Əlilliyin müəyyən edilməsinə göndərişlərin verilməsi qaydası

5-12-2017, 09:18           

Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və əcnəbilərə (bundan sonra – şəxslər) göndərişlər onlara xidmət göstərən ambulator-poliklinika müəssisəsi tərəfindən, stasionar müalicədə olan şəxslərə isə müalicə aldıqları səhiyyə müəssisəsi tərəfindən verilir.

Göndəriş verilməsi üçün əsaslar aşağıdakılardır:

1. şəxsin son 12 ay ərzində eyni xəstəliklə fasiləsiz və ya fasilələrlə ümumilikdə 6 aydan çox (vərəm xəstələri üçün 10 aydan) müalicədə olması və müalicə tədbirləri tam başa çatdıqdan sonra orqanizmin pozulmuş funksiyalarının bərpa olmaması, şəxsin əqli və ya fiziki qüsurları nəticəsində həyat fəaliyyətinin məhdudlaşması;

2. əlilliyin və uşaqların sağlamlıq imkanlarının məhdudluğu (bundan sonra – əlillik) müddətinin bitməsi;

3. peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsinin müəyyən edilməsi;

4. şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklərlə bağlı əlillik müddətinin başaçatma vaxtından əvvəl müayinəsi;

5. əlillik səbəbinə yenidən baxılması zərurətinin yaranması;

6. xüsusi nəqliyyat vasitəsinin verilməsinə tibbi göstərişin müəyyən edilməsi.

Göndəriş verilməsi üçün müraciət edən (yazılı və ya elektron formada) şəxslərin müraciət etdikdən sonra 7(yeddi) iş günündən gec olmayaraq, səhiyyə müəssisəsi tərəfindən sağlamlıq vəziyyətinin müəyyən edilməsi üçün funksional, diaqnostik, laborator və obyektiv müayinələri aparılır, xəstəlik tarixindən çıxarışlar (epikrizlər) toplanılır, ehtiyac yaranarsa, diaqnozun dəqiqləşdirilməsi üçün şəxs əlavə ambulator və ya stasionar müayinəyə göndərilir. Göndəriş müalicə həkimi tərəfindən doldurulur. Göndərişdə şəxsin fərdi identifikasiya nömrəsi qeyd edilməklə, onun sağlamlıq vəziyyətini əks etdirən müayinələrin nəticələri, mütəxəssislərin ətraflı obyektiv məlumatları, aparılmış müalicə tədbirləri və onların səmərəliliyi, xəstəliyin inkişaf proqnozu, xəstəliklərin beynəlxalq təsnifatına uyğun olaraq əsas diaqnoz, yanaşı xəstəliklər və ağırlaşmalar göstərilməlidir. Şəxsin sağlamlıq vəziyyəti ilə bağlı Tibbi-Sosial Ekspert Komissiyasına (TSEK) getmək imkanı olmadıqda (şəxsin hərəkət imkanı məhdud olduqda və heç bir reabilitasiya vasitəsinə sahib olmadıqda, səhiyyə müəssisəsində stasionar müalicə aldıqda), bu barədə göndərişdə həkim-məsləhət və ya hərbi-həkim komissiyasının rəyi qeyd olunur.

Göndəriş protokolla rəsmiləşdirilir. Protokol həkim-məsləhət və ya hərbi-həkim komissiyasının sədri və üzvləri tərəfindən imzalanır və möhürlə təsdiq edilir. Protokolla rəsmiləşdirilmiş göndəriş 2 (iki) iş günü ərzində “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə (bundan sonra – Reyestr) daxil edilməlidir. Göndəriş Reyestrə “Elektron hökumət” portalında yerləşdirilmiş “Səlahiyyətli şəxsin qeydiyyatdan keçirilməsi” xidməti vasitəsilə səhiyyə müəssisəsi rəhbərinin səlahiyyət verdiyi şəxslər tərəfindən gücləndirilmiş elektron imza ilə üzərində xüsusi təkrarlanmayan nömrəsi olan elektron sənəd formasında daxil edilir. Göndəriş Reyestrə daxil edilən gün şəxsə bu barədə məlumat verilir. Göndərişin qüvvədə olma müddəti onun Reyestrə daxil edildiyi gündən etibarən 30 (otuz) iş günü təşkil edir.

Bu məqalə Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Döмlət Dəstəyi Şurasının dəstəyi ilə “Azərbaycanda Yoxsulluğun Azaldılması” İB tərəfindən həyata keçirilən “Əhalinin həssas qruplarının sosial müdafiə sistemində baş verən dəyişikliklərlə bağlı məlumatlandırılması” layihəsi çərçivəsində dərc olunur.

Strateq.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.