Kredit daha çox hansı sektora yönəlib? - AKTUAL
Bu gün, 00:09
İndiyə qədər İpoteka və Kredit Zəmanət Fondunun zəmanəti ilə Azərbaycan sahibkarlarına güzəştli şərtlərlə 540 milyon manatdan çox kredit verilib.
Bunu Fondun Kredit zəmanət departamentinin direktoru Elşən Kərimov qurumun təşkil etdiyi "Yaşayış maliyyəsi və sahibkarlığa dəstək alətləri" adlı seminarda bildirib.
Onun sözlərinə görə, bunun 282,2 milyon manatlıq hissəsinə dövlət zəmanəti verilib.
"Kreditlər tikinti və emal sənayesi daxil olmaqla müxtəlif sahələrə ayrılır", - deyə Fond rəsmisi vurğulayıb.
Maraqlıdır, sahibkarlara güzəştli şərtlərlə verilən 540 milyon manatdan çox kredit hansı sektora xərclənib?
Bu barədə əmlak məsələləri üzrə ekspert Elnur Azadov “Cebheinfo.az”-a açıqlamasında bildirib ki, indiyə qədər İpoteka və Kredit Zəmanət Fondu tərəfindən sahibkarlara ayrılan 540 milyon manatdan çox kredit məhz kiçik və orta sahibkarlıq subyektlərin inkişafına xərclənib:
“Bildirim ki, İpoteka və Kredit Zəmanət Fondu təkçə vətəndaşları ipoteka kreditləri ilə təmin etmir, eləcə də sahibkarlara uzunmüddətli kreditlər də verir. Bu kreditlər əsasən kiçik və orta sahibkarlığın, o cümlədən aqrar sənaye, eləcə də digər sektorların inkişafına xərclənib. Bu da yeni iş yerlərinin açılmasına, həmçinin biznes mühütinə müsbət təsir edib”.
O qeyd edib ki, bu proses davam edərsə, biznes mühiti daha çox inkişaf edə bilər:
“Bu gün İpoteka və Kredit Zəmanət Fondunun zəmanəti ilə Azərbaycan sahibkarlarına güzəştli şərtlərlə 540 milyon manatdan çox kredit verilib. Bu gün o kreditlərin əlçatanlığı yüksək səviyyədə təmin edilməlidir ki, digər sahibkarlar da bundan faydalana bilsinlər.
Belə tendensiya davam edərsə, həm rəqabət mühiti, həm də sahibkarlıq inkişaf edər”.