DİQQƏT! Bakıda bu binaların sakinləri köçürüləcək - Çox pul almaq üçün…
Bu gün, 10:27

Bakıda qəzalı vəziyyətdə olan binaların sökülməsi nəzərdə tutulsa da, proses yavaş gedir. Əsas səbəblərdən biri də verilən kompensasiyalarla bağlıdır. Məsələn, 60 kvadrat metrlik evə 90 min manat təklif edilir, vətəndaş isə bu pula normal ev ala bilməyəcəyindən şikayətlənir. Mövcud kompensasiyaların bazar qiymətlərinə uyğun olmadığı bildirilir.
Kompensasiya məbləği niyə azdır? Vətəndaş razılaşmadığı halda, qəzalı binalar sökülməzsə, nə baş verəcək?
Globalinfo.az-a danışan əmlak məsələləri üzrə ekspert Elnur Azadov deyib ki, hazırda ölkədə 16 mindən çox istismar müddəti bitmiş bina var:
“Bakı və Abşeronda bu rəqəm təxminən 11 mindir. Bu binaların sökülməsi istiqamətində müəyyən planlar qurulub. 197 bina qəzalı və yaşayış üçün təhlükəli hesab olunur. Artıq Baş nazirin yanında komissiya yaradılıb və keçən aydan başlayaraq işlər aparılır. 1100 binanın istismar müddəti bitib, qismən qəzalı kateqoriyaya aiddir. Bunların həllinə isə gələcəkdə baxılacaq. Hələ ki, 197 mənzil problemi ön plandadır. Çoxmənzilli binalarda vətəndaşlara kompensasiyanın verilməsi, mənzillərin alınması praktikada yoxdur. Burada tam pilot layihə həyata keçirilir, binadan sakinlər köçürülür, onlarla icarə müqavilələri bağlanır, yeni bina inşa olunur, kompensasiya əlavə sahə olaraq vətəndaşa verilir. Proses hazırda iki seqmentə bölünüb – çoxmənzilli binalar və digər ərazilərdə vətəndaşların köçürülməsi. Tikinti şirkətləri təbii ki, vəsaitə qənaət etməyə, daha çox pul qazanmağa çalışırlar. Buna görə vətəndaşlara müəyyən formada təzyiq göstərirlər və bu, qanuna ziddir. Hətta kompensasiyalar üçün də az məbləğ təklif edirlər. Qanunvericiliyimizə görə, vətəndaşların hüquqları və əmlakları toxunulmazdır. Hər bir halda, tikinti şirkətləri vətəndaşlarla razılığa gəlməlidirlər”.
Ekspert bildirib ki, tərəflər qiymətləndiriciləri prosesə cəlb edə bilər:
“Əgər razılığa gəlməsələr, artıq məsələlərə məhkəmə səviyyəsində baxılır. İstənilən ərazinin köçürülməsində əvvəlcə tikinti şirkətləri vətəndaşlara yazılı şəkildə altı aydan çox vaxt verməklə, xəbərdarlıq etməlidirlər. Vətəndaşlar isə öz mənafeyini qorumaq üçün mütləq birləşməli, şirkətlərlə heç bir şifahi kontakta girməməlidirlər. Yaxşı olar ki, vəkillər cəlb olunsun və qarşı tərəflə danışıqlar aparılsın. Əvvəllər Nazirlər Kabinetinin 86 saylı qərarı var idi. Rayon icra hakimiyyəti orqanları sərəncamların verilməsi hüququna sahib idi və bu işdə vətəndaşlarla tikinti şirkətləri arasında prosesi həyata keçirirdilər. Həmin qərar qüvvədən düşüb. Təəssüf ki, bütün səlahiyyətlər Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə verilib. Bu baxımdan, vətəndaşlarla tikinti şirkətləri arasında tənzimləyici mexanizm yoxdur. Problemlər də buradan qaynaqlanır”.
E.Azadov məsələ ilə bağlı tövsiyələrini də bölüşüb:
“Adətən tikinti şirkəti söküntü işi aparacağı yeri seçir, dövlət orqanlarına müraciət edir və buna uyğun rəy bildirilir. Bundan sonra vətəndaşların seçim şansı olmur. Onlar yalnız məcburi şəkildə həmin tikinti şirkəti ilə üzləşməli və razılaşmalı olurlar. Lakin müəyyən bir binanın sökülməsi nəzərdə tutulubsa, dövlət tenderlər təşkil etməli, şirkətlər təkliflər verməlidirlər. Hansı təklif vətəndaşların marağına uyğun olsa, o, qəbul olunmalıdır. Vətəndaşlara daha çox kompensasiya, sahə verənlərə üstünlük verilməlidir”.