Saxta spirtli içkiləri necə tanımaq olar? - Ekspert
30-10-2017, 19:12

Otellər və Restoranlar Assosiasiyasının apardığı monitorinqin nəticələrinə görə, ictimai iaşə sektorunda satılan brend spirtli içkilərin əksər hissəsi kontafaktdır. Eyni zamanda qaçaqmal içkilərin də satılması haqqında faktlar az deyil.
Gəlmə turizmin inkişafı ilə əlaqədar ictimai iaşə sektorunda canlanma müşahidə olunur, sürətlə sayı artan yeni obyektlərin əksəriyyəti spirtli içkilər təklif edirlər. Ölkəyə gələn xarici turistlər də daha çox brend spirtli içkilərə üstünlük verir. Ancaq turistlərə təklif edilən içkilərin kontafakt olması həm alıcı qabiliyyətini aşağı salır, həm də turist sayını azaldır.
Məsələ ilə bağlı Axar.az-a açıqlama verən Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynov bildirib ki, əmtəə bazarının ən çox çirklənmiş hissəsi spirtli içkilər bazarıdır. Neçə illərdir bununla mübarizə aparılır:
“20 gün bundan öncə Daxili İşlər Nazirliyinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsi bununla bağlı əməliyyat keçirmişdi. DİN-in keçirdiyi əməliyyat sübut etdi ki, bu gün bazarda olan spirtli içkilərin 70 faizi saxtadır. Cinayətkar qruplar hazırladıqları bu saxta tərkibli içkiləri paytaxtın müxtəlif mağaza və iaşə obyektlərinə satırlar. DİN keçirdiyi əməliyyatda bu qrupun 6 üzvünü həbs edib. Bu əməliyyatla böyük bir şəbəkə məhv edilib”.
E.Hüseynov bildirib ki, belə şəbəklər adətən brend içkilərin saxta formasını hazırlayırlar:
“Çünki iaşə obyektlərində adətən brend içkilərə üstünlük verilir. Həmçinin brend içkilər daha çox alınır. Həmin brend içkilərin qablarından istifadə edərək, içinə saxta içkilər dolduraraq satışa çıxarırlar. Belə içkilərdən nadir hallarda istifadə edən insanlar fərqi hiss etməyə bilər. Ancaq xarici turistlərə belə brend içkilərin dadı tanışdır. Bu səbəbdən onları aldatmaq mümkün deyil. Bu baxımdan Otellər və Restoranlar Assosiasiyasının narahatlığını başa düşürəm”.
E.Hüseynov bildirib ki, bu cür içkilərin üzərində qeyd edilmiş buraxılma və yararlılıq tarixi adətən daha uzadılmış şəkildə göstərilir:
“İstehlakçılar bilməlidir ki, araqların saxlanma müddəti 1 ildən, konyaklar 3 ildən, şərablar 6 aydan artıq deyil. Belə içkilərin saxta formalarının üzərində tarix daha çox göstərilir”.