Üçrəqəmli inflyasiya əhalinin gəlirlərini “yeyir” - Ekspert danışır...

24-01-2024, 00:08           
Üçrəqəmli inflyasiya əhalinin gəlirlərini “yeyir” - Ekspert danışır...
Azərbaycanda adambaşına düşən orta aylıq xərc artıb.

Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Bildirilib ki, ötən il pərakəndə ticarət şəbəkəsində istehlakçılara 59 milyard manatlıq məhsul satılıb. Bunun 33 milyardı ərzaq, qalanı qeyri-ərzaq məhsulları olub.

2022-ci illə müqayisədə pərakəndə ticarət dövriyyəsi 3,7 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 2,5 faiz, qeyri-ərzaq malları üzrə 5,2 faiz artıb.

Belə ki, 2023-cü ildə pərakəndə ticarət şəbəkəsində əhalinin bir nəfəri orta hesabla ayda 484,2 manat pul xərcləyib. Bu, 2022-ci illə müqayisədə 52,4 manat və ya 12,1 faiz çoxdur.Pərakəndə ticarətdə 484,2 manat xərcin 270,9 manatı ərzaq məhsulları, içkilər və tütün məmulatlarının, 213,3 manatı isə qeyri-ərzaq mallarının payına düşüb.

Ekspertlərin sözlərinə görə, adambaşına düşən xərclərin artmasının əsas səbəbi inflyasiyadır. Keçən il ölkəmizdə inflyasiya yüksək olub. Bu da adambaşına düşən xərcləri artırıb.

Məsələ ilə bağlı iqtisadçı-ekspert Asif İbrahimov “Cebhe.info”-ya açıqlamasında bildirib ki, son iki il ərzində ölkədə üçrəqəmli inflyasiya müşahidə olunur:

“Statistik rəqəmlər Dövlət Statistika Komitəsinin İnformasiya texnologiyaları şöbəsi tərəfindən təqdim edilir, hesablanmış rəqəmlərdir. Bildirim ki, bir çoxları ərzaq mağazaları və meyvə-tərəvəz yerlərində alış-veriş edərkən POS-terminallardan istifadə eləmirlər və birbaşa nağd ödəyirlər. Bəzən elə hallar olur ki, mağazalarda çek də vermirlər. Belə olan halda inflyasiya rəqəmini dəqiq hesablamaq mümkün deyil.

Dövlət Statistika Komitəsinin 2022-2023-ci illəri üzrə ərzaq və qeyri-ərzaq məhsullarının qiymətləri ilə bağlı rəsmi məlumatlarına görə, ölkədə üçrəqəmli inflyasiya mövcuddur. Təbii ki, bunun bir çox səbəbləri var. Bunu həm daxili, həm də xarici faktorları əsas gətirməklə izah etmək olar. İlk növbədə xarici faktorları nəzərdən keçirərim.

Rusiya ilə Ukrayna arasında davam edən müharibə, o cümlədən qlobal dünya bazarında inflyasiyanın artması, zəruri məhsulların azalması və məhdudiyyətlərin olması ölkəmizdə ərzaq və qeyri-ərzaq məhsullarının qiymətinin artmasına təsir edir.

Daxili faktorlara gəlincə, Azərbaycanın özündə müəyyən ərzaq və qeyri-ərzaq məhsulları istehsal edilir. Amma həmin məhsulların xammalları birbaşa xarici ölkələrdən idxal edilir. Hər hansı məhsulun ərsəyə gətirilməsi zamanı yaranan xərclər məhsulun qiymətinə birmənalı olaraq təsirini göstərir. Məhsulun istehsalı üçün xərclər çox çəkilirsə, məhsulun qiyməti də yüksək olur”.

Ekspert əlavə edib ki, 2024-ci ildə də inflyasiyanın artması gözlənilir:

“Əhalinin orta istehlak xərclərinin artacağını nəzərə alaraq, minimum və orta aylıq əməkhaqlarında, eləcə də pensiyalarda və digər sosial ödənişlərdə artımlar müşahidə ediləcək”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.