Veteranlar Təşkilatında qalmaqal böyüyür: Cəlil Xəlilova sərt ittihamlar-müəmmalı “döyüş yolu” və korrupsiya

15-11-2016, 02:14           
Veteranlar Təşkilatında qalmaqal böyüyür: Cəlil Xəlilova sərt ittihamlar-müəmmalı “döyüş yolu” və korrupsiya
Azərbaycan Respublikasının Müharibə, Əmək, Silahlı Qüvvələr və Hüquq-mühafizə Orqanları Veteranları Şurasında bağ verən proseslər haqda silsilə yazılar dərc etmişik. Bu yazılarda bildirmişdik ki, Şura daxilində bəzi qüvvələr aktivləşərək rəhbərliyin dəyişdirilməsi üçün fəaliyyətə başlayıblar. Onu da qeyd etmişdik ki, Şuranın hazırki sədri sabiq müdafiə naziri, general-mayor Dadaş Rzayevin səhhətində problemlər yaranıb və “çevrilişçilər bu durumdan bəhrələnməyə çalışırlar. Məsələ ilə bağlı redaksiyamızı məlumatlandıran mənbə generala qarşı duran qüvvələr və onun rəhbəri haqda müəyyən məlumatlar verib. Belə ki, Şuradakı proseslərdən tam məlumatlı şəxsin cumhuriyyet.az-a bildirdiyinə görə general D.Rzayevin postuna ən çox iddialı şəxs Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilovdur.
Onu da qeyd edək ki, məsələ ilə bağlı Respublika Veteranlar Təşkilatı tərəfindən mövqe bildirilmiş və “Respublika Veteranlar Təşkilatında Cəlil Xəliov müəmması: bir “təkzib”in izi ilə…” başlıqlı yazımızda həmin mövqeni də dərc etmişdik. Eyni zamanda məsələ ilə bağlı ictimaiyyətin, xüsusən Əfqanıstan və Qarabağ müharibəsi veteranlarının aktivliyi hiss olunur. Çünki, mənbənin söylədikləri arasında daha çox diqqət çəkən məqam həm Qarabağ, həm Böyük Vətən Müharibəsi veteranlarının, eləcə də Əfqanıstan döyüşçülərinin C.Xəlilovun namizədliyinə qarşı kəskin etirazlarının olmasıdır. Belə ki, mənbənin cumhuriyyet.az-a bildirdiyinə görə, ehtiyyatda olan polkovnikin Qarabağ döyüşlərində iştirak etməməsi belə bir quruma rəhbərlik etməsi üçün ona ən azı mənəvi baxımdan məhdudiyyətlər yaradır. Ötən yazımızda Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyinin sədri Füzuli Rzaquliyev və Azərbaycan Əfqanıstan Veteranları İctimai Birliyinin sədri Məhəmməd Vəliyev ehtiyyatda olan polkovnik C.Xəlilovun iştirak etdikləri müharibələrə qatılmasından məlumatsız olduqlarını bildirmişlər. Bu dəfə isə Cəmşid Naxçivanski adına hərbi litseyin müəllimi, iki dəfə Döyüş Bayrağı Ordeni ilə təltif edilmiş Əfqanıstan Veteranlar Cəmiyyətinin üzvü Şakir Əhmədov cumhuriyyet.az-a öz fikirlərini bildirib: “Əfqanıstanda vuruşan şəxsi kimsə tanımalıdır. Azərbaycanda isə onu Əfqanıstan müharibəsinin iştirakçısı kimi tanıyan yoxdur. Mən Əfqanıstanda olmuşam və iki dənə də Döyüş Bayrağı ordenim var. Mən Cəlil Xəlilovun Əfqanıstan müharibəsində iştirakı haqda heç bir məlumata malik deyiləm. C.Xəlilovun sinəsində çoxlu medallar var, hansı ki, bu medalların ona hardan gəldiyini də bilmirəm. Mən döyüşlərdə iştirak etmişəm, amma məndə o qədər medal yoxdur. Bəs onda hardandır bu medallar?”
Ş.Əhmədovun bizimlə söhbətində daha bir maraqlı məqam C.Xəlilovun general D.Rzayevə münasibətinin pərdəarxası məqamları ilə bağlı oldu: ” Bu ilin fevral ayında Naxçıvanskidə 20 Yanvarla bağlı bir tədbir keçirildi. C.Xəlilov həmin tədbirdə söz alıb Dadaş Rzayevi tərifləməyə başladı. Sonra kursantlara dedi ki, indi sizin qarşınıza general çıxacaq. Siz ona necə “desantnik” olması, döyüş yolu ilə bağlı suallar verin. Mən başa düşürəm, D.Rzayev generaldır. Lakin həmin tədbirdə bunu deməyin yeri idi? C.Xəlilov bununla D.Rzayev haqda hansı imici yaratmaq istəyir? Ümumiyyətlə onun “Dadaş müəllim xəstədir, bütün işlər mənim üzərimdə qalıb” təbliğatının arxasında nə durur?”. Cəmşid Naxçivanski adına hərbi litseyin müəllimi, iki dəfə Döyüş Bayrağı Ordeni ilə təltif edilmiş Əfqanıstan Veteranlar Cəmiyyətinin üzvü Şakir Əhmədov cumhuriyyet.az-a açıqlamasında Azərbaycan Respublikasının Müharibə, Əmək, Silahlı Qüvvələr və Hüquq-mühafizə Orqanları Veteranları Şurasının fəaliyyəti ilə bağlı da fikir bildirib: “Bu cəmiyyət Böyük Vətən Müharibəsi Veteranlarına baxır. Veteranların qayğısına qalmalı, onların problemlərinin həllinə çalışmalıdır. Bəs bunlar nə ilə məşğuldur? Mən bu vaxta qədər bunu başa düşə bilməmişəm. Onlara dövlət tərəfindən 500 min manat pul köçürüldü. Neylədilər o pulu? Kimə verdilər? Bir insanı ayağa qaldırıb desinlər ki, bunun filan problemini həll etdik, müalicəyə göndərdik və s?”.
teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.