Diqqət! Ağcaqanad dərmanları ziyanlıdır

3-08-2016, 22:27           

Kimyəvi preparat hansısa bir canlıya öldürücü təsir edirsə, insan orqanizminə də təsiri az deyil
Yay mövsümündə gündəlik istifadə etdiyimiz mallar siyahısına həşərat və ağcaqanad əleyhinə müxtəlif çeşiddə dərman vasitələri də daxildir. Çox vaxt da bu dərmanların sağlamlığımıza nə kimi təsirinin olduğunun belə fərqinə varmırıq. Mütəxəssislərsə belə dərman vasitələrinin kimyəvi maddələrlə zənginliyini əsas gətirərək onlardan istifadə zamanı ehtiyatı əldən verməməyə çağırırlar.
Həkim-terapevt Hüseyn Mehdiyevin ekspress.az-a bildirdiyinə görə, kimyəvi preparat hansısa bir canlıya öldürücü təsir edirsə və ya sinir sistemini tormozlaşdırırsa, sözsüz ki, insan orqanizminə az da olsa təsiri var. “Xüsusilə də, körpələr üçün daha zərərlidir. Əgər evdə uşaq yatırsa, ağcaqanad dərmanlarının istifadəsindən imtina etmək lazımdır”, – deyən müsahibimizə görə, belə dərmanların mütəmadi istifadəsinin fəsadları dərhal bilinməsə də, gələcəkdə özünü büruzə verə bilər. Onun sözlərinə görə, belə preparatların üzərində nə qədər təhlükəsiz olduğu yazılsa da, sağlamlığımız üçün təhlükəlidir və əlavə təsirlərini göstərməkdə davam edəcək.
H.Mehdiyevin fikrincə, son dövrlər allergiyalar geniş yayıldığından belə dərman vasitələrindən istifadə etmək məsləhət deyil: “Allergiyası olduğu üçün həmin iydən xəstə boğula da bilər. Bu səbəbdən də allergiyası olanlar diqqətli olmalıdır. Ağcaqanad, həşərat öldürən dərman vasitələrindən istifadə etməyi qərara alıblarsa, istifadədən öncə təsirini yoxlamalıdırlar”.
Həkimin dediyinə görə, həşərat və ağcaqanad əleyhinə hazırlanan dərmanların əksəriyyəti keyfiyyətsizdir: “Çoxu kustar üsulla hazırlanır və bazara müxtəlif yollarla gətirilir. Kustar üsullarla hazırlanan ağcaqanad dərmanlarının təsirinin effketli olması üçün tərkibinə daha güclü kimyəvi maddələr əlavə olunur ki, bu da gələcəkdə insan sağlamlığında yaranacaq çox böyük bəlalardan xəbər verir. Ona görə də belə dərman vasitələrindən mümkün qədər az istifadə etmək lazımdır”.
Mehdiyev bildirib ki, binaların zirzəmilərində vaxtlı-vaxtında dezinfeksiya işləri aparılsa, ağcaqanadlar indikindən 5 dəfə az olar: “Xüsusilə də, binaların zirzəmisində yığılan çirkli sular orada ağcaqanadların sürətlə artmasına səbəb olur. Belə binalarda yaşayan insanlar, demək olar ki, hər gün ağcaqanadlara qarşı güclü dərman vasitələri istifadə etməli olurlar”.
Onun sözlərinə görə, bəzi insanlar ağcaqanadlar tez tələf olsun deyə kiçik lövhəcik şəklində olan dərmanları yandırır və tüstüsünü otağa yayırlar. Bu zaman zərərli olduğundan xəbər verən xoşagəlməz iy yayılır və əgər tüstü insanın üzünə tərəf gələrsə, gözlərini yandırır. “Bu cür istifadə dərman vasitələrinin zərərini artırır. Orqanizm üçün çox ziyandır. Gələcəkdə fəsadları acınacaqlı ola bilər”. Ağcaqanad dərmanlarının həşəratların özünə təsirinə gəlincə, Mehdiyev bildirib ki, dərmanlar həşərat və ağcaqanadların sinir sistemini iflic edir. Bəzən həşəratlar heç ölmür, sadəcə hərəkət edə bilmədiyindən, düşüb qalır.
Səhiyyə Nazirliyi Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudovun sözlərinə görə, gündəlik istifadə zamanı ağcaqanad dərmanları bir o qədər də ciddi təhlükə törətmir: “Lakin əgər evdə azyaşlı uşaq varsa, bu dərmanları nəzarətsiz şəkildə qoymaq olmaz. Çünki uşaqlar həmin dərmanı bilməyərəkdən dişləyə, yaxud toz şəklində qəbul edə bilərlər. Amma sprey, həb, yaxud tüstü şəklində yandırılan dərmanlar gündəlik istifadə zamanı zərərsizdir. Lakin həssas adamlarda, xüsusən ağciyər, nəfəs sistemində problemi olan şəxslərdə bu dərmanlar müəyyən qədər fəsadlara səbəb ola bilər”.
Maqsudov bildirib ki, dərmanların mənfi təsiri ilə bağlı müraciətlər bir o qədər də çox olmur: “Qurumumuza ay ərzində təxminən bir-iki müraciət daxil olur. Ağcaqanad əleyhinə olan dərmanların konsentrasiyası, onların tərkibində olan kimyəvi maddələrin toksiki təsiri zəifdir”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.