Akif Çovdarovun həbsdən xilası "xəstəlik buketi"nə bağlandı
6-07-2016, 11:37
Sahibkarların yuxularını ərşə çəkən MTN generalı Akif Çovdarovun gözünə yuxu getmir.
Onun vəkili Sabiq Rəsulov belə deyir. Vəkilin sözlərinə görə, müvəkkilinin həbsdə saxlanılması səhhətindəki problemlərin kəskin şəkil artmasına gətirib çıxara bilər.
Hələ may ayında, daha dəqiq qeyd etsək, A.Çovdarov tibbi-sanitar hissəyə köçürüləndən 1 gün sonra onun həbsdən qurtulmaq üçün "klassik yol"a baş vurduğunu yazmışdıq.
Mayın 21-də "Yeni Müsavat"da "Akif Çovdarov xəstəlik bəhanəsi ilə azad olunur?"
10 il əvvəl Çovdarovun ürəyində əməliyyat aparılıbmış
Milli.Az musavat-a istinadən bildirir ki, S.Rəsulov "Hürriyet" qəzetinə deyib ki, Akif Çovdarov ürəyində olan problemlərlə bağlı 25 aprel 2006-cı ildə Almaniyada "Deustsches Herzzentrum Berlin" Klinikasına müraciət edib. Həmin vaxt A.Çovdarova "Koronar arteriya xəstəliyi, diffuz skleroz 3 damar xəstəliyi, sol arteriya kökünün stenozu və sol tərəfli qidalanma tipi" diaqnozu qoyulub. 1 gün sonra - 26 aprel 2006-cı ildə onun üzərində "Aorta koronar vena şuntlama PLA II və Ramus intermediusa, Arteria mammaria intema - RİVA-ya anostomoz və İntraaortal balon pompası implantasiyası" əməliyyatı keçirilib. Akif Çovdarov klinikada 14 may 2006-cı il tarixədək stasionar müalicə alıb.
"Mədəsi amputasiya olunduğuna görə..."
Vəkil A.Çovdarovun xərçəng xəstəliyindən də əziyyət çəkdiyini və mədəsinin əməliyyat yolu ilə çıxarıldığını açıqlayıb: "2011-ci ilin fevral ayında Almaniya Respublikasının "Vivantes" Klinikasına müraciət edib və ona "C16.0 kardianın bədxassəli törənməsi" diaqnozu qoyulub. 10 fevral 2011-ci il tarixdə "5-399.5 Venoz portun implatasiyası və dəyişdirilməsi, intra-venoz port qoyulması" əməliyyatı keçirilib. 16.05.2011-ci il tarixdə Almaniya Respublikasının "Vivantes" Klinikasında Akif Çovdarovun üzərində 6 saat 46 dəqiqə çəkən "genişləndirilmiş qastrektomiya sistemli limfadenekoektomiya, həmçinin parsial qida borusu rezeksiyası" əməliyyatı nəticəsində mədəsi və bütün limfa vəziləri amputasiya olunub. Mədəsi amputasiya olunduğuna görə qida borusu əməliyyatla birbaşa bağırsağa bilrləşdirilib".
Akif Çovdarovla qara dustaq arasında fərq qoyulmur
Vəkilin sözlərinə görə, müvəkkili hər gün təzə bişirilmiş yeməklər yeməlidir ki, yaşaya bilsin. Lakin həbsə alındığı gündən onunla qara dustaqlar arasında fərq qoyulmadığından Akif Çovdarov belə bir qidalanma rejimindən məhrum olub. Odur ki, bu rejim onun səhhətində kəskin şəkildə özünü büruzə verə bilər. Hər halda vəkil belə deyir:
"Müdafiəçisi olduğum şəxs məhkəmənin qərarına əsasən həbs seçilib və o, 15 noyabr 2015-ci il tarixdən hazırkı günədək ilk öncə istintaq təcridxanasında, sonra isə səhhətində yaranmış xəstəliklərlə bağlı İstintaq Təcridxanasının tibb-sanitar hissəsində saxlanılmaqdadır. Hazırda digər saxlanılan şəxslər kimi ona da yalnız həftədə bir dəfə sovqat gətirilməsinə icazə verildiyi üçün ailə üzvləri ona həftəlik yemək gətirirlər. Bir neçə gün qalmış xörəklər isə onun səhhətinin ağırlaşmasına səbəb olur. Müdafiə etdiyim şəxslə Bakı İstintaq Təcridxanasında görüşdüyüm zaman o, döş qəfəsində ağrılardan, halsızlıqdan, baş gicəllənməsindən, ürək döyünməsindən əziyyət çəkdiyini bildirir".
Çovdarovun ağrıları gecələr şiddətlənir
S.Rəsulov qeyd edib ki, A.Çovdarovun qəlbində gecələr ağrılar kəskinləşir: "Müdafiə etdiyim şəxs həbs edildikdən sonra 11-12 fevral 2016-cı il tarixlərdə İstintaq Təcridxanasının tibb-sanitar hissəsində Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Kardiologiya İnstitutunun əməkdaşları tərəfindən "EKQ-nin Holter monitorinqi və arterial təzyiqin sutkalıq monitorinqi"nə dair müayinələrindən keçirilib və aparılan müayinələr nəticəsində əməkdaşlar tərəfindən konsiliumun nəticəsi olaraq ona "Ürəyin işemik xəstəliyi. Aorta-karonar, şuntlama əməliyyatından sonrakı vəziyyət (T82.2). Səyrici aritmiya, taxsistolik forma (İ49.0)" diaqnozu qoyulub. EKQ-nın Sutkalıq Holter monitorlanmasına dair 11-12 fevral 2016-cı il tarixlərə aid Protokolunda monitorinq dövründə səyrici aritmiya (taxisistolik forma) qeyd olunmuş, pauzaların (l-lər) cəmi 31 olduğu və ən çox gecə saatlarında baş verdiyi göstərilir".
Mus, Mus, Mustafa... - həyatı riski olduğuna görə cəza çəkməkdən azad edilməlidir!
Vəkil A.Çovdarovun çoxsaylı xəstəliklərini sadalayandan sonra açıqlamasının mabədinə gəlir və MTN generalının bu qədər xəstəliklə həbsdə saxlanmasının qanunsuz olduğunu diqqətə çatdırır: "Məhkumların xəstəliyə görə cəza çəkməkdən azad edilmələri üçün əsas olan xəstəliklərin siyahısına əsasən, ürəyin işemik xəstəliyinə və ürəyin ritm pozğunluğu xəstəliyinə düçar olmuş məhkumlar bu xəstəliyin ağırlığı və həyatı riski olduğuna görə cəza çəkməkdən azad edilirlər. Lakin müdafiə etdiyim şəxs qanuni qüvvəsini almış məhkəmə hökmü ilə təqsiri sübuta yetirilmədiyi halda həbsdə saxlanılır ki, nəticədə onun xəstəliyini kəskin şəkildə ağırlaşır. Bu isə sonda hətta onun ölümünə belə səbəb ola bilər".
Vəkilin açıqlamasından aydın olur ki, müvəkkili ağır xəstədir. Yaradan yaratdıqlarının hər biri kimi ona da yardımçı olsun. Amma A.Çovdarovun ağır xəstəlikləri çox olduğu kimi qanunsuz əməlləri də az deyil. İllərlə törədilən və hesab-kitabsızlığı üzündən hər dəfə daha da ağırlaşan həmin əməllərə görə cavab vermək zamanıdır.
Xatırladaq ki, A.Çovdarov 2015-ci il noyabrın 14-də həbs olunub. 2015-ci il noyabrın 15-də Səbayel Rayon Məhkəməsinin qərarı ilə A.Çovdarov barəsində 3 ay müddətinə həbs-qətimkan tədbiri seçilib. A.Çovdarovun barəsində seçilmiş həbs-qətimkan tədbiri 4 ay olmaqla bir neçə dəfə artırılıb.