Quranı başının üstündə saxlayanlar…
27-06-2016, 12:09
Bu gün təsadüfən bir plastik pəncərə ustası ilə təmasım oldu. Kiçik bir sifarişi sabah yerinə yetirməsini xahiş etdim. Gördüm ki, bir az duruxdu, utanaraq söylədi ki, müəllim sabaha çatdıra bilməyəcəyəm, birisi günə həll edərəm.
Səbəbini sorduqda cavabı marağımı cəlb etdi. Dedi ki, bu gecə əhyadır, bütün gecəni məsciddə keçirəcəyəm. Orada xüsusi ibadətimiz olacaqdır.
Soruşanda ki, bəs nədir xüsusi ibadətiniz, cavablandırdı ki, Quranı başımızın üzərində saxlayaraq dualar edəcəyik.
“Quran oxumaq üçündür, başın üstündə saxlamaqla oradan insanın beyninə damla-damla ayələr dolmur ki…” söylədimsə də, adam yenə də etikalı biçimdə qayıtdı ki, “yox, müəllim, bizim öz dinimiz var, öz adətimiz var. Əhya gecəsi min aydan xeyirlidir, ona görə də savab qazanmaq üçün gecəni məsciddə bu formada yuxusuz keçirməliyik”.
Ha çevirib dedimsə ki, gedirsinizsə, Quranın tərcümə mətnini götürüb bir-birinizlə ayələrin mahiyyətini təhlil edin ki, gecəniz boşa getməsin, bir şeyləri də bilgi olaraq qazanasınız, həm də Qədir gecəsi xeyirli olar o kəslərə ki, onlar özləri xeyirli işlər görərlər, anladım ki, söhbəti uzatmanın faydası yoxdur, adam artıq üzünü başqa səmtə çevirib.
Birdən-birə düşündüm ki, bu uşaq səhifəmdə bir-birindən dəyərli fikirləri olan mütərəqqi düşünürlərə, yəni Yaşar Nurilərə, Mustafa İslamoğlulara və daha kimlərə böhtan və hədyanlar yağdıran “bukvayed müsəlmanlardan” öz inandığı şeylərə münasibətdə daha səmimidir.
Qurxduğumuz budur ki, başı üzərində Quran daşımağı iman əsası kimi tanıyan cahilləri İslama nə zamansa qaytarmaq mümkün olacaq, ancaq bu İŞİD-çi zehniyyəti, vəhşiliyi mənimsəmiş bir yığın Quranı və hədisləri əzbərləmiş, fəqət təfəkkür etməmiş insanı sağlam düşüncədə görmək mümkün olmayacaq.
Qaldı ki, Quranı başına qoyub ibadət etməyə, yadıma Afrikada rast gəldiyim tanış mənzərə düşdü: Əksər qadınlar və kişilər zəruri yükləri başlarına qoyduqları zənbillərdə daşıyırdılar. Tarazlığı da elə saxlayırdılar ki, əlləri ilə saxlamadan uzaq məsafəyə bu yüklə yürüyə bilirdilər. O zaman Afrikada bizi müşayət edən şəxslər ən çox marağımı çəkən hal barədə soruşanda, cavablandırdım ki, görünür Qərb dünyası ona görə sizləri istismar edə bilir ki, başı təyinatı üzrə istifadə edə bilmirsiniz.
Baş bilgi yükünü daşımaq üçündür, əşya daşımaq yeri deyil axı…Quranı başının üstünə qoyub ibadət etmək isə, deyəsən Afrikadakından da daha acınacaqlı bir durumdur. Onlar acından ölməmək üçün zəruri qidalarını, əşyalarını başlarında daşıyırlar, bizimkilər isə qəlblərində, ağıllarında daşımalı olan neməti başlarının üstündə daşıyırlar. Şeyx Nəsrullahın dinində qalmış zavallı insanlarımız…