Yuxu düşmənə çevriləndə: Mütəxəssis daimi kabus görmələrin səbəbini izah etdi

Dünən, 17:54           
Yuxu düşmənə çevriləndə:
"Kabuslar sadəcə xoşagəlməz yuxular deyil, psixikanın daxili gərginlik və həll olunmamış problemlər barədə verdiyi siqnaldır".

Gazeta.ru-nun verdiyi məlumata görə, bu barədə rusiyalı tanınmış psixoterapevt Yuliya Romanenko xəbərdarlıq edib.

O, kabusların səbəbi və onlarla effektiv mübarizə üsulları barədə danışıb.

"Yuxu şüuraltıya açılan unikal bir pəncərədir. Kabuslar sadəcə xoşagəlməz yuxular deyil, insanı yuxudan oyadan, soyuq tər, ürəkdöyünmə və kəskin narahatlıq kimi fizioloji reaksiyalarla müşayiət olunan intensiv və qorxunc emosional təcrübələrdir. Daimi qorxulu yuxuların təbiətini başa düşmək olduqca vacibdir. Əgər siz mütəmadi olaraq kabuslar görsəniz, bu, psixikanızın dərin qatlarında xroniki narahatlığın mənbəyi olduğuna ciddi işarədir. Təhlükə ondan ibarətdir ki, bu səbəb insanın nəzarətindən kənardadır və istənilən an təkcə yuxuda yox, ayıq vaxtda da, məsələn, qəfil panik hücumlar şəklində ortaya çıxa bilər", - deyə psixoterapevt vurğulayır.

Romanenkonun sözlərinə görə, həftədə bir neçə dəfə təkrarlanan kabuslar, insanın yuxu keyfiyyətini və ümumi vəziyyətini pozursa, bu artıq psixoloji pozuntulara - təşviş pozuntusu, posttravmatik stres pozuntusu (PTSP) və ya digər psixoloji xəstəliklərə işarə ola bilər.

Mütəxəssis qorxulu yuxuların əsas səbəblərindən də danışıb.

Həll olunmamış psixoloji problemlər

Psixoterapevt bildirib ki, beynimiz yuxu zamanı da fəaliyyətini dayandırmır:

"Xüsusilə də gündəlik həyatda başa çatmayan hadisə və emosiyaları emal etməyə davam edir. Əgər insan real həyatda travmatik olaylar yaşayıb, lakin onları psixoloji olaraq həll etməyibsə, bu vəziyyət yuxularda təkrar-təkrar ortaya çıxa bilər. Məsələn, hücuma məruz qalmış biri, hadisəni emal etmədiyi üçün tez-tez eyni təhlükə ssenarisini yuxuda görə bilər".

Xroniki stres və narahatlıq hissi

Ekspertin sözlərinə görə, müntəzəm gərginlik halında olan insanlarda beyin "təhlükə rejimini" aktivləşdirir - bu, təkamül baxımından sağ qalmaq üçün mexanizmdir.

"Bu vəziyyət yuxuda təqib edilmə, düşmə, zorakılıq və fəlakət ssenariləri ilə özünü göstərir", - deyə o əlavə edib.

Yatmazdan əvvəl narahatedici məzmun

"Qorxu filmlərinə baxmaq, kriminal xəbərləri oxumaq və ya emosional gərgin söhbətlər qorxulu yuxular üçün təhrikedici faktor ola bilər", - deyə Romanenko xəbərdarlıq edir.

Psixikanın fərdi xüsusiyyətləri

Mütəxəssis bu məsələdə fərdi xüsusiyyətlərin də nəzərə alınmalı olduğunu vurğulayıb.

"Yüksək narahatlıq səviyyəsinə malik, yaradıcı düşüncəli və zəngin təxəyyüllü insanlar statistik olaraq qorxulu yuxularla daha çox qarşılaşırlar", - deyə o izah edib.

Psixoterapevt Romanenko qorxulu yuxulardan əziyyət çəkənlərə bir neçə sübut olunmuş metodika təklif edir:

"Yuxu gündəliyi" aparmaq - yuxularda müşahidə olunan tendensiyaları izləməyə və onları real həyatda baş verənlərlə əlaqələndirməyə kömək edir. Peşəkar psixoterapiya isə qorxulu yuxuların tezliyini əhəmiyyətli dərəcədə azalda bilər.

"Ssenarini yenidən yazmaq" texnikası - Ekspert qorxulu yuxu təkrarlanan hallarda onun alternativ, müsbət sonlu versiyasını təsəvvür etməyi məsləhət görür.

"Yatmazdan əvvəl bu yeni ssenarini bir neçə dəfə zehni şəkildə canlandırın. Bu, emosional gərginliyi azaldır və beynin reaksiyasını yenidən proqramlaşdırır".

Yuxu "gigiyenasına" riayət - Hər gün eyni saatda yatmaq və oyanmaq (hətta həftəsonu da). Yatmazdan 4-6 saat əvvəl kofeindən və ağır yeməklərdən uzaq durmaq, yataq otağını müntəzəm havalandırmaq tövsiyə olunur.

Yuxudan əvvəl bədən relaksasiyası - Meditasiya, nəfəs məşqləri və ya yüngül yoqa fiziki gərginliyi azaldır və psixi sağlamlığa müsbət təsir göstərir.

"Əgər bu yuxular sizi mütəmadi narahat edirsə, tezliklə psixoterapevtə müraciət etməyiniz vacibdir ", - deyə Romanenko sözlərini yekunlaşdırıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.