Qızılın ucuzlaşması Neft Fondunun gəlirlərinə təsir etməyəcək

16-12-2017, 09:50           
Qızılın ucuzlaşması Neft Fondunun gəlirlərinə təsir etməyəcək
Ekspert: “Qızılın ucuzlaşması neftin bahalaşması fonunda baş verir”

Dünya bazarında neftin qiyməti artdıqca qızılın qiymətində geriləmələr qeydə alınmaqdadır. Bir neçə gün əvvəl qlobal əmtəə bazarlarında bu metalın qiyməti hərrraclarda 1 238,40 ABŞ dollarına kimi geriləyərək son 5 ayın minimal səviyyəsinə düşüb.

ABŞ Federal Ehtiyat Sisteminin (FED) uçot dərəcəsini artırmaq qərarından sonra qızılın qiymətində ciddi artım qeydə alınaraq unsiyası 1260 dolları keçib.

Qeyd edək ki, ilin əvvəli ilə müqayisədə qızıl dekabrın ilk ongünlüyündə 8,3 faiz baha satılıb. Mütəxəssislər qızılı daha çox bir maliyyə aktivi kimi heç bir dividend gətirməyən, ancaq geosiyasi risklərin artdığı və ya maliyyə böhranının kəskinləşdiyi dövrlərdə “sakit liman” kimi investisiya olunan alət kimi qiymətləndirirlər. Hesab olunur ki, dünya iqtisadiyyatında gözlənilən artımlar, həmçinin, neftin qiymətinin yüksəlməsi nəticəsində qızılın qiymətindəki qısamüddətli artım əks proseslə əvəz olunacaq. Qiymətlərin hətta 1200 dolların altına düşəcəyi proqnozlaşdırılır.

Xatırladaq ki, Azərbaycan Dövlət Neft Fondu 2012-ci ildən qızıl ehtiyatına malikdir. Fond həmin ildən investisiya portfelinə qızılı da daxil etməyə başlayıb. Hazırda Fondun 30,1 ton qızılı var. Bu metalın qiymətindəki tərəddüdlər davamlı ucuzlaşmayla nəticələnərsə, Neft Fondunun timsalında Azərbaycan nə qədər itki ilə üzləşə bilər?

Suala cavab verən iqtisadçı-alim, ADR Hərəkatının rəhbəri Qubad İbadoğlu hesab edir ki, qızılın qiymətinin düşməsi Neft Fondunun gəlirlərinə, bütövlükdə maliyyə nəticələrindən olan itkilərə ciddi təsir göstərməyəcək: “Çünki qızılın Fondun investisiya portfelində payı cəmi 3,5 faiz təşkil edir. Qızılla olan aktivlərin həcmi 30 ton 170 kiloqramdır. Payın investisiya portfelində çəkisinin az olması qızılın qiymət itkisi ilə bağlı itkilərin də payının cüzi olmasına gətirib çıxarır. Digər tərəfdən, nəzərə almaq lazımdır ki, qızılın ucuzlaşması neftin bahalaşması fonunda baş verir. Hesablamalar göstərir ki, neftin qiymətinin hər 5 dollar bahalaşması Neft Fonduna təxminən 800 milyon manat vəsait gətirir. Bu baxımdan qızılın ucuzlaşmasından yaranan cüzi itkiləri neftin qiymətindəki artımdan əlavə qazanclar kompensasiya edir”.

Müsahibimizin sözlərinə görə, hazırda bizim qızılda olan aktivlərimiz 1 milyard 245 milyon dollar təşkil edir: “Qızıl 10 faiz ucuzlaşarsa, 120 milyon dollar itkiyə gedə bilər. Hansı ki, hələlik ən azı yaxın müddətli dövr üçün belə kəskin və davamlı ucuzlaşma proqnozlaşdırılmır. Neftin 10 faiz bahalaşması isə Neft Fondunun gəlirlərinin 1 milyard manata yaxın artım deməkdir”.

Onu da qeyd edək ki, Azərbaycan həm də qızıl hasilatçısıdır. Dövlət Statistika Komitəsinin verdiyi məlumata görə, bu ilin yanvar-noyabr aylarında ölkəmizdə 5 669 kq qızıl istehsal edilib. Bu, 2016-cı ilin 11 ayı ilə müqayisədə 3,2 dəfə çoxdur.

Azərbaycanda qızıl hazırda dövlətə məxsus “Azerigold” QSC və hasilatın pay bölgüsü sazişi çərçivəsində Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABMƏŞ) tərəfindən hasil olunur. ABMƏŞ-lə olan sazişə əsasən, gələn ildən etibarən mənfəətə çıxılması - yəni hasilata çəkilən xərclərin tam olaraq qarşılanması nəzərdə tutulur. Qızılın qiymətindəki ucuzlaşma isə bu prosesi ləngidə bilər.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.