İşsizlərə müavinət necə ödəniləcək? – Şərh
28-10-2017, 10:00

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 7 avqust tarixində “İşsizlikdən sığorta haqqında” imzaladığı fərmanın qüvvəyə minməsinə 2 aydan bir qədər artıq vaxt qalıb.
Sözügedən fərmanın hansı prinsiplər əsasında həyata keçirilməsi ilə bağlı Axar.az-a danışan keçmiş maliyyə naziri, iqtisadçı professor Fikrət Yusifov bildirib ki, ilkin hesablamalara görə, 2018-ci il ərzində təqribən 89 milyon manat vəsaitin “İşsizlikdən sığorta” layihəsinə daxil edilməsi nəzərdə tutulur:
“İşsizlikdən sığorta” layihəsinin reallaşdırılması yolu ilə hazırda özünüməşğulluq proqramına cəlb edilənlərdən 6 dəfə çox ailənin, yəni təqribən 8000-8500 ailənin bu proqrama cəlb edilməsi mümkün olacaq. Qanun 2018-ci il yanvarın 1-dən qüvvəyə minəcək. Bununla bağlı Prezident İlham Əliyev müvafiq fərman imzalayıb. Fərmana əsasən, Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən mövcud qanunvericilik bazasında zəruri dəyişikliklər aparıldıqdan sonra növbəti il üçün işsizlikdən sığortanın büdcəsi tərtib edilərək müvafiq qaydada dövlət büdcəsinin layihəsi ilə birlikdə parlamentə təqdim olunub. Nəzərdə tutulan 89 milyonun təqribən 36 milyon manatının özünüməşğulluq proqramlarının, aktiv məşğulluq proqramlarının icrasına yönəldilməsi planlaşdırılır”.
Məsələ ilə bağlı danışan sığorta eksperti Xəyal Məmmədxanlı isə qeyd edib ki, layihəyə əsasən, insanlar işsiz qalarsa, 3, 6 ay və ya 1 il ərzində ona kompensasiyalar ödənilməlidir:
“Parlamentdə bu sığorta növü haqqında bir sıra müzakirələr oldu ki, bu sığorta yaradılsın. İnsanlar öz əmək haqlarından müəyyən bir hissəni bu sığorta üçün ayırmalıdırlar. Amma problem ondan ibarətdir ki, bunun mexanizmi hələ bəlli deyil. Yəni dəqiq təsdiq olunmayıb ki, insanların əmək haqlarında bu sığorta üçün necə faiz tutacaqlar. Əvvəl bir faiz nəzərdə tutmuşdular, amma bunun təsdiq olunub-olunmaması ilə bağlı bir məlumat yoxdur. Bu pullar Dövlət Sosial Müfadiə Fondunamı və başqa orqanamı ödəniləcək? Hansı qaydalarla aparılacaq? Bunlar haqqında hələ dəqiq məlumat yoxdur”.