyiləm, mənim də çoxlu qohum-əqrəbam, dost-tanışım var. Onların içində qocası da var, cavanı da. Təbii ki, hər birinin özünə görə dərd-səri, qayğıları var. Elə yay mövsümündə mənim günümü qara edən də bu qohum-əqrəbanın, dost-tanışın dərd-səri, qayğılarıdır.
Həmişə əsas problem təhsillə bağlı olub. Aydın məsələdir ki, qohum-qardaş məndən uşaqlarına hərf öyrətməyi xahiş etmir. Onların əsas dərdi azyaşlı övladlarını bağçaya, məktəbə yerləşdirə bilməməkdir. Məsələ ilk baxışda sadə görünsə də, olduqca mürəkkəbdir. Bildiyiniz kimi, hazırda bağçalara və məktəblərə qəbul onlayn qaydada aparılır. Hər bir valideyn rahatlıqla onlayn qeydiyyatdan keçsə də, bundan sonra onun qarşısına daş dığırlayırlar. Başqalarını deyə bilmərəm. Şəxsən mənim qohum-əqrəbalarıma, dost-tanışlarıma, yaxınlarıma həmişə eyni cavab verilib: “Yerlər dolub”.
Təhsil eksperti Kamran Əsədov bununla bağlı həyəcan təbili çalıb. Kamran müəllim deyib ki, bu cür səriştəsiz idarəetmə üzündən sentyabrın 15-də çox sayda uşaq məktəbə gedə bilməyəcək.
Mən təhsil eksperti deyiləm, məsələnin incəliyini bilmirəm. Bildiyim bircə odur ki, hər bir Azərbaycan vətəndaşının pulsuz təhsil almaq, bağçaya və məktəbə getmək hüququ var. Elm və Təhsil Nazirliyinin vəzifəsi isə bu hüquqları təmin etmək, nəinki Bakıda, Şəkidə, hətta ucqar dağ kəndində belə bircə uşağın da təhsildən yayınmasına imkan verməməkdir.
Azərbaycan kiçik ölkədir, demək olar ki, hamı bir-birini tanıyır. Əgər bağçalara və məktəblərə qəbulda “ərazi prinsipi” əsas götürülürsə, Yasamal rayonunda yaşayan uşaq Səbail rayonunda yerləşən məşhur məktəbə necə yol tapa bilir? Kamran Əsədov saytımıza bu gün verdiyi açıqlamada Elm və Təhsil Nazirliyinin rəhbərliyinə təklif edib ki, Bakı şəhərində fəaliyyət göstərən beş məşhur məktəbə qəbul olan uşaqların FİN kodları açıqlansın. Biz də bilək ki, həmin uşaqlar “ərazi prinsipi” əsasında o məktəbdə oxuyur, yoxsa, rüşvət və tanışlıq hesabına…
Mən həmişə məktəbin və müəllimin bir nömrəli müdafiəçisi olmuşam. Xirtdəyə qədər problemlərin olduğu bir ölkədə hər fürsətdə məktəbin və müəllimin hədəfə götürülməsinin və qaralanmasının əleyhinəyəm. Amma gərək məktəb və müəllim də öz missiyasına uyğun fəaliyyət göstərsin, rüşvətdən, yalan və talanda uzaq olsun. Dostlarımın, qohum-qardaşımın, iş yoldaşımın qapı arxasında qalan övladları Azərbaycan vətəndaşıdır. Onlar Ermənistanda, Gürcüstanda, Rusiyada deyil, məhz Azərbaycanda bağçaya, məktəbə getməlidirlər.
Eşidirsinizmi, cənab nazir?!
Seymur VERDİZADƏ