Vətəndaş sığortaya inanmır...
20-06-2024, 10:44
Hökumət, azı 25 ildir ki, aqrar sahənin prioritet olduğunu elan edib, adıgözəl proqramlar qəbul edib, ciddi nəticəsi olmasa da böyük yatırımlar edib – amma bu sahədə banklar aqrar sektora kredit vermək, sığortaçılar bu sektoru sığortalamaq istəmirlər. Onu da deyim ki, bu nə bankların, nə də sığorta şirkətlərinin günahı deyil – ümumi istisadi sistemin yaratdığı durumdur.
Buna görə Dövlət Aqrar Sığorta Fondu yaratdı, Fond fermer təsərüffatlarını sığortalamaq üçün yeni və sərfəli məhsullar təqdim etdi, amma aqrar sahədə çox cüzi bir hissə sığortalanıb.
İndi də heyvandarlıq sahəsində yeni sığorta paketləri təqdim edilib - qiyməti 1000 manat olan mal-qaranın sığortası fermerə seçilmiş zərflən asılı olaraq 26-41 manata, 2000 manatlıq heyvanın sığortası 52-82 manata, 5000 manatlıq mal-qaranın sığortası isə 130-205 manata başa gəlir. Xırdabuynuzlu heyvnaların sığorta haqqı - 300 manatlıq qoyun və ya keçinin sığortası sahibinə 8-12 manata, 500 manatlıq heyvanın sığortası isə 13-20 manata başa gəlir.
Normal iqtisadi sistemdə çox sərfəli paketlərdir, amma bizdə uğurlu olacağına inanmaq çətindir – çünki, vətəndaş sığortaya inanmır.
İnamsızlıqla yanaşı pulsuzluq da var – 2 inəyi, 10 qoyunu olan vətəndaş orta qiymətlərlə götürsək ümumən ildə 200-250 manat sığorta haqqı ödəməlidir. Yəni, vətəndaş nəğd olaraq, cibindən çıxardıb ödəməlidir ha, və inanmalıdır ki, inəyinə, qoyununa bir şey olsa sığorta haqqını alacaq. İnamı və pulu olmadığına görə ödəmir, hətta Dövlət Aqrar Sığorta fondunun sərfəli təkliflərinə belə qatılmır.
Avropada fermer əkdiyi məhsulu, saxladığı heyvanı sığortalamasa əlini ağdan qaraya vurmaz, bu ənənədir, sərfəlidir, inam da var, ödənişlərin geri dönüşü də - amma hər şeyin kökündə məhz inam və maariflənmə dayanır.
Bizdə maarifləndirmə, inam, institutlar zəif, vətəndaş da ödəniş, bank, faiz, sığorta məsələlərində SSRİ-dən bəri dəfələrlə aldadılmış və kasıb vəziyyətdədir deyə, bu mexanizmlər işləmir...
Natig Cəfərli
TEREF