Bolt-un fəaliyyətinə dair yayımlanmış iddialarla bağlı açıqlama
Bu gün, 15:48

Bolt-un fəaliyyətinə dair yayımlanmış iddialarla bağlı açıqlama:
1. Aparılmış daxili araşdırma nəticəsində müəyyən edilib ki, sosial şəbəkədə qeyd olunan avtomobillər bloklanmayıb və Bolt tətbiqi vasitəsilə qanun çərçivəsində fəaliyyət göstərir.
2. Bolt platforması həm fərdi sürücülərlə, həm avtoparklar (fleet) tərəfdaşları ilə əməkdaşlıq edir. Avtoparkların ölçüsündən və fəaliyyət formasından asılı olmayaraq bütün tərəfdaşlarla eyni hüquqi çərçivədə və bərabər yanaşma prinsipi əsasında işləyirik. Hər bir tərəfdaş qanunlara uyğun fəaliyyət göstərməyə məsuliyyət daşıyır və bu məsuliyyətin icrası mütəmadi olaraq yoxlanılır.
3. Bolt-un Azərbaycandakı ofisinin səfər sifarişi xidmətinin rəhbəri Naim Əzizovun fəaliyyəti tam şəkildə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun həyata keçirilir. Qeyd edirik ki, Naim Əzizov Bolt-un əməkdaşlıq etdiyi heç bir avtoparkda işçi kimi fəaliyyət göstərmir. O, öz vəzifə səlahiyyətlərini Bolt-un daxili prosedurlarına, etik standartlarına və qanunvericiliyə uyğun şəkildə icra edir.
4. Dələduzluq və ya vəsaitlərin qeyri-qanuni yolla yönləndirilməsi ilə bağlı bütün ittihamları qəti şəkildə rədd edirik. Bolt bütün əməliyyatlarını yalnız rəsmi kanallar vasitəsilə və yerli qanunvericiliyə uyğun şəkildə həyata keçirir. Şirkət olaraq daim şəffaflığa, qanunlara uyğunluğa və ictimai etimada əsaslanan fəaliyyət prinsiplərinə sadiq qalırıq.
Bolt şirkəti tərəfindən tətbiq vasitəsilə fəaliyyət göstərən avtomobillərin qanunvericiliyə uyğunluğunu çox ciddi şəkildə nəzarətdə saxlayırıq. Son aylar ərzində daxili yoxlama proseslərimizi gücləndirmiş və aidiyyəti qurumlarla əməkdaşlığı artırmışıq. Bu çərçivədə uyğun olmayan avtomobillər müəyyən edilir və platformadan uzaqlaşdırılır. Bu addımlar təhlükəsizlik və qanunlara tam uyğunluq öhdəliyimizin bir hissəsidir.