Sızlar yada düşəndə...
6-02-2024, 11:48

Universitetdə var, tələbədə, amma nə yatağı var nədə xanası, problem nə vaxt həll ediləcək?
Böyüklər həmişə deyirdi ki, gəncliyin ən gözəl dövrü tələbəlik illəridir. Həmişə, universitetə
hazırlaşan abituriyentlərə bir-birindən gözəl vədlər verilirdi: “Balam, sən təki universitetə gir.
Həyatın gözəllikləri ondan sonra başlayacaq. İstədiyin qədər gəzə, əylənə, həyatın dadını çıxara
biləcəksən…” Əslində isə universitetə girdikdən sonra problemli, stressli həyat başlayır. Təbii ki,
söhbət başıbəlalı kasıblardan gedir…
Çox vaxt regionlardan Bakıya oxumağa gələn tələbələrin problemi eyni olur: qalacağı evi, pul
qazanacağı işi tapmaq onun üçün ən vacib məsələyə çevrilir. Zəncirvari proses başlayır. Daxil
olduğu universitetin nəzdində yataqxana olmadığı üçün kirayə ev tutmalıdır. Bakıdakı kirayə
evlərin də qiyməti məlumdur. Kirayə pulunu ödəmək üçün iş lazımdır. Tələbənin normal gəlirli iş
tapması da çətin məsələdir. Hələ bunun kommunal xərcləri, yemək pulu, yol pulu, dərslik pulu,
geyim-keçimi var. Ailə bacardığı yardımı etsə də Bakıda yaşamaq üçün yetərli deyil. Beləliklə,
tələbə ovsunlu “tələbəlik illəri” xəyallarını bir kənara qoyub, xərclərini qarşılamaq üçün var gücü
ilə işləməyə çalışır…
Amma universitetin yataqxanası olsa, tələbə kirayə pulu verməz, xərcləri ikiqat azalar,
problemləri səngiyər.
Təəssüf ki, Azərbaycandakı universitetlərin bir çoxunda yataqxana problemi var. Ya yataqxana
var, amma şəraitsizdir, həcmi də kiçikdir, ya da ümumiyyətlə yataqxanası yoxdur. Tək-tük
universitet var ki, bu cür problemləri yoxdur.
Maraqlıdır, görəsən, yataqxana problemi yaşayan universitetlərin bu problemi nə zaman həll
olunacaq? Ümumiyyətlə, bunun həlli düşünülürmü?
Belə universitetlərdən biri olan Azərbaycan Texniki Universitetinin (AZTU) mətbuat katibi Sevinc
İsgəndərova ilə əlaqə saxladıq.
İsgəndərova Pressklub.az-a açıqlamasında yataqxana probleminin səbəbindən danışdı. Onun
sözlərinə görə, universitetin yataqxanalarında qaçqın və məcburi kökün ailələri məskunlaşıb.
“Hazırda binalarda 100-dən çox ailə yaşayır. Yataqxana kompleksi tamamilə yararsız vəziyyətə
düşüb. Binaların vəziyyəti hər hansı yaşayış standartlarına cavab vermir. Su, elektrik və qaz
xətlərini, habelə kanalizasiya sistemini məcburi köçkünlər öz məişətlərinə uyğun dəyişdirib.
Yataqxana kompleksindəki ərazidə vaxtilə mövcud olmuş idman, sağlamlıq və ictimai iaşə
obyektləri, ətraf yollar və yaşıllıqlar yararsız haldadır”.
Müsahibimiz bildirdi ki, azad edilmiş torpaqlara köçürülmə prosesi tam yekunlaşdıqdan sonra
yataqxana əsaslı şəkildə təmir olunacaq və tələbələrin istifadəsinə veriləcək.
Nə deyək, təki tezliklə problem həll edilsin.
Tam şəraitli yataqxanası olan universitetlərdən biri Azərbaycanın ilk ali təhsil müəssisəsi Bakı
Dövlət Universitetidir (BDU). Amma şəraiti yaxşı olsa da tələbə sayının çoxluğuna görə,
yerləşmə problemi var.
BDU-nun sözçüsü Kəmalə Quliyeva Pressklub.az-a problemin həlli üçün atılacaq addımlardan
danışıb. O, deyir ki, yeni yataqxanaların tikilməsi planlaşdırılır.
“BDU üçün yeni yataqxanaların tikilməsi istiqamətində dövlət-özəl əməkdaşlığı çərçivəsində
müzakirələr aparılır. Hələ ki, nə zaman tikiləcəyi məlum deyil”.
Müsahibimizin sözlərinə görə, yataqxanaya daha çox sosial həssas ailələrin övladları qəbul
edilir. Həmçinin BDU-nun tələbə evi ən müasir standartlarla təmir olunub: “Hər bir şəraiti var,
çamaşırxana, internet, oxu zalı, idman sahəsi, tibb məntəqəsi, 24 saat təhlükəsizlik kameraları
var”.
Ümidimiz bütün universitetlərin bu cür yataqxanalarının olmasınadır. Görəsən, bu istəyimiz
gerçəkləşə biləcəkmi? Bu istiqamətdə lazımi planlar qurulurmu?
Milli Məclisin elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədov mövzu ilə bağlı Pressklub. az
saytına danışıb. O, hesab edir ki, bu çox ciddi problemdir və tezliklə həll edilməlidir.
“Mən dəfələrlə bu məsələni qaldırmışam. Bu, Azərbaycan təhsilində həllini ən çox gözləyən
məsələlərdən biridir. Universitetlərimiz çalışmalıdır ki, yataqxana problemini həll etsinlər. Bu
həm də universitetlərin reytinqi baxımından xüsusi önəm daşıyır. Bu gün bir tələbə ildə 2 min
manat təhsil haqqı verirsə, ondan daha artığını da kirayəyə verir. Beləliklə, təhsilə 4-6 min
manat pul xərcləmiş olur. Tələbələrin yükünü azaltmaq üçün mütləq yataqxana məsələsi həll
olunmalıdır”.
Deputat deyir ki, bu bir anda mümkün olmasa da, yavaş- yavaş prosesə başlamalıyıq ki,
tələbələri problemdən xilas edək. Ali təhsil haqqında qanunda da sosial yataqxanaların
yaradılması nəzərdə tutulur.
Müsahibimizin sözlərinə görə, əksər universitetlərin yataqxanası var. Amma 20 min tələbəsi
olan universitetin min nəfərlik belə yataqxanası yoxdur: “İnanıram ki, bu məsələ həllini tapacaq.
Yataqxanaların bir hissəsində məcburi köçkünlər məskunlaşır. Onlar köçməyə başlayacaq.
Bununla da tezliklə bu prosesə başlanılacaq. Amma universitetlər də buna maraqlı olmalı, Elm
və Təhsil Nazirliyi lazımi addımlar atmalıdır”.
Universitetlərin böyük qismi Bakıda yerləşdiyinə görə, ən çox tələbə axını da məhz Bakıyadır.
Bölgələrimizdən Bakıya oxumağa gələn tələbələrlə yanaşı, xaricdən gələnlər də az deyil. Tələbə
çoxluğunu nəzərə alsaq, yataqxana ehtiyacının da nə qədər vacib olduğunu görərik. Buna görə
də, problem tezliklə həll edilməlidir.
Elm və təhsil eksperti Rizvan Fikrətoğlu Pressklub.az-av açıqlamasında deyib ki, yataqxana
probleminin həlli üçün nə qədər işlər aparılsa da nəticəsi olmur.
“Sanki universitetlər normal yataqxana olması məsələsinə diqqət yetirmirlər. Müstəqillikdən
bu yana bütün təhsil müəssisələri tələbələrin yeni yataqxanaya köçürülməsi istiqamətində iş
aparır, mövcud texniki şərtlər nəzərdən keçirilir. Amma nəticə olmur ki, olmur”.
Ekspert deyir ki, universitetlərin mövcud yataqxanalarında məcburi köçkünlərin məskunlaşması
bəhanədir.
Müsahibimiz iddia edir ki, heç bir qurum tələbənin qaldığı kirayə evlə maraqlanmır. Bir ara dini
cərəyanlar yataqxanalarına tələbə qəbulu ilə məşğul idilər: “Bu gənclər arasında Bakıya ilk dəfə
gələnlər az deyil. Universitet yataqxanası təhlükəsizdir. Amma nədənsə bu məsələ diqqətdən
çox kənardır. Biz öyrəşmişik, pis hadisələr ola, çoxala və sonra müxtəlif tədbirlər görülə”.
Ekspert təklif edir ki, tələbə yataqxanalarının tikilməsi prosesinə fiziki və hüquqi şəxsləri cəlb
etmək olar. Onların yataqxanalarına rəsmi rəy verilə və tələbələr orada qala bilərlər: “Təbii ki,
burada xərc məsələsi var. Bakıda kirayə qiymətləri həddən çox baha olduğuna görə tələbələrin
əksəriyyəti şəraitsiz evləri seçməli olurlar”.
Rizvanoğlunun sözlərinə görə, çıxış yolu olaraq Təhsil Tələbə Krediti Fondu bu istiqamətdə
kreditlər ayıra bilər. Uzunmüddətli şərtlərlə verilən kreditlər sayəsində tələbələr güvən əldə
etməklə yanaşı, normal şəraitli tələbə yataqxanalarında qala biləcəklər.
Tələbələrə görə mühüm olan yataqxana məsələsinə baxılmalı, həlli üçün lazımi addımlar
atılmalıdır. Axı, təhsil millətin gələcəyidir. Tələbələrin təhsilə yaxşı fokuslanması üçün də
problemsiz yaşayış lazımdır. Gənclərimizi, gələcəyimizi qorumaq, onların həyat şəraitini
yaxşılaşdırmaq üçün hərəkətə keçmək lazımdır.
Günay Elşən
pressklub.az