Vasif Məhərrəmli və "çuşka" anlamı

26-05-2016, 15:52           

Hələ onda çayı ta Hindistandan gətirirdilər, hələ onda yeyib-içdiklərimizin də nə olduğunu bilirdik, hələ onda "mənim sponsorum döyər, yoxsa səni saxlayan kişi" kimi suallar peyda olmamışdı, hələ onda bakılı qızlar haqqında mahnıları jurnalistə şillə atan şəxslər oxumurdular, heç Vasif Məhərrəmli adlı müğənni də yox idi... hələ onda... hələ onda... Heç səsi anadangəlmə xaric olan bir adam çıxıb efirdə jurnalistləri üç qrupa bölmürdü. Halbuki həmin müğənninin özünün hansı qrupda olduğunu heç bəlkə özü də doğru-dürüst anlamır. Müğənni onun paylaşdığı fotoya "kəmərin yeri yoxdur" yazıb münasibət bildirən tamaşaçıya "kəmər Stefano Ricidir, ay çuşka. Min dollardı..." formasında tərbiyəsiz reaksiya da vermirdi. Amma indi verir. Onda "Instagram" yox idi, amma kişilər dediyi sözün üstündə durmağı bacarırdı. Rəyi yazıb, sonra fotoqarışıq silmirdilər.

O vaxtlar həmin o Vasif Məhərrəmli 15 minə toya getmirdi, "çoxdandır palatka toyu oxumuram" deyib qımışmırdı. İki gün sonra dediyi sözü danmırdı. Bəlkə də danırdı, amma bizim onun mövcudluğundan xəbərimiz belə yox idi.

Eeehhh... o vaxtlar...

Heç o vaxtlar jurnalistlər də mənim indi etdiyimi etmirdilər. Yazımda heç bir titulu olmayan, jurnalistinə şillə atan, tamaşaçısına "çuşka" deyən, camaatına qiymət oxuyan birinin adını yazısında iki dəfə çəkib reklam etmirdilər.

Amma mən indi etdiyimi o vaxtlar da edirdilər. Həmin mədəniyyət sahibinin adını iki dəfə yazımda çəkdiyim üçün sizdən üzr istəyirəm. Bax bunu o vaxt da edirdilər, indi də mən etdim. Hətta o adı iki dəfə yazdığım üçün təkzib verib, üzrxahlıq etməyə də hazıram. Amma adı çəkməyə bilməzdim. Camaat pulunu kimə yedizdirdiyinin fərqində olmalıdır mütləq.

...o vaxtlar belə idi...

Zarafatsız, görəsən onun özü bilir "çuşka" sözünün anlamını?

Olke.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.