Almaniyada yaşamaq icazəsi alan həmvətənlərimiz bunları bilməlidir
24-02-2018, 09:45

Almaniyada sığınacaq üçün müraciət edən həmvətənlərimiz yaşamaq izni ilə bağlı cavab aldıqdan sonra bəzi problemlərlə üzləşir. AzEuroNews.com xəbər verir ki, Almaniyada yaşamaqla bağlı istəyi qəbul edilənlər ilk prosesi keçməyə çətinlik çəkirlər. Xüsusilə, Almaniyada sənədləşmə işinin xeyli vaxt alması həmvətənlərimizi çətin vəziyyətə salır. Bu proses dil bilikləri yetərincə olmayan və vəkil xidmətindən yararlana bilməyən həmvətənlərimiz üçün lap çətin olur.

Bütün bunları nəzərə alaraq qərara aldıq ki, siz oxucularımız üçün Almaniyada yaşamaq izni aldıqdan sonra ilkin proses zamanı edilməsi vacib əməliyyatları diqqətinizə çatdıraq:
► “Sozialamt”dan “Job center”ə keçid
Yaşamaq izni ilə bağlı qərar sizə poçt vasitəsi ilə gəlir. Almaniya Miqrasiya və Qaçqınlarlarla iş üzrə Federal İdarə tərəfindən göndərilən məktubda sizin oturum izniniz ( Bescheid) almanca və Azərbaycanca tərcümədə edilmiş şəkildə olur. Eyni zamanda sizin yerləşmək icazəniz olur. Bu icazə sizə kirayə ev axtarmaq şansı verir. Miqrasiya haqqında qanuna edilən son dəyişiklikdən sonra artıq oturum izni alan şəxs yalnız hazırda yaşadığı şəhərdə kirayə ev axtara bilər. Amma, siz yaxın şəhərlərdə iş tapa bilsəniz, İş İdarəsindən (“Job Center”) çıxırsınız. Belə olan halda siz işlədiyiniz şəhərə yerləşə bilərsiniz.

Bu məsələnin üstündə çox dayanmadan oturum iznini aldıqdan sonra edilməsi gərəkənlərə qaldığımız yerdən davam edək. Qərarı aldıqdan sonra edəcəyiniz ilk iş, həmin oturum və yerləşmək izni ilə bağlı qərarın orjinalı ilə bağlı olduğunuz “Sozialamt”a yaxınlaşmaq olur. Yaxşı olar ki, zəng vuraraq öncədən “termin” (görüş vaxtı) alasınız. Belə olan zaman “Sozialamt” sizə “Job Center” üçün də “termin” almış olacaq.
“Sozialamt”da siz xeyli sənədə qol çəkəcəksiniz. Daha sonra həmin sənədlərin nə olduğu ilə bağlı sizə məlumat veriləcək. Elə həmin gün siz “Job Center”ə gedəcəksiniz. Eyni proses orda da olacaq. Sizə inteqrasiya kursu ilə bağlı siyahı veriləcək. Bu zaman siz siyahıdakı kursların hazırda yaşadığınız və ya yaşamağı planlaşdırdığınız yerə yaxın olmasına diqqət edin.
Kursunuz uzaq olsa yol pulu “Job Center” tərəfindən ödəniləcək. Lakin, bunun üçün müraciət etməlisiniz. Əgər kurs yaşadığınız yerdən 3 km-dən çox uzaqlıqda yerləşirsə sizin aylıq yol pulunuz “Job Center” tərəfindən qarşılanacaq.
► Yeni şəxsiyyət vəsiqəsi və xarici pasport
Növbəti baş çəkəcəyiniz məkan şəhərinizdəki Əcnəbilərlə İş Üzrə Federal İdarə (Ausländerbehörde) olacaq. Burda sizə yeni şəxsiyət vəsiqəsi (Ausweis) və xarici pasport üçün lazımlı sənədlərin siyahısı veriləcək. Həmin sənədləri verilən müddətdə toplayaraq həmin idarəyə yenidən getməlisiniz. Həmin sənədlərin siyahısı adətən aşağıdakı kimi olur:

* 1 biometrik aktual foto
* Oturum izninin orjinalı və kopyası
* “Job Center”ə keçməyinizlə bağlı qərarın orjinalı və kopyası
* “Ausweis”, “Reisepass” üçün doldurularaq qaytarılmalı olan blank
Sənədləri hazır etdikdən sonra ” Ausländerbehörde”yə yenidən gəldiyiniz zamanı bəzi sənədlərə qol çəkib, barmaq izi verirsiniz. Əyalətlərə görə, “Ausweis” və “Reisepass”ın verilməsi iki həftə ilə 4-5 ay arası bir vaxt alır.
reisepass 2Bu müddətdə əgər sizin mövcud “Ausweis”ınızın vaxtı keçibsə onu müvəqqəti şəxsiyyət vəsiqəsi ilə əvəz edə bilərsiniz.
► İnteqrasiya kursu
Növbəti mərhələdə siz inteqrasiya kursu tapmalısınız. Bu kurslar adətən 600 saat olur. 300 saat “Basissprachkurs”, 300 saat “Aufbausprachkurs”. Körpə uşaqlı analar və oxuyub yazmağa çətinlik çəkənlər üçün bu müddət 1000 saata qədər uzanır.

Bütün inteqrasiya kurslarına qəbul zamanı siz dil səviyyəsinin müəyyən edilməsi üçün imtahan verirsiniz. Bu sizin aktiv və ya passiv qrupda dərsə başlamanızı təmin edir. İnteqrasiya kursu adətən “B1” sertifikatı ilə yekunlaşır. Lakin siz “Job Center”in təklif etdiyi müxtəlif dil proqramlarından istifadə edərək alman dilini daha yaxşı öyrənə bilərsiniz.
► Ev tapmaq
“Job Center”də olduğunuz zaman sizə qaldığınız şəhər və ya bölgədə kirayə ev tapmaq üçün bir siyahı veriləcək. Həmin siyahıda qiymət limitləri olacaq. Qiymət limitləri şəhərlərə görə və ailə tərkibinə görə dəyişir. Çalışın ev taparkən “Job Center”in sizin üçün nəzərdə tutduğu qiymət limitini keçməyəsiniz. Limit isə belə müəyyə edilir:

* Evin əsas kirayə haqqı (Kaltmiete)
* Əlavə xərclər : işıq, qaz və su limiti (Nebenkosten)
* Depozit (Kaution/Genossenschaftsanteile)
* İstilik sisteminin pulu
Depozitdən başqa yuxarıda sadalananların toplamı “Job Center”in sizin üçün müəyyən etdiyi limiti keçməməlidir. Depozit sizinlə evini kirayə verənin ortaq hesabına köçürülür. Əgər siz evdən çxmaq istəsəniz, həmin məbləğ yenidən sizə qaytarılır. Bir şərtlə ki, evə ziyan vurmamısınızsa. Əgər evdə hər hansı bir zərər varsa, o hesablanaraq depozitdən çıxılır.

Hələlik bu qədər. Əslində daha da detallı yazmaq istərdik amma, Almaniyada hər əyalətdə bu proses eyni deyil. Ona görə, ümumi məumat verdik ki, işlərinizi bu ardıcıllıqla həll edəsəniz.