"Azərbaycan mənim də vətənimdir"
23-09-2023, 13:13
“Azərbaycanla bağlı xəbərləri böyük həyəcanla internet saytlarından izləyirəm. Bilirəm ki, ölkəniz, əsgərləriniz bəzi əraziləri yenidən işğaldan azad edib. Buna görə çox sevindim. Şəhidlərinizə görə çox üzüldüm. İnşallah ki, bir daha belə acılar yaşamarsınız. Azərbaycan mənim də vətənimdir”
TEREF.AZ bildirir ki, bunu Moderator.az-a “Təhminə” filminin baş qəhrəmanı, məşhur türkiyəli aktrisa Meral Konrat deyib. O daha sonra əlavə edib.
“Türkiyədən filmə də, seriala da dəvət almışam. Hələ ki, düşünürəm çəkilim ya yox?! Hər rolda çəkilə bilmərəm. Çəkilsəydim indiyə qədər çox rollara dəvət almışam, çəkilərdim. Çəkiləcəyim rol məni duyğulandırmalıdır. Tamaşaçıya həmin obraz vasitəsilə bir mesaj ötürmək lazımdır. Çəkilmək xatirinə çəkilmək istəmirəm” deyə aktrisa bildirib.
Meral Konrat ölkəmizdə “Elçilik” filminə çəkildiyini bildirib.
“Bu film komediya filmi idi. İlk dəfə idi ki, komik filmdə rol alırdım. Çox gözəl kollektivlə birgə bu filmi ərsəyə gətirdik. Bilirəm ki, ötən il kinoteatrlarda ən çox baxılan filmlərdən biri oldu. Azərbaycandan daha bir təklif almışam. Onu da düşünürəm. 30 ildir ki, sizlərin sevginiz ilə yaşayıram. Özümə qarşı sizdən böyük sevgi görürəm” deyə aktrisa bildirib.
Məşhur “Təhminə” filmindən də danışıb.
“ “Təhminə” filmi çəkiləndə mən artıq Türkiyədə tanınmış aktrisa idim. Mənə çox dəvətlər gəlirdi. “Təhminə” filminin qalası Bakıda olmuşdu. Rasim Ocaqov mənim üçün İstanbulda filmin qalasını təşkil etdi. Düşünürdüm ki, türk tamaşaçılar Azərbaycanda çəkildiyim filmə gəlib baxacaqlar? Böyük bir izdiham yaşandı. Oturacaq yer də yox idi. Hətta oturacaq tapmayıb yerdə oturmuşdular. Hər kəs ayaq üstə məni alqışlayırdı. Öz filmimin qala gecəsində hönkürtü ilə ağladım” deyə sənətçi bildirib.