Uşaqlarımızı “şikəst” edənlərin fəryadı - Müəllim adı müqəddəsdir, amma...
12-06-2024, 00:00
2022 və 2023-cü illərdə təşkil olunan sertifikatlaşdırma proseslərində 31 min 227 ibtidai sinif, 9 min 247 Azərbaycan dili və ədəbiyyat müəllimi iştirak edib. Sertifikatlaşdırmadan keçmiş 8 min 410 müəllimin əməkhaqqına 35 faiz, 23 min 538 müəllimin əməkhaqqına isə 10 faiz artım tətbiq olunur. 2023-cü ildə keçirilmiş sertifikatlaşdırma imtahanında müvafiq keçid balını toplamayan ibtidai sinif, Azərbaycan dili və ədəbiyyat müəllimləri üçün Təhsil İnstitutu tərəfindən təlimlər təşkil edilib. Bu il iyun ayının 8-də isə sözügedən təhsilverənlər üçün təkrar sertifikatlaşdırma imtahanı keçirilib. İmtahanlarda 7 min 296 müəllim iştirak edib. İlkin nəticələrə əsasən, ölkə üzrə bu il 3 min 424 ibtidai sinif, 485 Azərbaycan dili və ədəbiyyat müəllimi təkrar sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsinin müvafiq keçid balını toplamayıb. 10–13 iyun tarixlərində təkrar sertifikatlaşdırma prosesi ilə bağlı apellyasiya müraciətlərinin qəbulu aparılacaq və bundan sonra yekun nəticə elan ediləcək.
İlkin nəticəyə görə, 7 min 300-ə yaxın müəllimin 3 min 900-dən çoxunun yenidən sertifikatlaşdırma imtahanından keçə bilməməyi ictimaiyyət tərəfindən birmənalı qarşılanmayıb. Müəllimlərin sertifikatlaşdırma imtahanına cəlb edilərək bilik və bacarıqlarının yoxlanılmasını müsbət qarşılayanlarla yanaşı, imtahandan kəsilərək işini itirəcəyinə əsaslanaraq bunun doğru olmadığını hesab edənlər də var. İmtahandan keçə bilməyən müəllimlərin say çoxluğu müəyyən suallar yaradır: imtahan sualları çox çətin olur, yoxsa sözügedən müəllimlər tədris etdikləri fənnə hakim deyillər? Zaman-zaman sualların çətinliyindən şikayətlənənlər də az olmur. Onlara nə dərəcədə haqq vermək olar? Bu və digər suallara mütəxəssislərin köməyi ilə cavab tapmağa çalışmışıq.
Təhsil eksperti Səbinə Əliyeva mövzu ilə bağlı AYNA-ya açıqlamasında deyib ki, əvvəla, vaxtilə müəllim işləmək istəməyənlərlə müqayisədə indiki halda bu qədər müəllimin imtahanlarda iştirak etməsi sevindirici haldır. Çünki görünür, müəllimliyə böyük istək, hörmət və tələbat yaranıb.
Həmsöhbətimizin sözlərinə görə, müəllimin iş keyfiyyətini qiymətləndirmək üçün daha yaxşı olardı ki, müəllimlər üçün açıq dərslər keçirilsin, şagirdlər arasında təkmilləşmə işləri aparılsın: “Lakin söhbət müəllimlərin bilik və bacarıqlarının imtahan edilməsindən gedirsə, bu zaman nəzərə almaq lazımdır ki, məktəblərdə dərs keçən müəllimlər müəyyən proqramlarla işləyirlər. Bu baxımdan müəllimlər üçün imtahan sualları beynəlxalq standartlara uyğun formada tərtib edilməli və müəllimlər üçün müəyyən zaman verilməlidir ki, həmin suallara hazırlaşa bilsinlər”.
Ekspert deyib ki, indiki halda məlum nəticə başqa problemləri ortaya çıxarır: “Sözügedən imtahanının nəticələrinə görə düşünmək olar ki, universitetlərdəki tədris proqramı hazırda keçirilən sertifikatlaşdırma imtahanındakı suallarla üst-üstə düşmür. Yaxud da, müəllimlər öz üzərlərində işləmirlər. Deyirlər ki, şükür, diplomumu almışam, işlə təmin olunmuşam, ömürlük müəllim olacam. Bu baxımdan, sertifikatlaşdırma imtahanının keçirilməsi yaxşıdır. Bu gün uşaqlarımız öz üzərlərində işləyir, beynəlxalq məktəblərə üz tuturlar. Bəs niyə müəllimlərimiz öz üzərlərində işləməsinlər? Gəlin baxaq görək, dövlət məktəblərində nə baş verir, beynəlxalq, özəl məktəblərdə nə baş verir? Özəl və beynəlxalq məktəblərdə müəllimlər öz üzərlərində işləyirlər və buna görə də əməkhaqları dövlət məktəblərində fəaliyyət göstərən müəllimlərin maaşından fərqlənir”.
“Tələbata cavab vermək üçün müəllim gərək öz üzərində işləsin. Biz əldə etdiyimiz bir nəticəni ömürlük qəbul edirik, bu isə yanlışdır. Sənə hər zaman tələbatın olması üçün, gənclərə maraqlı olmaq və onlara kömək edə bilmək, dəstək ola bilmək üçün yaşından asılı olmayaraq, gərək daim öz üzərində işləyəsən. Dövlət də bu istiqamətdə inkişaf üçün dəstəyə hazırdır. Lakin təəssüf ki, yaşlı nəsil düşünür ki, mən 60-70-ci illərdə nə oxumuşam, öyrənmişəmsə yola onunla davam edəcəm. Gənclərin isə problemi dəqiqlikdən uzaqlaşmaları, öz potensiallarını göstərmək üçün şou yaratmalarıdır. Təəssüf ki, bu gün özünü mentor - məsləhətçi, məsləhət verən adlandıran gənclər var ki, onları müşahidə edən zaman görürük ki, Azərbaycan, rus, ingilis, türk dillərini qarışdırırlar. Bu, çox yanlışdır. Bizim gərək bir hədəfimiz olsun - Azərbaycan dilini yaxşı bilmək və bu dildə fikirlərini yüksək səviyyədə ifadə etməyi bacarmaq. Bunu da şou ilə yox, keyfiyyətli bilik çatdırmaq üçün dəqiqliklə etmək lazımdır”, S.Əliyeva söyləyib.
Bütün bunların fonunda bir qrup insan düşünür ki, müəllimlərin imtahan edilməsi, məqbul olmayan nəticələrin ictimaiyyətə açıqlanması cəmiyyətdə və eləcə də valideynlərdə müəllimlərə qarşı inamsızlığı gücləndirir, müəllimin savadına və peşəkarlığına şübhə ilə yanaşmaya səbəb olur. Həmsöhbətimiz deyib ki, bu cür məsələlərdə valideynlərdən çox mütəxəssislərin fikri önəmlidir: “Valideynlər subyektiv yanaşma ilə məktəbi, müəllimi idarə edirlər. Bu gün onlara əllərində olan imkanlardan istifadə etməklə müəllimləri hədələyir, süni yollarla uşaqlarına yüksək qiymət yazdırmağa çalışırlar, müəllimdən bilik tələb etməkdə maraqlı olmurlar. Sonra isə uşaqlarını repetitor yanına göndərirlər. Buna görə bu cür məsələlərdə valideynlərin yox, mütəxəssislərin fikri önəmli olmalıdır. Hesab edirəm, Elm və Təhsil Nazirliyi təcrübəli mütəxəssislər cəlb etməli və əl-ələ verib təhsilimizi xilas etməliyik”.
Daha bir həmsöhbətimiz, STM-in əməkdaşı, təhsil tədqiqatçısı Elmin Nuri AYNA-ya açıqlamasında müəllimin illərlə tədris etdiyi fəndən ikinci cəhddə sertifikasiya imtahanından keçə bilməməsinin təəssüf hissi doğurduğunu deyib: “Bəzi müəllimlər öz üzərlərində işləmirlər. Sertifikasiya adı eşidəndən sonra hazırlıqlara başlayırlar. Dövlət müəllimlərə hazırlaşmaq üçün bir il vaxt verir. Bundan başqa Elm və Təhsil Nazirliyi Təhsil İnstitunun vasitəsilə imtahandan kəsilən müəllimlər üçün kurs təşkil edir. Bütün bunlardan sonra müəllimlərin iki sualdan birinə cavab verə bilməməyi məyusedici məqamdır”.
Ekspertin sözlərinə görə, bu gün müəllimlər üçün dövlət tərəfindən kifayət qədər şərait yaradılıb: “Sosial şəbəkələrdəki “qəhrəman”lara fikir vermək lazım deyil, reallıq ortadadır. Repitetorluqla qaz vurub qazan dolduran, ibtidai sinifdə oxuyan uşaq yanlarına hazırlığa getməyəndə valideyni düşmən çıxaran, uşağı gözüm çıxdıya salanların bəziləri minimal balı toplaya bilməyiblər. Belə müəllimlər niyə tədris adı ilə məktəb qapısına ayaq döyür, sinifdən içəri keçirlər?! Belə insanların heç bir vətəndaşlıq missiyası yoxdur”.
“Vaxtilə imtahandan kəsilən müəllimləri çox müdafiə etmişəm. Hesab etmişəm ki, imtahandan keçə bilməyən müəllimlər kompüter texnologiyasından xəbərsizdirlər. Rəsmi qurumlar da təsdiqləyirlər ki, imtahandan kəsilən müəllimlər adətən orta yaşlı və orta yaşdan yuxarı şəxslər olurlar. Lakin bunu imtahanda minimal balı toplaya bilməyən müəllimlərin müdafiəsi üçün əsaslı dəlil olmadığının fərqində idim. Sadəcə ortalıqda müəllim adı olduğu üçün onu qorumağı özümə borc bilirdim. Daha sonra məlum oldu ki, bəli, elə müəllimlər var ki, kompüterin “maus”nu tuta bilmirlər. Təsəvvür edirsinizmi, 2020-ci illərdə bunu bacarmayan müəllimlər var. Bununla yanaşı imtahan vərdişlərinin olmamağını, psixoloji gərginliyi də əsas gətirdiyim olub. Amma hazırkı nəticədə 4 minə yaxın müəllimin bu kimi faktorlara görə imtahandan keçə bilmədiyini demək absurd olar”, - deyə həmsöhbətimiz fikrini davam etdirib.
İmtahanda təqdim edilən sualların çətinliyi ilə bağlı iddialara gəlincə, ekspert deyib ki, suallar asan, orta, çətin olmaqla 3 dərəcədə müəyyənləşir: “Suallar birbaşa mütəxəssislər tərəfindən hazırlanır. Müəllimlərin özləri də bəzi hallarda etiraf edirlər ki, sertifikasiya imtahanlarında təqdim edilən suallarda asanlıq dərəcəsi ilə seçilənlərin sayı daha çox olur. Maksimum 10 sualın çətin olduğu bildirilib. Maksimum 10 sualın çətin olduğu bildirilib. Bu halda müəllimlərin yerdə qalan 50 sualdan 30-40-na cavab verə bilməməkləri bizi acı mənzərə ilə üz-üzə qoyur. Bu o deməkdir ki, hələ də çox sayda hazırlıqsız müəllim var və onlar bizim uşaqlarımızı “şikəst” edirlər”.