Gəncənin qazı Şəmkirdəki istixanalara gedir? – ŞİKAYƏT

30-11-2016, 00:49           
Gəncənin qazı Şəmkirdəki istixanalara gedir? – ŞİKAYƏT
Nərimanov Prospektində yaşayan sakinlər “Azəriqaz”a müraciətlərinin cavabsız qaldığını deyirlər

Bu günlərdə Gəncə şəhəri Nəriman Nərimanov prospekti ərazisində yaşayan bir qrup vətəndaş Qafqaz Xəbər Agentliyinə müraciət edib. Onların sözlərinə görə, son bir ayda qaz təchizatında ciddi problemlər müşahidə olunur. “Dəfələrlə Gəncə Qaz İstismarı İdarəsinə və “Azəriqaz”a müraciət etmişik ki, qazın təzyiqi aşağıdır, normal qaz istifadə edə bilmirik… Lakin bir tədbir görülmür. Qaz idarəsindən deyirlər ki, “yuxarılıqdır”. Şəhərin bəzi hissələrinə normal qaz verilir, bəzi hissələrinə yox. Nərimanov prospektində ümumiyyətlə qazın varlığı ilə yoxluğu bilinmir”, – deyə vətəndaşlar bildirib.

Sakinlərin sözlərinə görə, Gəncəyə verilən qazın Şəmkirdəki istixanalara yönəldilməsi ilə bağlı bəzi məlumatlar var: “Şəhərin qazının Şəmkirdəki istixanalara verilməsi ilə bağlı eşitmişik. Sizdən xahiş edirik, bu məsələni araşdırın və problemimizi ictimailəşdirin”. Qafqaznews.az məsələyə aydınlıq gətirmək üçün, “Azəriqaz” İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri İbrahim Kərbəlayevlə əlaqə saxladı. “Bu məlumat doğru deyil. Gəncəyə qaz tələbat üzrə verilir və tələbat artdıqca da, qaz təchizatı artırılır. Sakinlər “qaynar xətt” ilə əlaqə saxlasınlar, qəza xidməti gedib araşdırsın, problemin nədə olduğu müəyyən edilsin”, – deyə İ.Kərbəlayev təklif etdi.

“Onlar müraciət ediblər, lakin bir nəticə yoxdur. Qazın təzyiqi çox aşağıdır”, – deyə qeyd etdik. “Yaxşı, mən özüm işə qayıdanda bu məsələ ilə maraqlanaram”, – deyə İ.Kərbəlayev əməkdaşımıza söz verdi. Gəncə Qaz İstismar İdarəsinin mühəndisi Asif Əliyev isə bildirdi ki, Nərimanov Prospektində həqiqətən də bəzi problemlər mövcuddur.

“Qəza xidmətindən əməkdaşlar gedib, hazırda orda işləyirlər. Əlavə iki xəttin də çəkilməsinə başlamışıq. Tezliklə, şəhərin qaz təchizatındakı problemlər aradan qalxacaq”, – deyə A.Əliyev bildirdi. Gəncə Şəhər İcra hakimiyyəti ilə əlaqə saxlamağa dəfələrlə cəhd etsək də,zənglərimizə cavab verən olmadı. Qafqaz Xəbər Agentliyi bu məsələni öz gündəmində saxlayacaq.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.