Aşağı faizli kredit arzusu puç olur - NƏ ETMƏLİ?
2-02-2024, 09:42

“Kreditlərin faizləri iqtisadiyyatda olan risklərdən, borcalananın ödəmə qabiliyyətindən, cəlb edilən vəsaitin maya dəyərindən asılıdır”.
Bunu Mərkəzi Bankın İdarə Heyətinin sədri Taleh Kazımov deyib.
O qeyd edib ki, faizlərin aşağı düşməsi üçün müxtəlif səbəblər olmalıdır:
“Bu, depozitlərə təsir göstərir. İqtisadiyyatın yaxşı vaxtlarında daha aşağı faizlərə nail ola bilərik. Lakin təcrübəmdən deyə bilərəm ki, faizlər nə qədər də aşağı olsa, bir az da endirilməsi istəniləcək. İstəyimiz odur ki, kredit faizləri ədalətli olsun”.
Buradan göründüyü kimi, tezliklə kredit fazilərinin aşağı düşməsi gözlənilmir. Əgər bu gün əhalinin bir çoxu kreditlərdən yararlanmaq məcburiyyətindədirsə, o zaman faizlərin aşağı salınması önəmli deyilmi?
İqtisadçı-ekspert Natiq Cəfərli “Cebhe.info”-ya bildirdi ki, Mərkəzi Bankın rəhbəri bir məsələdə haqlıdır, yəni depozit faizləri gərək aşağı olsun ki, kredit faizləri də aşağı düşsün:
“İndi depozit faizləri 9-10 faiz civarındadır. Banklar 9-10 faizə depozit götürüb daha aşağı faizə kredit verə bilməzlər. Problem odur ki, depozit faizlərini 2-3 faiz aşağı salsan, yaxud kreditləri 5-6 faizə çəksən, o zaman insanlar depozitləri banklardan çəkəcəklər. Depozitləri saxlamaq sərfəli olmayacaq. Nəticə etibarilə depozitdə olan manat vəsaitləri az da deyil, 10 milyard manat civarındadır.
Bunlar da başqa sahələrə, o cümlədən valyuta alışına yönələ bilər. Bu baxımdan Mərkəzi Bankın dediyində iqtisadi məntiq var. Ancaq faizlərin aşağı salınması üçün bir tək depozitləri bəhanə gətirmək doğru deyil. Depozitlər bu məsələnin önəmli hissəsidir. Bir də rəqabətli mühit məsələsi var.
Yəni bank sistemində ciddi rəqabətli mühit olmalıdır, indi bank sistemimizin 75-80 faizi 4 bankın əlindədir. Onlarda da rəqabətd zəifdir, ona görə də kreditlər daha yüksəkdir.
Depozitləri 9-10 faizlə götürürlər. Ancaq istehlak kreditləri bəzi hallarda ikiqatına, 20-22 faizə çatır. Bu doğru deyil. Bununla bağlı kreditlərin fazini aşağı çəkmək üçün ciddi rəqabətli mühitə ehtiyac var”.