5 ay əvvəl çökən həmin ev hələ də bu vəziyyətdədir... - GİLEY
Dünən, 17:57

Ötən ilin oktyabrında Xətai rayonunun Kənd Əhmədli qəsəbəsində ikimərtəbəli evin çökməsi nəticəsində ərazidə qorxunc vəziyyət yaranması gündəmə çevrilmişdi.
Maraqlıdır ki, hadisənin baş verməsindən 5 ay ötsə də, problem hələ də aradan qaldırılmayıbmış.
Bununla bağlı “Qafqazinfo”ya həmin evin sahibi Məcnun Məmmədov yenidən müraciət edib.
Vətəndaş bildirib ki, onun evi ilə yanaşı 2 ev də yararsız haldadır: “Artıq 5 aydır ki, kirayələrdə yaşayırıq. Həmin ərazini də üfunət iyi basıb, 3 böyük ailə evsiz qalmışıq. Kirayə qalmaq üçün də vəsait ayrılmır, heç bir köməklik göstərilmir. 18 il idi yaşadığımız ev birdən-birə bu hala qaldı. Evimizdə bayram keçirə bilmirik. Artıq çıxılmaz vəziyyətdəyik”.
Məcnun Məmmədov deyir ki, bu aylar ərzində aidiyyəti qurumların hər birinə dəfələrlə müraciətlər ediblər: “İlkin qəza baş verən vaxtlarda evlərin yaşayış üçün yararsız vəziyyətdə olması və təcili təxirə salınmaz şəkildə sökülərək vətəndaşlara kompensasiya ödənilərək oradan çıxarılması, həmçinin qəzanın aradan qaldırılması üçün FHN qərar verib. Son iki ayda bizim çoxsaylı müraciətlərimizdən sonra Maliyyə Nazirliyi bu məsələnin həlli üçün Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə qiymətləndirmə aparıb təqdim etməsi üçün müraciət ünvanlanıb. Bizdə olan məlumata görə, bu evlərin sökülməsi, vətəndaşların köçürülməsi üçün vəsait ayrılması ilə bağlı qərar var. Sadəcə düzgün qanuni qiymətləndirmə edilmir və vəsait ödəməsi gecikdirilir. İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin sədr vəzifəsini icra edən Tahir Xəlilov aylar öncə bizə bildirdi ki, bu məsələ fevral ayında həll olunacaq. Lakin heç nə dəyişmədi. Burada məsələ odur ki, ADSEA bu evlərə düzgün, qanuni formada komissiya təşkil edərək qiymətləndirmə aparmır. Bununla yanaşı, bizim qanuni formada Ədliyyə Nazirliyi tərəfindən tanınan qiymətləndirməmizə də qarşı çıxır və məsələni uzadır”.
Məsələ ilə bağlı Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə (ADSEA) sorğu ünvanladıq. Qurumdan müraciətimizə belə cavab verildi: “Qeyd olunan ərazidə yaşanan hadisə ilə bağlı əsaslı araşdırmalar aparılıb. Hadisə nəticəsində İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti də eynilə həmin vətəndaşlar kimi zərər görüb. Belə ki, yaşayış evinin altında qalan daşıyıcı tullantı su kollektoru, 1700 mm diametrlik boru və digər infrastrukturlar qəzalı vəziyyətə düşüb. Həmin yaşayış evlərinin sahibləri dəfələrlə Xidmətin inzibati binasında rəhbər şəxslər tərəfindən yüksək səviyyədə qəbul edilib və onlara məsələ ilə bağlı ətraflı izahatlar verilib. Bildirilib ki, Xidmətlə əlaqəli bütün prosedurlar qurum tərəfindən təcili icra olunub, müvafiq qurumlara rəsmi müraciətlər ünvanlanıb. Sonuncu görüşdə isə bildirilib ki, qəzanın miqyası qiymətləndirilib və bununla bağlı növbəti müvafiq quruma məktub göndərilib.
Onu da xüsusilə qeyd edək ki, İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti qəzalı vəziyyətə düşən kollektorun bərpa edilməsi istiqamətində əsas maraqlı tərəfdir. Bu baxımdan qurum kanalizasiya xəttinin üzərində tikilən evlərin köçürülməsi prosesinin tezləşdirilməsinin açıq tərəfdarıdır və bir daha xatırladaq ki, Xidmətin üzərinə düşən bütün işlər görülüb və görülməkdədir”.
Şikayətlə bağlı Fövqəladə Hallar Nazirliyinə də (FHN) sorğu ünvanladıq. Qurumdan müraciətimizə cavab olaraq bildirilib ki, FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən aidiyyəti qurumlara rəsmi müraciətlər ünvanlanıb: “2024-cü ilin oktyabr ayında Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, 4-cü Buta küçəsi, giriş 75 ünvanında yerləşən, Məmmədov Məcnun Hümmət oğluna məxsus ikimərtəbəli və Şahin Səmədov küçəsi, döngə 1, ev 14 ünvanında yerləşən, Məmmədova İsatoy Nemətovnaya məxsus birmərtəbəli fərdi yaşayış evlərinə Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin mütəxəssisləri tərəfindən baxış keçirilib. Baxış zamanı göstərilən evlərin ərazidəki kanalizasiya kollektorundan sızmanın baş verməsi nəticəsində qəzalı vəziyyətə düşdüyü müəyyən olunub və bununla bağlı müvafiq aktlar tərtib edilib. Həmçinin, ərazidə zəruri təhlükəsizlik tədbirlərinin görülməsi, kanalizasiya kollektorunun bərpa edilərək istismar vəziyyətinə qaytarılması ilə bağlı təcili işlərin görülməsi üçün Agentlik tərəfindən aidiyyəti qurumlara rəsmi müraciətlər ünvanlanıb”.