Məğlub doğulanlar – 0:1

29-09-2024, 09:44           
Məğlub doğulanlar – 0:1
Minlərlə uşağın kəbinsiz gələcəyi və ya ağsaqqal da keçmişdə qaldı, ağsaqqallıq da

Azərbaycanı və azərbaycanlıları dünyanın digər ölkələrindən və xalqlarından fərqləndirən bir çox xüsusiyyətlər mövcud olub. Son feili keçmiş zamanda işlətməyimiz heç də təsadüfi deyil. Bu, həm də bədbinlikdən irəli gəlmir. Nə edək ki, acı reallıq məhz belədir.

Çox təəssüf ki, bir zamanlar bizi digərlərindən fərqləndirən, hətta deyərdik ki, üstün edən bəzi özəlliklərimizi ya tamamən itirmişik, ya da hazırda proses sürətlə davam etməkdədir. Misal üçün, artıq məmləkətimizdə “ağsaqqal” sözü 30-40 il əvvəlki ehtişamını çoxdan əldən verib. Bəzi nadanlar isə bu sözü, hətta ironiya və alçaldıcı məqsədlərlə istifadə edirlər.

Əgər illər öncə elin ağsaqqalı və ya ağbirçəyi hansısa bir qalmaqal və ya davaya müdaxilə edib “durun!” söyləsəydi, hətta ən çılğın gənclər belə, başını aşağı salıb hərə öz yoluna davam edərdi. İndi bu mənzərəni təsəvvür etmək olarmı? Qətiyyən! İndi nadir ağsaqqal və ya ağbirçək hansısa “razborkaya” müdaxilə etməyə risk edər. Çünki zəmanəyə və zəmanənin insanlarına bələddir: ən yaxşı halda sözü boşuna gedəcək. Allah eləməmiş, hətta şapalaq və ya bıçağa da tuş gələ bilər.

Bəlkə də, elə söz açmaq istədiyimiz problemin əsas səbəblərindən biri də məhz böyük-kiçik bölgüsünün cəmiyyətdə “sıfırlanması” ilə əlaqədardır. Söhbət Azərbaycanda nikahdankənar doğulan uşaqların sayının durmadan artmasından və bundan irəli gələn problemlərdən gedir.

Pozğunu pozğun, fahişəni fahişə adlandırmasaq...

Yenə də yaxın keçmişə qayıdaraq etiraf etməliyik ki, el arasında “ZAQS” adlanan dövlət orqanında münasibətlərini rəsmiləşdirməyən cütlüklərə cəmiyyətdə münasibət birmənalı idi: onların davranışları qınanırdı və əxlaqsızlıq kimi dəyərləndirilirdi. Bundan başqa, SSRİ-də din inkar edilsə də, özünü müsəlman sayanlar dini kəbinsiz, demək olar ki, ailə münasibətlərinə qədəm qoymurdular.

Və, əlbəttə ki, belə olan halda, nikahdankənar dünyaya göz açan uşaqların da sayı bir o qədər çox deyildi. Xüsusən Sovetlər birliyinə daxil olan Baltikyanı respublikalar, Rusiya, Ukrayna, Belorus, Moldova ilə müqayisədə Azərbaycan bu göstəricidə yaxşı mənada fərqlənirdi.

Amma 1991-ci ildən sonra ağına-bozuna baxmadan özümüzə məxsus hər şey arxaizm, Qərbdən gələn isə, qeyri-rəsmi olsa da, mütərəqqi və qabaqcıl elan edildi. O cümlədən əsrlər boyu formalaşmış ailə dəyərlərimiz heçə sayıldı, əvəzində “azad eşq” və “azad seks” təbliğ olunmağa başladı. Və bu gün statistik göstəricilərdə əks edilən rəqəmlərin təməli də əslində elə 30-35 il əvvəl qoyulub: o zaman səpilən toxumlar bu gün bol məhsul verməkdədir.

Həqiqətən, düşündürücüdür: ölkədə 2022-ci ildə anadan olan hər 7 uşaqdan birinin anası rəsmi nikahda olmayıb. Ötən il isə Azərbaycanda nikahdankənar 15622 uşaq doğulub. Bu göstərici 30 il əvvəl ilə müqayisədə iki dəfə artıb. Təbii ki, müəyyən tədbirlər görülə bilər.

Amma yalnız rəsmi dövlət orqanlarının fəaliyyəti ilə bu məsələni həll etmək mümkün deyil. İlk növbədə cəmiyyət ayaq saxlamalı və nə baş verdiyini düzgün qiymətləndirməlidir. Artıq pozğunlar və pozğunluqla böyük pullar qazananlar söz sahibi olmamalı və ülgü olaraq önə çəkilməməlidir. Belə olmasa, pozğunu pozğun, fahişəni fahişə adlandırmasaq və onlara müvafiq münasibət bəsləməsək, lap 100 qanun qəbul edilsin - faydası olmayacaq. Dünyaya əzəldən məğlub vəziyyətə düşən körpələr gəlməkdə davam edəcək.

0:1 məğlub başlayanlar

Sual oluna bilər: fərqi nədir ki, uşaq rəsmi nikahdan doğuldu, ya qeyri-rəsmi, bunun hər hansısa fəsadı varmı? Bu sualı cavablandırmazdan öncə əks-suala cavab arayaq: əgər bunun prinsipial fərqi olmasaydı, o zaman dövlətə bağlı hər hansı orqan məsələ ilə bağlı hesablamalar, araşdırmalar və statistik materialların toplanması ilə məşğul olardımı? O ki qaldı fəsadlara...

Sirr deyil ki, qeyri-rəsmi nikahdan doğulanların böyük əksəriyyəti hələ yeniyetməlik çağlarına çatmamış ya bir (əsasən ata), ya da hər iki valideynin qayğısından məhrum olur. Bu halın isə mənəvi cəhətdən hansı problemləri meydana gətirməsi, belə uşaqların sonrakı həyatda nə dərəcədə kompleksli olmaları barədə o qədər təhlillər və araşdırmalar mövcuddur ki, yenidən bunu təkrarlamağa ehtiyac duymuruq.

Başqa bir məsələ isə nikahdankənar doğulan uşaqların varislik hüquqları ilə bağlıdır. Bəzən valideynlər rəsmi nikaha daxil olmasalar da, dövlət orqanlarında onların atalıq və analıq faktı sənədlərlə təsdiqini tapır. Və bu zaman övlad rəsmi nikahdan doğulan uşaqlar kimi varis hesab edilir.

Lakin bir çox hallarda məsələ tam fərqli müstəvidə olur. Özünə zəhmət verməyərək rəsmi nikah bağlamağa ehtiyac duymayan məsuliyyətsiz kişi və qadın eyni ilə dünyaya gətirdikləri uşağın gələcəyinə də biganə qalırlar. Və bir gün müstəqil olaraq həyatın girdabına atılan yeniyetmə digərlərindən fərqli olaraq heç bir maddi dəstəyə malik olmur. Necə deyərlər, hətta “sıfırdan” deyil, “mənfidən” başlayır.

Hamımız bir gəmidəyik

Sonda isə çıxış yolu haqqında. Artıq yuxarıda qeyd etdik: məsələni qanunlarla, müxtəlif qadağalarla yaxşıya doğru dəyişmək çox çətindir. Cəmiyyətin mənəviyyatı saflaşmalı, seçilən ideallara yenidən baxılmalı və saf-çürük edilməlidir.

Və heç kim də deməsin ki, bu, mənim problemim deyil, özləri bilər. Əgər bu cəmiyyətin üzvüyüksə, onun müsbətləri bizə müsbət, mənfiləri isə mütləq mənfi təsirini göstərəcək. Gec, ya tez.

Müəllif: Polad Xudayarlı
ayna.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.