“Şekspir” və ya “Kim dəli, kim ağıllı…”
4-04-2024, 12:51
Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, 60 ildən artıq bir dövrdə ədəbiyyatımızın, mənəviyyatımızın, dilimizin, mədəniyyətimizin keşiyində dayanan Xalq yazıçısı Elçinin əsərləri dünyanın 40–dan çox ölkəsində çap olunub. Hekayələrindən tutmuş romanlarına qədər, məqalələrindən tutmuş dram əsərlərinə qədər Azərbaycan insanının mənəvi dünyasının inkişafına xidmət edən, yazıçı adını bütün dəyərlərdən üstün tutan Elçinin səhnə əsərləri də dünyanın bir–çox teatrlarında tamaşaya hazırlanıb. Müəllifin belə əsərlərdən biri də “Şekspir”dir. Xalq yazıçısının bu əsəri Şuşa Dövlət Musiqili Dram Teatrında səhnələşdirilən sayca üçüncü əsəridir.
Teatrdan AZƏRTAC-a bildirilib ki, tamaşanın quruluşçu rejissoru, teatrın baş rejissoru, Əməkdar artist Loğman Kərimov, quruluşçu rəssamı Valeh Məmmədov, musiqi tərtibatçısı Asyaxanım Heydərovadır.
Tamaşada rolları Əməkdar artist Nazir Rüstəmov, aktyorlar Emin Sevdiməliyev, Sevinc Ağayeva, Vüsal Məmmədov, Orxan Abışov, Püstəxanım Zeynalova, Mobil Qurbanov və Zəhra Salayeva ifa edəcəklər.
“Şekspir” əsərinin qəhrəmanları ruhi–əsəb klinikasındakı posiyentlərdir. Onların hər biri öz xəyali dünyasında yaşayır. Baş həkim xəstələrin xəyali dünyasını dərk etməyə çalışsa da, sonra anlayır ki, xəstə kimi müalicə olunan insanlar öz xəyal aləmlərində xoşbəxtdirlər.
Xatırladaq ki, ilk dəfə “Üns” yaradıcılıq səhnəsində tamaşaya qoyulan pyes, daha sonra Akademik Milli Dram Teatrında, Bakı Bələdiyyə Teatrında tamaşaya qoyulub.
Müəllifin “Şekspir” əsəri Azərbaycanın hüdudlarından kənara çıxaraq teatr ictimaiyyətinin diqqətini cəlb edib. İngiltərə, ABŞ, Türkiyə, Rusiya və başqa ölkələrdə tamaşaya hazırlanmış bu əsər, növbəti dəfə Azərbaycan mənəviyyatının daşıyıcısı olan Şuşa Dövlət Musiqili Dram Teatrında daha bir səhnə həyatı yaşayacaq.