Təhsildə özəl sektorun payı artarsa...
30-06-2018, 20:17

Bu günlərdə baş nazirin müavini Əli Əhmədov deyib ki, Azərbaycanda özəl məktəblər şəbəkəsini artırmaq lazımdır. Məhz bununla yuxarı təhsil pillələrində əlçatanlılığın artırılması mümkün olar. Onun sözlərinə görə, Azərbaycanda təhsil iqtisadiyyatın inkişafına, dövlətin iqtisadi gücünün artmasına kömək etməlidir: "Bunlara necə nail olunmalıdır? Təhsil universal sahədir. Təhsil sahəsinin inkişafını yalnız təhsil qurumlarından gözləmək lazım deyil. Cəmiyyətin təhsilə olan münasibəti dəyişməlidir. Dövlətin təhsilə olan diqqət və qayğısının artmasına ehtiyac var. Dövlətin qarşısına qoyduğu əsas məsələ də təhsilin inkişaf etdirilməsidir. Azərbaycanda orta təhsil əlçatanlılıq baxımından təmin edilib. Yuxarı təhsil səviyyələrinin də əlçatanlılığının artırılmasına ehtiyac var. Azərbaycan əhalisinin 1,3 faizi tələbədir”.
Baş nazirin müavini qeyd edib ki, Azərbaycanda universitetlərə sərbəstliyin verilməsi sahəsində cəsarətli addımlar atılmalıdır. Son illər Azərbaycanda təhsil islahatları dərinləşməkdə davam edir və bu istiqamətdə görülən işlər öz bəhrəsini verir. Azərbaycanda dərin islahatlar həyata keçirilir - iqtisadiyyatdan tutmuş digər sahələrə kimi. Biz həyatımızı islahatlardan kənarda təsəvvür etmirik. Təhsil sferası da islahatlar məfhumundan kənarda qala bilməz. İqtisadiyyatla, təhsillə bağlı hədəflərimiz tamamilə aydındır. Azərbaycanda elm, təhsil məhsuldar qüvvənin tərkib hissəsinə çevrilməlidir: "Təhsilin inkişafı Azərbaycan cəmiyyətinin mədəni səviyyəsinin, iqtisadiyyatının daha yuxarı pilləyə qalxmasına, dövlətin qüdrətinin artmasına gətirib çıxarmalıdır".
Təhsil eksperti Nadir İsrafilovdeyir ki, indi özəl məktəb şəbəkələri bütün dünyada inkişaf edən sahədir: "Azərbaycanda özəl dövlət və bələdiyyə məktəbləri var. Amma hələlik bələdiyyə məktəbləri məsələsi öz həllini tapmayıb. Bu mənada düşünürəm ki, bu sektor bizdə də inkişaf etdirilməlidir. Ümumilikdə götürdükdə, statistik göstəricilərə əsasən, Azərbaycanda özəl məktəblərdə göstəricilər yüksək olur. Əgər söhbət özəl məktəblərin şəbəkəsinin genişləndirilməsindən gedirsə, bunun üçün ilk növbədə imkan və şərait yaradılmalıdır. Məsələn, bizdə elə özəl məktəblər var ki, özünü doğrulda bilmir. Bəzilərində qiymətlər həddən artıq yüksəkdir. Ona görə də, özəl məktəblərin sayı nə qədər artırılsa da, onlara dövlət dəstəyi göstərilməlidir. İnkişaf edib özləri özlərini təmin edə bilənə qədər dəstək göstərilməlidir. Müstəqillik qazandıqdan sonra ölkədə xeyli sayda özəl məktəblər, universitetlər və kolleclər açıldı. Amma onların bir hissəsi rəqabətə davam gətirə bilmədi və xeyli sayda özəl təhsil müəssisəsi bağlandı. Amma istənilən halda, özəl sektor inkişaf etdirilməlidir. Bu, tamamilə qanunauyğundur. Proses dünya təcrübəsində də belədir və təhsil haqqında qanununda da öz əksini tapıb. Amma bu sahədə müəyyən problemlər də var. Bir az kobud dildə desək, bəzən özəl məktəblər şəxsi mülklərə çevrilir. Ona görə də özəl məktəblərin üzərində mütləq nəzarət olmalıdır. Kadrların seçilməsi və yerləşdirilməsi məsələsinə diqqət yetirilməlidir. Özəl sahəni inkişaf etdirmək o demək deyil ki, kimsə istədiyini edə bilər. Dövlətin təhsil siyasəti və təhsilin dövlət standartları var. Özəl məktəblər dövlət proqramları və standartlarının çərçivəsindən kənara çıxmamalıdır. Digər bir problem odur ki, bəzi özəl məktəblərin illik təhsil haqqı 30-40 min manata yaxındır. Qiymətlər standart deyil. Bu qiymətlərin hansı prinsiplərlə formalaşdırıldığı da bəlli deyil. Əhalinin sosial vəziyyəti ilə bu qiymətlər uyğunlaşmır. Özəl məktəblərə adətən, imkanlı ailələr övladlarını oxuda bilir. Yerdə qalan əhalinin uşaqlarını orada oxutmağa imkan olmur. Bu mənada təbəqələşmə prosesi gedir. Özəl sektorda təhsil haqqına nəzarət olunmalı və əhali üçün əlçatanlığı təmin edilməlidir. Belə məktəblər ayrı-ayrı qruplara xidmət edir. Amma təhsil ümumxalq işidir və milli məsələdir. Əhalinin bütün təbəqələri nəzərə alınmalıdır”.
Azad Müəllimlər Birliyinin sədri Məlahət Mürşüdlü bildirdi ki, Azərbaycanda özəl orta məktəblərin sayı kifayət qədərdir: "Hazırda elə məktəblər var ki, şagird çatışmazlığı yaşayır. İstər məktəb, istərsə də universitetlərin sayının artması hər bir cəmiyyətdə və ölkədə vacibdir. Bu, həm də dövlət və özəl sektorlar arasında sağlam rəqabəti təmin edir. Təlim-tərbiyə prosesinin inkişafına təsir edən əsas məsələlərdən biri də məhz budur. Düşünürəm ki, dövlət məktəblərinin sayının artırılması daha faydalı ola bilər. Amma əsas məsələ təlim-tərbiyə prosesinin inkişafını diqqət mərkəzində saxlamaqdır. Müəllimlərin sosial təminatının yaxşılaşdırılması bu prosesə təsir edən əsas amillərdəndir. Məktəblərdə kadr hazırlığı və müasir tələblərə cavab verən kadr təminatı vacibdir. İnnovativ üsullarla tədris prosesinin təmin edilməsi əsas məqamlardan biridir. Əgər dövlət sektoru inkişaf edərsə, özəl məktəblərə ehtiyac qalmayacaq. Bu məsələ aidiyyəti qurumların nəzarətində olmalıdır”. \\kaspi.az\\