Əhali banklar qarşısında daha çox borclanır, qazandığı ilə ödəyə bilmir - FAKT BUDUR!
28-09-2024, 18:14
Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği o qədər böyükdür ki, əhalinin halına acımamaq mümkün deyil. Borcun ümumi məbləği 473 milyon manata çatıb. Bu o deməkdir, əhalinin banklara milyardlarla borcu var, sadəcə, yarım milyard manata yaxınını heç cür ödəyə bilmir. Görün, indi vəziyyət nə qədər ağırdır! Özü də keçən ilin eyni dövrü ilə müqayisədə 5 faizə yaxın artım olub. Əhali daha çox borclanır, borcu da ödəyə bilmir.
Bizimyol.info xəbər verir ki, problemli kreditlərin məbləği 2024-cü ildə xüsusilə çox artıb. Artımın miqyası 8 faizə yaxınlaşır. Yəni kredit götürmüş şəxslər bu il daha böyük çətinliklə üzləşib. Məbləği ödəmək mürəkkəbləşib, mümkünsüzə çatıb.
Əks arqument kimi deyilə bilər ki, problemli kreditlərin daha çox olduğu dövr görmüşük, əslində, faciə deyil. Amma bir şeyi unutmaq olmaz. Əvvəllər tənzimləyici qurum banklara requlyativ güzəştlər verirdi. Yəni imkan yaradılırdı ki, gecikmələrə əncam çəkilsin, məsələn, müddət artırılsın. İndi belə güzəştlər yoxdur. Müştərilər hissə-hissə sıradan çıxır, krediti ödəmək gücündə olmurlar.
Hesab edirik ki, vəziyyət rəsmi rəqəmlərdə görstəriləndən daha pisdir. Sadəcə, banklar durumu ört-basdır edir. Guya hər şey qaydasındadır, hətta yeni kredit hekayəsi yaratmağa hazırdırlar. Sizə bununla bağlı müxtəlif mesajlar gələ bilər. Bank 20-30 min manat kredit təklif edir. Filiala yaxınlaşanda məlum olur ki, bank heç 2 min manat ayırmağa da hazır deyil. Yuxarıda vurğuladığımız kimi, banklar gerçək vəziyyəti gizlədir. Bağlanan bankların son günlərində təqdim etdiyi statistikaya nəzər sala bilərsiniz. Elə təəssürat yaranacaq ki, hər şey qaydasında imiş. Halbuki bank enişə doğru gedirmiş.
Problemli kreditlərin həcminin artması, bankların, eləcə də tənzimləyici qurumun güzəştə hazır olmaması yaxşı bir şey vəd etmir. Problemin miqyası böyüməkdə davam edəcək. Əhalinin real gəlirləri azalıbsa, ödənməyən məbləğlərin artması da təbiidir. Nominal gəlirlərin artımı ilə bağlı hökumət nümayəndələrinin açıqlamalarına fikir verməyin. Gerçək vəziyyət kədərli görünür.