Rayonlarda işsizlik: “Bütün sahələr inhisara alınıb”

28-05-2024, 10:58           
Rayonlarda işsizlik:
"Əgər iqtisadi artımla bağlı proqnoz özünü doğrultmayacaqsa, onun əsasında hazırlanan dövlət büdcəsində dəqiqləşdirmələrə ehtiyac olacaq".

Bunu deputat Əli Məsimli Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında bildirib.

Millət vəkili bildirib ki, bu məqamda sosial proseslərin tənzimləməsinə əlavə vəsaitlərin yönəldilməsinə ehtiyac var:

“Son 10 ildə Azərbaycanda minimum əməkhaqqının orta əməkhaqqına nisbəti 10 faiz bəndi artaraq 35 %-ə çatıb, amma bu göstərici məqbul deyil. Bu rəqəmin 594 manat olması istiqamətində addımlar atılmalıdır. Eyni zamana regionlarda yeni 700-800 manatlıq iş yerləri açılmalıdır ki, əhali Bakıya axışmasın. Bununla yanaşı, Bakının tıxacını da aradan qaldıra bilərik. Rayonlarda 800 manat maaş alan Bakıya 1000 manat üçün gəlməz”.

Qeyd edək ki, bu gün bölgələrdə işsiz insanların sayı kifayət qədərdir. Hazırda müasir zavod və fabriklərdə isə əl əməyindən o qədər də istifadə edilmir. Məhz bunu nəzərə alaraq bölgələrdə niyə aqrar sahənin inkişafına üstünlük verilmir?

İqtisadçı-ekspert Akif Nəsirli “Cebhe.info”-ya bildirdi ki, hazırda müasir zavodlar açılanda işçi qüvvəsinə daha az tələbat olur:

“Ancaq zavodun xammalı olmalıdır. Texniki bitkilərin becərilməsi genişləndirilməlidir. Ölkənin kənd təsərrüfatı rayonlarında emal sənayesi yaradılmalıdır.

Məsələn, Qaradağ rayonunda sement zavodu fəaliyyət göstərirdi. Onun yanında müasir standartlara cavab verən yeni bir sement zavodu tikdilər, köhnəsini isə tədricən sökdülər. Yaxşı olardı ki, köhnə zavodu yerli sahibkarlara verərdilə və alman şirkətinə də təklif edərdilər ki, ölkənin digər bölgəsində yeni sement zavodu tiksin. Ona rentabelliyini təmin etmək üçün kompensasiya da verə bilərdilər.

Yaxud metallurgiya və digər zavodlar nə üçün Abşeron ərazisində faəliyyət göstərməlidir? Digər tərəfdən də bütün sahələr inhisara alınıb.

Belə ki, Bakıda fəaliyyət göstərən bəzi marketlərin rayonlarda filialları var. Məsələn, Beyləqanda fəaliyyət göstərən həmin marketlərdən biri Bakıdakı “Meyvəli bazar" adlandırılan topdansatış mərkəzindən müqaviləyə əsasən meyvə-tərəvəz alıb aparır. Halbuki elə, meyvə-tərəvəz Beyləqanda yetişir.

Yəni bu kimi işləri qaydasına qoysalar, kənd təsərrüfatının inkişafına investisiya yatırsalar və bu sahə normal fəaliyyət göstərsə, nəinki 700-800 manat, hətta 1000 manatlıq iş yerləri də açıla bilər. İqtisadiyyatı idarə etmək lazımdır, monopoliyaya çevirmək lazım deyil.

İndi ölkədə 100-dən çox aqroparklar yaradılıb. 2015-2016-cı illərdə aqroparklar ideyası ortaya atılanda deyirdilər ki, 5 ildən sonra Azərbaycan artıq taxıl idxal etməyəcək. Artıq 10 ilə yaxın vaxt keçir, ancaq biz hələ də 50-60 faiz buğdanı Rusiyadan idxal edirik. Özəliklə bölgələrdə su problemləri həll olunmalıdır.

İlk növbədə bölgələrin problemləri aradan qalxmalıdır, ikincisi də, iqtisadiyyat ölkə ərazisinə yayılmalıdır. Abşeronda təbii sərvət, neft çıxır, təbii olaraq sərvətlərin hesabına daxili məhsul meydana gəlir. Ancaq Abşeron yarımadasını ölkənin sənaye parkına çevirmək də düzgün deyil.

Məsələn, iqtisadi zonanı Qazaxda, eləcə də Dağıstanla, İranla, Gürcüstanla sərhəd ərazilərdə yaratmaq olar. Dünyada iqtisadi zonalar hər zaman xarici ölkələrlə sərhəddə yaradılır.

Bildirim ki, fermer əkib-becərib nəsə qazanmasa, o zaman torpağı satıb Bakıya gələcək. Bakıda böyük əksəriyyət 500-700 manata işləyir. Bölgədə əhali 500 manat əməkhaqqı alacağı iş yeri yaradılsa, əhali elə orada çalışar. Məhz ölkəmizdə bu istiqamətdə ciddi işlər görülməlidir”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.