Sənaye zonaları: Üç ildə nə qazandıq, nə itirdik?

23-01-2024, 17:18           
Sənaye zonaları: Üç ildə nə qazandıq, nə itirdik?
Azərbaycanda İqtisadi Zonaların İnkişafı Agentliyinin yaradılmasından üç il ötür.

Bildirək ki, Azərbaycanda sənayenin inkişafı və şaxələndirilməsi üçün 2021-ci ilin yanvarın 22-də İqtisadi Zonaların İnkişafı Agentliyi yaradılıb.

İqtisadiyyat naziri Mikayıl Cabbarov öz “X” hesabında qeyd edib ki, üç il ərzində bu müddət ərzində Agentliyin idarəçiliyində olan sənaye zonalarında investisiya həcmi 750 milyon manat olan 56 sahibkarlıq subyektinə rezidentlik statusu verilib.

“Sənaye zonalarında 17 müəssisə fəaliyyətə başlayıb, 1 336 daimi iş yeri yaradılıb. Bu dövrdə sənaye zonalarında 8,45 milyard manatlıq məhsul istehsal edilib ki, bunun da 35,7%-i (yəni 3,02 milyard manat) ixracın payına düşür”, - deyə nazir vurğulayıb.

Maraqlıdır, Azərbaycanda yaradılan sənaye zonalarında daha çox hansı məhsullar istehsal olunur? Yerli istehsalda ərzaq, yoxsa qeyri-ərzaq məmulatları üstünlük təşkil edir?

Məsələ ilə bağlı iqtisadçı-ekspert Razi Abbasbəyli “Cebhe.info”-ya bildirib ki, Azərbaycanda sənaye müəssisələri əsasən xırda, kiçik və subseqmentlər istehsal edirlər:
“Belə ki, Azərbaycanda bir müddət pandemiya ilə əlaqədar olaraq kütləvi şəkildə tibbi maskalar istehsal olunurdu. Bu istehsal kütləvi hala çevrilmişdi. Lakin statistik məlumatları nəzərdən keçirsək görərik ki, bir çox sənaye müəssisələrində kiçik sifarişlər və xırda məmulatların istehsalı həyata keçirilir. Bu, daha çox qida sənayesində və kargüzarlığa aid olan avadanlıqların istehsalında özünü göstərir. Hazırda Azərbaycanda sənaye müəssisələrində vətəndaşların istehlak zərurətini qarşılaya biləcək istehsal mövcud deyil”.

Ekspert sənaye zonalarında 8,45 milyard manatlıq məhsul istehsal məsələsinə də aydınlıq gətirib:

“Bu istehsal miqdarında neft-qaz sektorunun payı çoxluq təşkil edir. Ümumiyyətlə, Azərbaycanın ixracat potensialı neft-qaz təchizatı və neft ilə bağlı zəruri avadanlıqlar, eləcə də avadanlıqların ehtiyat hissələrinin satışı hesabına formalaşır. Azərbaycanın ixracında qeyri-neft sektorunun payı çox aşağı səviyyədədir.

Hazırda Azərbaycanda qeyri-neft sektoruna aid olan istehsal göstəriciləri 2020-ci ildən etibarən 1-2 faiz nisbətində azalmağa doğru gedir. Yaxşı olardı ki, qeyri-neft sektorunun inkişafına daha çox diqqət ayrılsın”.

Yunis Abdullayev












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.