SABİQ NAZİRLƏR HARADADIR? - Kimisi yeni vəzifəyə, kimisi istirahətə, kimisə müalicəyə - ADBAAD

10-10-2018, 10:16           
SABİQ NAZİRLƏR HARADADIR? - Kimisi yeni vəzifəyə, kimisi istirahətə, kimisə müalicəyə - ADBAAD
Vəzifədən uzaqlaşdırılan kimi mətbuatın da gündəmindən düşən sabiqlərlə bağlı məlumatlarla çox az rastlaşırıq. Cebhe.info bu dəfə sabiq nazirləri araşdırıb, kimlərinin yeni vəzifəyə təyinatı, kimlərinsə işsiz olduğunu öyrənib.

1996-cı ilin may ayından Azərbaycan Respublikası Baş nazirinin birinci müavini, 1996-2003-cü illərdə Baş nazir, 2003-cü ilin avqust - noyabr aylarında Baş nazirin birinci müavini vəzifələrində işləyən, 2003-cü ilin noyabr ayından yenidən Azərbaycan Respublikasının Baş naziri olan Artur Rasizadə 21 aprel 2018-ci ildə yaşını və səhhətini əsas götürərək vəzifəsindən istefa verib. Hazırda barəsində heç bir məlumat yoxdur. Baş nazir postunu 21 aprel 2018-ci ildən Novruz Məmmədov tutur.

2013-cü ildən energetika naziri olmuş Natiq Əliyev vəfat etdikdən sonra (9 iyun 2017-ci il) bu vəzifəyə Pərviz Şahbazov gətirilib.

Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun işdən çıxarıldıqdan (21 aprel 2018-ci il) sonra yeni təyinatı Milli Aviasiya Akademiyasının Dünya iqtisadiyyatı kafedrasına olub. Sabiq nazir 28 sentyabr 2018-ci ildən orada işləyir. Qeyd edək ki, Səlim Müslümovu Sahil Babayev əvəzləyib.

Vilayət Quliyev 2 aprel 2004-cü ildə xarici işlər naziri vəzifəsindən azad edilib, 2010-cu ildən Azərbaycanın Macarıstandakı fövqəladə və səlahiyyətli səfiridir.

19 oktyabr 2005-ci ildən iqtisadiyyat naziri olan Heydər Babayev 2008-ci il oktyabrın 30-da vəzifəsindən azad olunub. 2012-ci ildə mətbuata verdiyi açıqlamada sabiq nazir bağda dincəldiyini bildirməklə kifayətlənib.

2013-cü il prezident seçkilərindən sonra təyin olunduğu kənd təsərrüfatı naziri postundan 2018-ci il prezident seçkilərindən sonra azad edilən (21 aprel) Heydər Əsədovun hazırda işsiz olduğu deyilir. Onun yerini isə İnam Kərimov tutub.

1999-2006-cı illərdə maliyyə naziri olmuş Əvəz Ələkbərov da yeni vəzifəyə təyinat almayıb. Onun haqqında hazırda məlumat olmasa da, illər əvvəl yerli mətbuata açıqlamasında elmi işlə məşğul olduğunu və özəl sektorda işlədiyini bildirmişdi.

1995-ci ildən 2013-cü il oktyabrın 22-dək müdafiə naziri olan Səfər Əbiyev də çoxdandır görünmür. Onun ölkəni tərk etməsi ilə bağlı xəbərlər yayılsa da, yaxınları bu faktı təsdiqləməyib. Ancaq əlaqələrinin qalmadığını və ehtimallarına görə, Əbiyevin Bakıda istirahət etdiyini, mətbuatdan qaçdığını bildiriblər.

Rabitə və yüksək texnologiyalar naziri olmuş Əli Abbasov vəzifədən çıxarıldıqdan sonra (12 noyabr 2015-ci il) AMEA prezidentinin müşaviri təyin olunub (24 may 2017-ci il).

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi birləşdirilərkən işsiz qalan (13 fevral 2017-ci il) Ziya Məmmədov da yeni vəzifəyə təyinat almayıb. Qardaşı onun ata yurdu olan Ucara gedərək, “Quran”ı oxuduğunu bildirib. Bəzi məlumatlarda isə sabiq nazirin ölkəni tərk etdiyi deyilir.

17 il vergilər naziri olan Fazil Məmmədov vəzifəsindən azad edildikdən (5 dekabr 2017-ci il) sonra yeni vəzifəyə təyinat almayanlardandır. Məmmədovun hal-hazırda müalicə aldığı bildirilir. Onun yerinə təyinat alan Mikayıl Cabbarov isə 5 dekabr 2017-ci ilə qədər təhsil naziri vəzifəsini tutub.

23 aprel 2018-ci ildə ekologiya və təbii sərvətlər naziri vəzifəsindən azad edilən Hüseynqulu Bağırovun hal-hazırda işsiz olduğu deyilsə də, özünün yaratdığı "Qərbi Kaspi” Universitetinə rəhbərlik etdiyinə dair məlumat var. Həmçinin onun tez-tez müalicə məqsədilə xarici ölkələrə getdiyi deyilir. Sabiq nazirin yerini isə elə həmin gündən Muxtar Babayev tutub.

16 dekabr 2005-ci ildə yaradılan Müdafiə Sənayesi Nazirliyinin rəhbəri 18 mart 2006-cı ildən etibarən Yavər Camalov olub. Camalov 23 iyun 2018-ci ildə vəfat etdikdən sonra onun yerinə təyinat olmayıb. Hazırda müdafiə sənayesi naziri postu boşdur.

1998-ci ildən təhsil naziri olan Misir Mərdanov vəzifəsindən azad edildikdən (19 aprel 2013-cu il) 10 gün sonra (29 aprel 2013-cu il) Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mexanika və Riyaziyyat İnstitutuna direktor təyin olunub.

Qeyd edək ki, eks-nazirlər arasında yüksək postdan birbaşa dəmir barmaqlıqlar arxasına göndərilənlər də olub. Onlar 2005-ci il oktyabrın 19-da parlament seçkiləri ərəfəsində həbs edilən səhiyyə naziri Əli İnsanov və iqtisadi inkişaf naziri Fərhad Əliyevdir.

Əli İnsanov 2015-ci ildə həbs edilib. 2 il davam edən məhkəmə və istintaqın sonunda sabiq nazir Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü ilə əmlakı müsadirə olunmaqla 11 il müddətinə azadlıqdan məhrum edilib. 2016-ci ildə cəzasının bitməsinə bir neçə ay qalmış ona yeni ittihamlar irəli sürülüb. Belə ki, sabiq nazir barəsində Cinayət Məcəlləsinin qanunsuz narkotik maddə saxlama, hakimiyyət nümayəndəsinə zor tədbiq etmə və cəzaçəkmə müəssisələrində qadağan edilən əşya saxlama maddələri üzrə cinayət işi başlanıb. 1 il davam istintaq sonunda Qaradağ rayon Məhkəməsinin hökmü ilə 7 il 5 gün müddətinə azadlıqdan məhrum edilib. Hazırda həbsdədir.

Sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyev 2005-ci ildə Əli İnsanov kimi rüşvətdə təqsirləndirilərək həbs edilib. 2 il davam edən istintaq və məhkəmədən sonra Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü ilə əmlakı müsadirə olunmaqla 10 il müddətinə azadlıqdan məhrum edilib. 14 oktyabr 2013-cü ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə cəzanın çəkilməmiş hissəsindən azad edilib. Əfv olunan sabiq nazirin qardaşı Rafiq Əliyevlə Böyük Britaniyada yaşadığı deyilirdi.

Fərhad Əliyevin 2016-cı ildə öz biznesini Türkiyəyə köçürdüyü bildirilirdi. Ötən il isə onun Bakıya qayıtdığı, Sumqayıt Texnologiyalar Parkının (STB) rəhbərliyinə gətirildiyinə dair xəbər yayılıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.