Ödənişli əmək MƏZUNİYYƏTİ işçiyə məcburi qaydada verilə bilərmi və ya İŞƏGÖTÜRƏNİN işçini məcbur qaydada əmək məzuniyyətinə göndərmək hüququ varmı?
2-11-2024, 10:44
Bu sualla əlaqədar da Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatına mütəmadi olaraq suallar daxil olur. Bununla əlaqədar bildirirəm ki, işçilərin məzuniyyət hüququ Əmək Məcəlləsi ilə aşağıdakı qaydada tənzimlənir:
1. İlk olaraq onu bildirirəm ki, işçiləri ödənişli əmək məzuniyyəti hüququ ilə təmin etmək - işəgötürənin vəzifəsi, işçinin isə hüququdur. Qanunvericiliyin tələblərinə əsasən işçi ildə ən az bir dəfə ödənişli əmək məzuniyyətinə göndərilməlidir, istər könüllü, istər məcburi.
2. Əgər işçi-məzuniyyət ilinin sonuna qədər məzuniyyətə çıxmayıbsa, hər hansı bir əsas və ya səbəbdən iş ilinin sonuna qədər işçiyə məzun verilməyibsə, işçi də ərizə yazıb ödənişli əmək məzuniyyətinə getmək istəmirsə, bu halda işəgötürənin əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələbləri əsas tutulmaqla əmrlə məzuniyyətə göndərilə bilər.
3.Əmək məzuniyyəti-işçinin, istirahəti, əmək qabiliyyətinin bərpası, onun sağlamlığının mühafizəsi, möhkəmləndirilməsi üçün işdən ayrılmaqla öz mülahizəsi ilə istifadə etdiyi, müddəti AR-n Əmək Məcəlləsində nəzərdə tutulandan az olmayan istirahət vaxtıdır.
4. AR Əmək Məcəlləsinin tələblərinə əsasən olaraq işəgötürən tərəfindən - işçiyə ödənişli əmək məzuniyyətinin verilməməsi qadağandır.
5. Bütün növ məzuniyyətlərin verilməsi - işçinin yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) ərizəsi əsasında işəgötürənin əmri (qərarı) ilə rəsmiləşdirilir
6. İstehsalın və işin normal gedişini tənzimləmək, məzuniyyətlərin uçotunun düzgün aparılmasını təmin etmək məqsədi ilə hər il yanvarın sonunadək ödənişli əmək məzuniyyətlərinin verilməsi üçün növbəlilik cədvəlləri tərtib edilə bilər.
7. Əmək məzuniyyətlərinin verilmə növbəsi həmkarlar ittifaqları təşkilatının, olmadıqda isə işçinin rəyi öyrənilməklə işəgötürən tərəfindən təsdiq edilir.
8. Aşağıdakı işçilərə ödənişli əmək məzuniyyəti arzusu ilə onlar üçün əlverişli olan vaxtda verilə bilər: 14 yaşınadək iki və daha çox uşağı olan və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşağı olan qadınlara; 16 yaşınadək uşaqları təkbaşına böyüdən valideynə və ya qəyyuma; hərbi qulluqçunun arvadına (ərinə); əlilliyi olan şəxslərə; müharibə veteranlarına; Çernobıl AES-də sağlamlığı pozulmuş şəxslərə; yaşı 18 - dən aşağı olan işçilərə; işləməklə bərabər təhsil alan şəxslərə.
9. İşçi müvafiq iş ilində ödənişli əmək məzuniyyətindən istənilən səbəbdən istifadə etmədikdə ona həmin iş ili (iş illəri) üçün istifadə edilməmiş ödənişli əmək məzuniyyətinə görə müəyyən olunmuş qaydada və məbləğdə kompensasiya ödənilir.
10. Hər bir halda işçinin ödənişli əmək məzuniyyətinə hər il çıxması onada sərf edir. Belə ki, Əmək münasibətlərinə xitam verilərkən əsas məzuniyyətlərdən fərqli olaraq, 115 və 116-cı maddələrdə nəzərdə tutulmuş əlavə (iş stajına və əmək şəraitinə) məzuniyyətlərə, təhsil bə yaradıcılıq məzuniyyətlərinə, habelə sosial məzuniyyətlərə görə pul əvəzi verilmir.
11. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.5-ci maddəsinə əsasən də işçiyəməzuniyyət verməyən işəgötürən üçün inzibati cərimə nəzərdə tutulur: İşçinin məzuniyyət hüquqlarının pozulmasına, işçiyə əmək məzuniyyətinin verilməməsinə, habelə istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən edilmiş kompensasiyanın ödənilməməsinə görə- vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir.
Azer Quliyev
TEREF