“2025–2028-ci illər üçün Azərbaycan Respublikasının Süni İntellekt (Sİ) Strategiyası” -Çin Sİ strategiyası ilə müqayisə
Dünən, 00:09

Azərbaycan hökuməti tərəfindən təqdim edilən “2025–2028-ci illər üçün Azərbaycan Respublikasının Süni İntellekt (İA) Strategiyası” təsdiq edilmişdir. Bu qərar, ölkənin rəqəmsal transformasiya yolunda mühüm addım hesab olunur. Strategiya Prezident İlham Əliyev tərəfindən imzalanmış və müxtəlif sahələrdə Sİ texnologiyalarının inteqrasiyası və inkişafı üçün geniş məqsədlər çərçivəsində hazırlanmışdır.
Strategiyanın Əsas Məqsədləri
İqtisadi rəqabətqabiliyyət: SI texnologiyaları vasitəsilə ölkə iqtisadiyyatının gücləndirilməsi.
SI-ın tətbiqi: səhiyyə, kənd təsərrüfatı, nəqliyyat və təhsil kimi prioritet sahələrdə SI-ın tətbiqi üçün əlverişli şəraitin yaradılması.
İnsan Resurslarının İnkişafı: SI innovasiyalarını həyata keçirəcək ixtisaslı kadrların hazırlanması.
Etik və hüquqi çərçivə: məsuliyyətli SI istifadəsini təmin edən qaydaların və vətəndaş hüquqlarının qorunması üçün etik prinsiplərin müəyyən edilməsi.
Sahəvi İnteqrasiya
Strategiyada əsas diqqət aşağıdakı sahələrdə SI sistemlərinin tətbiqinə yönəldilir:
Səhiyyə: Diaqnostikanın dəqiqliyinin artırılması və müalicə planlarının optimallaşdırılması.
Nəqliyyat: Təhlükəsiz yol hərəkəti və effektiv trafik idarəetməsi üçün SI əsaslı həllərin tətbiqi.
Təhsil: Təhsil nəticələrinin yaxşılaşdırılması üçün SI əsaslı tədris vasitələrinin təşviqi.
Icra və Monitorinq
Strategiyanın icrasına İqtisadi İslahatlar və Kommunikasiya Təhlili Mərkəzi (İİKTM) nəzarət edəcək. Mərkəz, tədbirlərin milli prioritetlər və qlobal SI trendləri ilə uyğunluğunu təmin edəcək.
Əlbəttə, bu təşəbbüs, texnoloji inkişafdan əlavə, ictimai rifah və etik prinsipləri əhatə edən geniş çərçivə ilə Azərbaycanı qlobal SI məkanında rəqabətəqabil ölkə kimi mövqeləndirir. Amma, xeyli gecikmiş tədbirdir.
SI dünyanın, bəşər tarixinin taleyini həll etmək vəziyyətinə gəlib çatmışdır. Bu təmiz elmi prosesdir, elmi məhsuldur, texnoloji prosesdir. Həm də Azərbaycan və digər az inkişaf etmiş, iqtisadi diversifikasıysı çox aşağı olan ölkələr üçün ən gəlirli qeyri-neft sektorudur. Bütün biznes sahələri içərisində ən çox gəlir gətirən biznes sahəsidir.
Süni intellekt inkişafı üzrə reyting cədvəlində Azərbaycan təhlil olunan 83 ölkədən 78-ci yeri tutur, bu da Ermənistan kimi ən az inkişaf edən ölkədən (65-ci yer) 13 pillə geri qalır. İlk beşlikdə isə sıra ilə ABŞ, Çin, Sinqapur, Böyük Britaniya və Fransa durur.
(https://www.tortoisemedia.com/data/global-ai#rankings).
Çin həm də Sİ üzrə ən sürətli inkişaf edən ölkədir. Proqnozlar da göstərir ki, yaxın gələcəkdə bütün ölkələri, o cümlədən ABŞ-ı geridə buraxacaq. Azərbaycan üçün ən uyğun təcrübə olduğuna görə Çinin təcrübəsinə nəzər salaq. Çin Sİ proqramına görə düz 13 il Azərbaycanı qabaqlayır. Sİ strategiyası Çində 2012-də qəbul olunub, amma əvvəllər də böyük hazırlıq işləri görülürdü. İndi Çin Universitetlərinin demək olar ki, hamısında Sİ elmləri üzrə kadr hazırlığı həyata keçirilir, geniş elmi tədqiqat həyata keçirilir, Sİ şəhərləri salınır, orta məktəblərdə birinci sinifdən Sİ dərsləri keçilir. Azərbaycanda hələ professorların əksəriyyəti Sİ-in nə oduğunu başa düşmür, bir nəfər də mütəxəssis hazırlanmır, beş ildir ki, kadr hazırlığına başlamaq üçün hökümət və nazirlik Universitetlərdən gələn tələbə məhəl qoymur. (Təəssüf ki. İxtisas qruplaşmasını da mərkəz həyata keçirir, axtarsan, görmək olar ki, o ixtisaslaşmaya cavabdeh olan məmurlar heç Sİ nə olduğunu başa düşmür).
1. Çinin AI strategiyasının ümumi baxışı
Çin 2030-cu ilə qədər süni intellekt sahəsində dünya lideri olmaq məqsədilə geniş və iddialı bir strategiya həyata keçirir. "Yeni Nəsil Süni İntellekt İnkişaf Planı" üç əsas mərhələni əhatə edir:
2020-ci ilə qədər: Süni intellekt sahəsində aparıcı ölkələrlə bərabərlik əldə etmək.
2025-ci ilə qədər: Süni intellekt nəzəriyyəsi və tətbiqlərində mühüm irəliləyişlərə nail olmaq.
2030-cu ilə qədər: Süni intellekt yenilikləri və tətbiqlərində dünya lideri kimi mövqeyini gücləndirmək.
2. İnvestisiyalar
Çin süni intellekt inkişafına külli miqdarda vəsait ayırır. Dövlət və yerli hökumətlərin on milyardlarla dolları süni intellekt təşəbbüslərinin inkişafına sərf olunur. Misal üçün, bəzi regional hökumətlər süni intellekt təşəbbüsləri üçün hər biri 14 milyard dollardan artıq vəsait ayırıb. Çinin Sİ sənayesinin toplam həcmi 2024-cü il üçün təqribi 521 milyard dollar kimi qiymətləndirilir.
3. İstedad İnkişafı
Çin süni intellekt sahəsində istedad inkişafına ciddi şəkildə yatırım edir. Universitetlər süni intellektlə bağlı tədris proqramlarını genişləndirir və süni intellekt üzrə dərslər ümumi və orta təhsil məktəblərində tətbiq olunur. Bu, süni intellektlə idarə olunan iqtisadiyyatlar üçün güclü istedad bazası yaratmaq məqsədinə uyğundur.
4. Sektorlar üzrə tətbiqlər
Süni intellekt müxtəlif sektorlar üzrə inteqrasiya olunur, o cümlədən:
Səhiyyə: Süni intellekt tərəfindən idarə olunan diaqnostika və fərdi tibb.
Nəqliyyat: Avtonom avtomobillər və ağıllı nəqliyyat idarəetməsi.
İstehsalat: Ağıllı fabriklər və robotlar.
Hərbi sahə: Müdafiə və milli təhlükəsizlik sahələrində süni intellekt tətbiqləri.
5. Etik və Tənzimləyici Çərçivələr
Çin məsuliyyətli süni intellekt istifadəsini təmin etmək üçün etik qaydalar və tənzimləmələr üzərində çalışır. Bu, məlumatların məxfiliyi və alqoritmik qərəz kimi məsələləri həll etməyi əhatə edir.
6. Qlobal Əməkdaşlıq və Rəqabət
Çin beynəlxalq tərəfdaşlarla fəal əməkdaşlıq edir, eyni zamanda xarici texnologiyadan asılılığı azaltmağa çalışır. Bu ikitərəfli yanaşma qlobal rəqabətliliyini artırmağa yönəlib. Nəyə görə Azərbaycan üçün Çin təcrübəsi yararlıdır: hər ikisi kommunizmdən gələn ölkələrdi, dövlət bütün maliyyələşmədə əsas rol oynayır; hər ikisində ekstra valyuta ehtiyyatları çoxdur, normadan bir neçə dəfə çox valyuta ehtiyyatları var, yəni bol maliyyələşmə mənbəyi var. Çində ABŞ-dan fərqli olaraq Sİ investisiyalarının təqribən 70%-ı dövlətdən gəlir. Sİ maliyyələşməsi üçün Azərbaycanın potensial imkanları reyting cədvəlində 3-cü yeri tutan Sinqapurdan bir neçə dəfə çoxdur. Amma, mövcud strategiya ilə Azərbaycana bir əsr vaxt lazımdır ki. Sinqapurun hazırkı səviyyəsinə çata bilsin.
Dərin hörmətlə, prof. Saleh Məmmədov