“Dövlət ev tikib 150 manata verməlidir...” - ÇAĞIRIŞ
5-09-2022, 12:16

Bu günə qədər İpoteka və Kredit Zəmanət Fondu (İKZF) 40 072 borcalana 2 milyard 252,519 milyon manat kredit verib.
Bu barədə İKZF-nin açıqlamasında bildirilir. Bundan başqa, qurum bəyan edib ki, indiyə qədər 319,671 milyon manat məbləğində biznes kreditlərinə zəmanət verilib, 2 203 mənzil isə kirayəyə vermək yolu ilə realizə edilib. Xatırladaq ki, Fond 2017-ci ilin sonunda “Azərbaycan İpoteka Fondu” və “Kredit Zəmanət Fondu” ASC-lərin birləşməsi nəticəsində yaradılıb və onların hüquqi varisidir.
Qeyd edək ki, bu gün kredit verilməsi ilə bağlı müxtəlif layihələr gerçəkləşdirilsə də, hazırda kirayədə yaşayan insanların sayı kifayət qədərdir. Bunun səbəbi isə odur ki, bugünkü kredit layihələri heç də əhali üçün əlaçatan deyil. Bu layihələrdən müəyyən qism vətəndaş yararlana bilir. Bununla yanaşı, kirayədə yaşayan vətəndaşlar əmək haqqlarının əksər hissəsini kirayəyə ödəməli olurlar. Dövlət tərəfindən binalar tikilib, kirayədə yaşayan vətəndaşlara daha ucuz qiymətə təqdim edilərsə, buradan nəinki vətəndaş, dövlət də yararlana bilər.
Niyə bu gün dövlət bu cür layihələri reallaşdırmır? Teref.az-ın məlumatına görə, daşınmaz əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev Cebhe.info-ya bildirdi ki, Dövlət Kredit və Zəmanət Fondunun nəzdində yaranmış mənzillərin kirayə öhdəliyi ilə ötürülməsi və satışı mexanizmi vasitəsilə təxminən 2200-dən çox vətəndaş mənzil sahibi olub:
“Bu, çox müsbət addımdır və iki il ərzinə böyük bir göstəricidir. Burada digər layihələrdən fərqi nədədir? Digər ipoteka kreditlərində vətəndaşdan rəsmi iş yeri və maaş tələb olunur ki, həmin maaş alacağın ipotekanın kreditini ödəməlidir. Digər sosial xərclər çıxılır, öz xərcin və nəhayət, yerdə qalan pul onu ödəyirsə ipoteka krediti verilir. Bu layihədə illik faiz dərəcəsi 4 -dür. Digər kreditlərdə 8, daxili kreditlərdə isə 10-12 faizdir. Sığorta xərci yoxdur. Sadəcə bəlli binalar var ki, mənzillər yalnız Bakı, Sumqayıt, Abşeron ərazində olan binalardadır. Qiymətlər də aylıq ödənişi həmin eyni tipli yeni binalarda kirayə qiymətlərindən bir qədər aşağıdır. Ancaq ümumən vətəndaşlara daha ucuz evlər lazımdır. Bu gün həmin kirayə öhdəliyi ilə verilən mənzillər deyil, başqa daha asan layihə olsun, qiymətlər yenə baha başa gəlir. Səbəb nədir? Azərbaycanda, xüsusən Bakı şəhərində mənzillərin qiyməti çox bahadır. Yəni mənzilin ümumi dəyəri baha olduğuna görə onu ən aşağı faizlə versələr belə, aylıq ödənişi, məsələn, 300 manatdan baha olur. MİDA-nın tikdiyi binalar dövlət sifarişi ilə tikilib. Həmin binalarda torpaq sahəsini dövlət verib, qurum sifarişlə bina tikib. Bu mənzillər əslində həmin ərazidəki mənzillərin satış qiymətlərindən çox aşağıdır. Çünki xərc az olduğuna görə satılan mənzillərin aylıq ödənişi çox aşağıdır. Ancaq aztəminatlı insanlar üçün dövlət özü torpaq sahəsi ayırıb, dövlət sifarişi ilə binalar tikdirsə burada xərc əmsalı aşağı düşür. Çünki tikintinin maya dəyərini ən çox artıran torpağın qiymətinin baha olmasıdır”.
Ekspert deyir ki, ucuz kirayə evlər Avropa ölkələrində var:
“Belə ki, Avropa ölkələrində bələdiyyələrin özlərinin sosial binaları olur. Həmin sosial binalar nə üçün nəzərdə tutulur? Ölkənin hansısa vətəndaşı işləyir və işini itirdikdə gəliri azalır. Kirayəni ödəyə bilmədikdə bələdiyyəyə müraciət edir və bələdiyyə yoxlama apardıqdan sonra həmin şəxsi sosial evlərə yerləşdirir. Normalda bir evin aylıq kirayə qiyməti 500 avrodursa, bələdiyyənin evləri 150 avrodur. Sadəcə kommunal və binanın saxlanması üçün alınan xərclərdir. Təbi ki, bu Azərbaycanda, Bakıda da tətbiq oluna bilər. Avropada bələdiyyə var, bizdə icra hakimiyyəti, bələdiyyə və digər qurumlar var ki, hamısı birbaşa eyni işi görürlər. Bu gün bizdə bələdiyyə sadəcə vergi yığan qurum kimi tanınır. Hər hansı başqa bir qurum, məsələn, ƏƏSMN tərəfindən bu cür binalar tikilib, aztəminatlı ailələrə minimal qiymətə kirayə verə bilərlər. Bu insanlar ayda 800 manat pul qazanır, onun 400-500 manatını kirayə verir. Ancaq bu ailə ayda 100-150 manat dövlətin məzilinə versə, qalan pulunu digər sahələrə xərcləyər ki, burada iqtisadiyyat daha çox gəlir götürər. Nəinki vətəndaş kirayə haqqı verir, kimsə onu götürüb cibinə qoyur”.
Göründüyü kimi, bu gün ölkədə, xüsusilə paytaxtda kirayədə yaşayan çox sayda insan var ki, hazırkı əmək haqqı ilə illər keçsə belə, ev almaq ümidi yoxdur. Dövlət ucuz kirayə mənzil layihəsini gerçəkləşdirərsə, vətəndaşlar əmək haqqlarının qalan hissəsini digər sosial problemlərinin həllinə yönəldər.