Xərçəngə qarşı qidalar: Onkoloji xəstəlik riskini azaldan SƏKKİZ məhsul

Bu gün, 15:08           
Xərçəngə qarşı qidalar: Onkoloji xəstəlik riskini azaldan SƏKKİZ məhsul
Onkoloji xəstəliklər təkcə genetik mutasiyalarla deyil, həm də xroniki iltihab, oksidativ stres, hüceyrə bölünməsinin pozulması və hüceyrələrdə nəzarət mexanizmlərinin sıradan çıxması ilə əlaqəli kompleks biokimyəvi proseslərlə yaranır. Düzgün qidalanma bu xəstəliklərin qarşısını tam ala bilməsə də, xərçəngin inkişafına səbəb olan əsas mexanizmlərə təsir göstərərək riski azalda bilər.

Bu barədə diyetoloq Yekaterina Şirşova gazeta.ru-ya danışıb. Onun sözlərinə görə, bəzi məhsullar biokimyəvi və fizioloji baxımdan xərçəng riskini azaltmağa kömək edə bilər.

1. Xaççiçəklilər (brokkoli, gül kələm, Brüssel kələmi)

Bu tərəvəzlər tərkibindəki qlükozinolat maddəsi sayəsində çeynənərkən sulforafan və indol-3-karbinola çevrilir. Bu birləşmələr qaraciyərin detoks fermentlərini aktivləşdirərək kanserogen maddələrin zərərsizləşdirilməsinə və orqanizmdən xaric olunmasına kömək edir. Həmçinin gen fəaliyyətinə təsir göstərərək qoruyucu zülalların aktivliyini artırır.

2. Pomidor və likopin

Pomidorun tərkibindəki likopin güclü antioksidant təsirə malikdir. Hüceyrə membranlarını oksidativ zədələnmədən qoruyur, iltihabı azaldır və hüceyrələrin nəzarətsiz çoxalmasının qarşısını alır. Xüsusilə prostat vəzi üçün faydalıdır.

3. Giləmeyvələr (qaragilə, moruq və s.)

Antosianlar, ellag turşusu və resveratrol kimi maddələr şiş hüceyrələrinin qidalanması üçün damarların yaranmasına mane olur. Zədələnmiş hüceyrələrin apoptozunu (təbii məhvetmə prosesini) təşviq edir, oksidativ stresi azaldır.

4. Sarıkök (kurkumin)

Sarıkökün əsas aktiv maddəsi olan kurkumin iltihab və şiş böyüməsinə təsir edən siqnal yollarını bloklayır. Hüceyrələrin enerji mübadiləsinə müdaxilə edərək xərçəng hüceyrələrinin zəifləməsinə səbəb olur. Kurkuminin təsiri qara istiot (piperin) və yağlarla birlikdə daha güclü olur.

5. Sarımsaq və soğan

Tərkibindəki alisin və digər orqanosulfid birləşmələr kanserogenlərin təsirini zəiflədir, qaraciyərdə zərərsizləşdirmə proseslərini gücləndirir. Həmçinin iltihab proseslərini tənzimləyən molekulları bloklayır. Əzilmiş və 10-15 dəqiqə saxlanmış sarımsaqda alisinin miqdarı daha yüksək olur.

6. Qoz-fındıq

Qoz-fındıq selenlə zəngindir. Bu element DNT-nin qorunmasında və bərpasında iştirak edir. Omega-3 yağ turşuları və polifenollar isə xroniki iltihabı azaldaraq xərçəng riskini aşağı salır.

7. Yaşıl çay

Yaşıl çaydakı katexinlər (xüsusilə EGCG) hüceyrə bölünməsini və şiş hüceyrələrinin yayılmasını zəiflədir. Angiogenezi (şişi qidalandıran damarların yaranması) və invaziyanı (şişin yayılması) məhdudlaşdırır.

8. Sellüloz (lifli qidalar) və bağırsaq mikrobiotası

Tərəvəz, paxlalılar və toxumlar sellülozla zəngindir. Bu liflər bağırsaqda faydalı bakteriyalar tərəfindən parçalanaraq butirat kimi faydalı maddələrə çevrilir. Butirat hüceyrə funksiyalarını tənzimləyir, bağırsaq selikli qişasını qoruyur və yoğun bağırsaq xərçəngi riskini azaldır. Disbioz və selikli qişanın iltihabı isə kolorektal xərçəngin əsas səbəblərindən biridir.

Nəticə

Diyetoloq Yekaterina Şirşova vurğulayıb ki, düzgün qidalanma onkoloji xəstəliklərə qarşı profilaktikanın biokimyəvi hissəsidir.

"Bu, "xərçəngə qarşı pəhriz" deyil və həkim nəzarətini, eləcə də mütəmadi skrininqləri əvəz edə bilməz. Lakin göstərilən məhsullar molekulyar səviyyədə faydalı təsir göstərərək xərçəng riskini azaltmağa kömək edə bilər", - deyə o bildirib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.