Bir qalmaqal, iki ölkə - ZƏHƏRLİ SÜD AZƏRBAYCANA DA GƏLİB
Bu gün, 10:51

Gürcüstanda süd məhsullarının keyfiyyəti ilə bağlı yaranmış qalmaqal gündəmi zəbt edib.
FED.az xəbər verir ki, ölkənin ən məşhur süd brendlərindən biri olan “Soplis Nobati” (Wimm-Bill-Dann Georgia) məhsullarında təhlükəli toksin – aflatoksin M1 aşkarlandıqdan sonra vəziyyət daha da gərginləşib. Bu, Gürcüstanın ən böyük süd tədarükçüsü olan “Kvareli Baga” fermasının inəkləri toyuq peyini ilə bəslədiyinə dair ittihamlardan bir neçə gün sonraya təsadüf edib. Bütün bu hadisələr, ölkədə qurumların məsiliyyətsizliyi və müstəqil məhkəmələrin olmaması ilə bağlı narahatlıqları yenidən gündəmə gətirib.
Süd qalmaqalının detalları:
Gürcüstanın Milli Qida Agentliyi aprelin 1-də “Soplis Nobati” şirkətinin Tbilisidə yerləşən süd istehsalı müəssisəsini yoxladığını açıqladı. Rəsmi məlumata görə, müəssisədə ciddi pozuntu aşkar olunmasa da, etiketləmə qaydalarının pozulmasına görə şirkət cərimələnib və bazardan həmin partiyanın geri çağırılması tapşırılıb. Bundan əlavə, şirkətin istəyi ilə, Azərbaycanda fəaliyyət göstərən “MILLA DAIRY LTD” şirkətinin istehsal etdiyi süd məhsullarından 5 təsadüfi nümunə götürülərək laboratoriya analizlərinə göndərilib.
Nəticələr narahatedici olub: bütün nümunələrdə, o cümlədən uşaqlar üçün nəzərdə tutulmuş süddə aflatoksin M1 normadan artıq miqdarda tapılıb. Agentliyin açıqlamasına görə, bu toksin kif göbələkləri tərəfindən yaranır və heyvanlar bu toksinlə çirklənmiş yemlə qidalandıqda, aflatoksin B1 onların orqanizminə daxil olaraq süd vasitəsilə M1 formasında insan orqanizminə keçə bilər. Bu da sağlamlığa ciddi təhlükə yaradır.
Agentlik dərhal həmin partiyanın satışdan çıxarılmasını əmr edib və əhaliyə həmin süddən istifadə etməməyi tövsiyə edib.
Şirkətin cavabı və narahatlıq doğuran açıqlamalar:
“Soplis Nobati” şirkəti həmin məhsulun yalnız kiçik bir partiya olduğunu və istehlakçılar üçün təhlükə yaratmadığını iddia edib. Lakin şirkət təhlükəsizlik baxımından məhsulun geri çağırılacağını və Azərbaycan tərəfdaşı ilə əməkdaşlığın müvəqqəti dayandırıldığını bildirib. Şirkət bu açıqlamanı sosial şəbəkədə yayımlayıb, lakin şərhləri bağlayıb. Post bir çox neqativ reaksiya ilə qarşılanıb.
Gürcüstan Xəstəliklərə Nəzarət Mərkəzinin rəhbəri Paata İmnadze isə bildirib ki, aşkar olunan toksin miqdarı kəskin zəhərlənmə yaratmasa da, uzun müddətli və yüksək dozalı istehlak sağlamlığa zərər vura bilər. Mütəxəssis əlavə edib ki, bu səviyyə bir çox inkişaf etmiş ölkələrdə qəbul olunan normadan aşağıdır.
Tanınmış onkoloq və genetik Aleksandre Tavartkiladze isə aflatoksinlərin orqanizmdə yığıldığını və xüsusilə uşaqlar üçün təhlükəli olduğunu qeyd edib. Onun sözlərinə görə, aflatoksin B1 qaraciyər xərçəngi kimi ciddi xəstəliklərə səbəb ola bilər. Aflatoksin M1 isə daha az kanserogen olsa da, uzunmüddətli təsiri nəticəsində sağlamlıq üçün risk daşıyır.
Milli Qida Agentliyinin araşdırması zamanı məlum olub ki, ölkənin ən böyük süd ferması “Kvareli Baga” inəkləri toyuq peyini ilə qidalandırıb. Bu fermanın “Soplis Nobati”, “Sante” və “Agrohub” kimi tanınmış brendlərə illərdir süd tədarük etdiyi qeyd olunur.
Məlumata görə, 2018-ci ildə “Kvareli Baga” toyuq ətinin əsas istehsalçısı “Chirina” ilə müqavilə bağlayaraq, 2700 ton toyuq peyini alıb və inəklərin yeminə qatıb. İddialara görə, bu peyində antibiotik maddəsi – tetrasilin olub və nəticədə bir çox inək ölüb, süd isə ziyan olub. Gündəlik olaraq, hər inəyə 6–7 kq toyuq peyini verildiyi bildirilir.
Ferma bu iddiaları qəbul etsə də, bu praktikanın 2019-cu ildən sonra dayandırıldığını bildirib. Südün isə istehsalata verilməyib, məhv edildiyi iddia olunur. Məhkəmə çəkişməsi 2024-cü ildə başa çatıb və Tbilisi Şəhər Məhkəməsi “Kvareli Baga”nın xeyrinə qərar çıxararaq “Chirina”dan təxminən 5 milyon lari (1.8 milyon dollar) təzminat tələb edib.