“Qaz dünyada ən çox tələb olunan resurs olacaq" - İki səbəb
8-02-2024, 07:14

Qətərin energetika üzrə dövlət naziri Saad bin Şəridə əl-Kaabi Hindistan Enerji Həftəsi forumunda çıxışı zamanı deyib ki, qaz dünyada ən çox tələb olunan resurs olacaq, lakin 2025-ci ildən 2030-cu ilə qədər dünya bazarında qıtlıq yarana bilər.
"Qaz ən zəruri resurs olacaq. Və biz görürük ki, 2025-ci ildən 2030-cu ilə qədər dünyada qaz qıtlığı olacaq", - qətərli nazir bildirib.
Valyuta.az-a açıqlamasında neft-qaz məsələləri üzrə ekspert İlham Şaban bildirir ki, belə bir açıqlamanın verilməsi iki məqamdan qaynaqlanır: “ABŞ 2020-ci ildən sonra 1 trilyon kubmetr qaz hasil edir. Qətər də hesab edir ki, Amerika əsasən şit qaz yataqları istismar edir. Hansı ki, təbii qaz yataqlarından fərqli olaraq şit qaz yataqları resursları çox tez tükənir. Nəticədə hesab edirələr ki, 2025-ci ildən sonra ABŞ-da qaz hasilatı 250-300 milyard kubmetr azalacaq. İkinci xətt isə odur ki, növbəti 25 ildə Çinin qaz istehlakı 2 dəfə artacaq. Amerika hazırda Avropa bazarının qaza olan tələbatını ödəyən bir nömrəli ölkəyə çevrilib. Norveç Avropa bazarına 110 milyard kubmetr qaz yönləndirdiyi halda, ABŞ 120 milyard kubmetr göndərib. Bu mənada ABŞ-da qaz hasilatının azalması Avropa bazarı üçün problemli olacaq. Nəticədə yeni qaz yataqları daha böyük qiymətlərlə Avropa bazarına axacaq. Bu faktora görə həqiqətən də tələb təklifi qarşılamaq gücündə olmayacaq”.
Bu xəbər həmsöhbətimizə görə Azərbaycan üçün yaxşı xəbərdir: “Çünki il başlayandan Avropada qazın orta qiyməti 310 dollar olub. Hətta yanvarda bir dəfə qiymət 300 dollardan aşağı da düşüb. Qaz yataqlarına qoyulan kapitalı daha tez götürmək üçün onun qiymətinin təxminən 450-500 dollar arasında olması ölkəmiz üçün konfortludur”.