MTK-lar ev sahiblərinə güc tətbiqini qanuniləşdirmək istəyir?

Bu gün, 00:05           
 MTK-lar ev sahiblərinə güc tətbiqini qanuniləşdirmək istəyir?
Son günlər sosial şəbəkələrdə yayılan məlumata görə, Sahibkarlar Konfederasiyasında MTK-larla görüş keçirilib.

Bildirilir ki, bu görüş zamanı MTK-lar mənzillərinə adekvat kompensasiya istəyən və evdən çıxmaq istəməyən sakinlərlə bağlı qanun qəbul edilməsini tələb edirlər. Qeyd edək ki, yeni binalar tikilən zaman tikinti şirkətləri ilə ev sahibləri arasında bir çox hallarda anlaşmazlıq yaranır.

Bəzi ev sahibləri müəyyən edilən məbləğlə razılaşmaq istəmirlər və bu zaman şirkətlər hər vasitəyə əl atırlar. Məsələn, bu yaxınlarda “Melissa Group” şirkəti ev sahibi ilə razılaşmadığı üçün ona güc tətbiq etmişdi.

Ümumiyyətlə, dövlət təyinatlı obyektlərin tikintisi üçün evlərin sökülməsi zamanı sakinlərlə razılığa gəlinir. Ancaq özəl şirkətlərin məcburi şəkildə vətəndaşları evlərini tərfk etməsini tələb etmək haqqı yoxdur. MTK-ların ev sahiblərini məcburi şəkildə evdən çıxarmasıyla bağlı qanun qəbul oluna bilərmi? İqtisadçı-ekspert Natiq Cəfərli “Cebheinfo.az”-a bildirib ki, bu, birbaşa hüququn pozulması ola bilər:

“Mülkiyyət hüququ konstitusiya ilə qorunur və “Dövlət satınalmaları haqqında” Qanun var. Dövlət əhəmiyyətli obyektlərin tikintisi, kommunikasiya xətlərinin çəkilməsi, təhlükəsizliklə bağlı məsələlərin həlli üçün dövlətin satınalma üstünlüyü var.

Ancaq dövlətin satınalma üstünlüyünə baxmayaraq, vətəndaşların haqları tanınır. Dövlətin təyin etdiyi qiymətlə razılaşmayanlarla bağlı 200 günlük müddət tanınır və onların hətta məhkəməyə müraciət etmə haqları var.

Bu, kifayət qədər pozitiv bir qanundur. Ona görə də özəl şirkətlərə belə bir haqq vermək doğru deyil. Özəl şirkətlərin əsas məqsədi qazanc əldə etməkdir. Onlar qazanc əldə etdiklərinə görə də vətəndaşlarla danışmağı, anlaşmanı bacarmalıdırlar.

Yəni orada fiks qiymətlərin müəyyənləşməsi insanların mülkiyyət hüququnun kobud pozuntusuna gətirib çıxara bilər. Belə bir qanunun qəbul edilməsini düşünmürəm. MTK-lar bunun lobbiçiliyini edirlər ki, belə bir qanun qəbul olunsun”.

O deyib ki, anlaşma mexanizmləri ilə bağlı müəyyən qaydaların müəyyənləşməsi ola bilər:

“Məsələn, bir binada 40 ailədirsə və onun 39 –u razılaşıb və biri razılaşmırsa, bununla bağlı müəyyən prosedur qaydaları müəyyənləşdirilə bilər. Ancaq onun zorla çıxarılması, qiymət diqtə etməsi mümkün deyil.

Mülkiyyətçinin müəyyən qiymət təyin etmək haqqıdır. Ona görə də MTK-ların bu qanunla bağlı lobbiçilik etməsinə baxmayaraq, onlara üstünlük verən hansısa bir qanun qəbul edilməsi mümkün deyil. Düşünmürəm ki, belə bir qanun qəbul edilər”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.