"Yolumuzun pulunu yemisiniz. Qorxmuram!" - İsmayıllının qəzəbli sakinləri
8-11-2022, 11:48

İsmayıllının Vəng kəndinin sakinləri yol, su, işıq, internet, nəqliyyat kimi problemlərin əlindən "təngə gəliblər". Onlar söyləyir ki, müvafiq qurumlar yaxınlıqdakı Ruşan kəndinə qədər asfalt çəksələr də, Vəngə baxmırlar.
"Bizə yol lazımdır, qaz lazımdır, su lazımdır, həkim lazımdır. Danışanda da deyirlər ki, filankəslər "demaqoqdur". Sən niyə orda oturmusan? Şərait yarat. Yemisən. Vaxti ilə Ruşana kimi yol gəlib, bizim yolumuzun pulunu yemisiniz. Nə qorxmuram, nə çəkinmirəm! Yeməsəydi, mənim də yolum olardı" -deyə, Vəng sakini Marina Qafarova BBC News Azərbaycancaya bildirir.
Hazırda 85 ailənin və 350 təsərrüfatın məskunlaşdığı bu kəndə heç vaxt təbii qaz çəkilməyib. 50 ildən artıqdır ki, burada yaşayan Məhəmməd Səmədov BBC-yə bildirir ki, o, Vəngdə heç vaxt abad yol görməyib:
"Eyni yoldur. Su yox, qaz yox, odun yox. Meşəyə də gedirlər, deyir, qovaq kəsin. Qovaq da xəstəlikdir. Peçə qoyursan, ondan bir iy gəlir ki, bütün evi bürüyür, xəstələnirlər. Ayda 8 dəfə suyumuz gəlir".
İsmayıllı Rayon İcra Hakimiyyətindən cavab almaq mümkün olmayıb.
Vəngin bələdiyyə sədri Şəmistan Xıdırov BBC-yə bildirib ki, o, mövcud problemlərin hər biri ilə bağlı müvafiq qurumlarına müraciət edib. Aldığı cavab isə problemlərin mərhələli şəkildə həllini tapacağı olub. Bələdiyyə sədrinin söylədiyinə görə, 2023-cü ildə Vəngə yol çəkilməsi planlaşdırılır.
TEREF.AZ İsmayıllının Vəng kəndindən BBC-nin sujetini təqdim edir: