"Bolt"un yeni tələbi taksi sürücülərini narazı salıb... - Kartla ödəniş istəmirik!

17-06-2024, 13:13           
"Bolt"un yeni tələbi taksi sürücülərini narazı salıb... -
Taksi sürücülərindən indi də VÖEN-ə bağlı bank kartı tələb olunur. Bu barədə Sputnik Azərbaycan-a taksi sürücüləri məlumat verib. Sürücülər bildiriblər ki, indiyədək müştəri nağdsız ödənişi kartdan-karta (card to card) edə bilirdi. Amma bir neçə gündür ki, "Bolt" taksi operatoru sürücülərdən VÖEN-ə bağlı bank kartı tələb edir.
"Əvvəl müştəri nağdsız ödənişi seçib bank kartından ödəniş edirdi. Sonra hesabımıza yığılan pulları şirkətdən alırdıq. İndi isə "Bolt" şirkəti bu pulu ancaq VÖEN-ə bağlı karta köçürəcəyini bildirib. Bütün sürücülərə bildirilib ki, VÖEN-ə bağlı bank kartı sifariş versinlər" - taksi sürücüləri deyiblər.
Sputnik Azərbaycan-ın əməkdaşı "Bolt" taksi şirkəti ilə yayılmış bu məlumata aydınlıq gətirib.

"Bolt" taksi şirkətindən sürcülərin dediyini təsdiqləyiblər.
"Balanslarını nağdlaşdırmaq üçün sürücülər VÖEN-ə bağlı hesab təqdim etməlidirlər. Müştərilər kartla ödəniş seçərkən həmin ödəniş sürücülərin balansına köçürülür. Daha sonra sürücülərin balansında toplanan məbləğ həftədə bir dəfə VÖEN-ə bağlı hesablarına köçürülür" - cavabda bildirilib.
Şirkətdən o da bildirilib ki, müştərilərdən sifariş zamanı qeyd edilən məbləğ çıxılır, əlavə pul tutulmur: "Müştərilər kart sifarişi zamanı məbləği şirkətə ödəyir və şirkət həmin məbləği sürücü balansına göndərir".
AYNA-dan isə Sputnik Azərbaycan-a bildiriblər ki, bu, şirkətin sürücülərə daxili tələbidir.
Qeyd edək ki, Azərbaycanda taksilər üçün POS-terminal tələbi qoyulub. Bu, Nazirlər Kabinetinin "Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texniki göstəriciləri, daxili və xarici tərtibatına dair tələblər"ində öz əksini tapıb. Qərara əsasən, hüquqi şəxslərin və ya fərdi sahibkarların sərnişin daşımalarında istifadə etdiyi taksi minik avtomobillərində nağdsız ödəniş üçün POS-terminal olmalıdır. Qərar 2024-cü il iyulun 1-dən qüvvəyə minir.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.