Əlin cibində olsun: Azərbaycanda müğənni olmaq neçəyə başa gəlir?

9-08-2017, 00:29           

Bir zamanlar yerli telekanallarda yayımlanan “Yeni Ulduz” (2004), “Azəri Star” (2007) mahnı müsabiqələri səhnəyə müğənni axınına daha da təkan vermiş oldu.Səsi olan və olmayan, özünə güvənən, bir sözlə, asan pul qazanmağın yolunu müğənnilikdə görənlərin əksəriyyəti, əlinə mikrofon alıb oxumaq eşqinə düşdü. Düzdür, bunu danmaq lazım deyil ki, sözügedən yarışlar Azərbaycan musiqisinə xeyli sayda istedadlı müğənnilər verdi. Hətta “Eurovision” beynəlxalq mahnı müsabiqəsinə müxtəlif illərdə qatılan təmsilçilərimizin çoxu məhz yerli mahnı yarışmalarından çıxanlar idi.Bu məsələnin yaxşı tərəfi.

Daş atırsan, müğənniyə dəyir...

Digər tərəfdən isə yerli şou-biznesdə müəyyən mənada xaos yarandı.Müğənnilərin sayı artdı, onlar bir bayağı mahnı oxuyub, toy tutmaq eşqi ilə bəhsə girdilər. Hətta kobud səslənsə də, elə bir deyim də yaranmışdı: İndi daş atırsan, gedib müğənniyə dəyir. Yəni hər yerindən qalxan əlində mikrofon səhnəyə çıxmağa can atır. Bu işdə onların dadına sosial şəbəkələr, xüsusilə də “İnstagram” gəlir.Onlarla müğənni var ki, səsi olmasa belə, sosial şəbəkələrdəki paylaşımlarına görə toylara dəvət alır, populyarlaşır.Efirlərə ayaq açır və sonra da “mən sənətkaram” deyib, sinəsinə döyməyə başlayır.Sözümüzün canı odur ki, bir vaxtlar televiziya kanallarına ödənişli şərtlərlə çıxan müğənni olmaq istəyənlərin işi indi daha yüngüldür.Çünki indi televiziya yerini internetə verib. Müğənnilər deyəsən, az pul xərcləməli olurlar.

Müğənni olmaq istəyənin əli cibində olsun gərək

Hər şeyi - istedadı, səsi, səhnə mədəniyyəti bölgüsünü bir kənara qoyaq.Gəlin, görək, ümumiyyətlə, Azərbaycanda müğənni olmaq neçəyə başa gəlir?

Başlayaq, radiolardan. Əgər müğənni istənilən yerli radiolardan birində mahnısını 1 ay ərzində, gündə 3 dəfə olmaqla səsləndirmək istəyirsə, bunun üçün ən az, 1500 manatından keçməlidir. Klipini yayımlamaq üçün isə “Lider” TV-yə 1500, ATV-də isə bir baxışı üçün 300 manat xərcləməlidir. Mahnını aşağısı 2000-ə alan müğənni aranjeman üçün 1000 manat ödəməlidir. Hələ bu harasıdır?Əli daim cibində olan müğənni efirlərdə yayımlanan proqramlarda 1 saat qonaq olanda 1000-1500 manat pul xərcləyir.Maqazin verilişlərində özü haqqında təqdim olunacaq 2 dəqiqəlik süjetə isə 2000 manat verir.

Ən əsası, müğənni mahnını 2000 manata alır, 1000 manata aranjeman etdirir, minimum 3000-ə də klip çəkdirir.

Oxucularımıza təqdim etdiyimiz bu rəqəmlər, minimumla hesablanıb.Ümumi statistik hesablama aparsaq, Azərbaycanda müğənniyə “raskrutka” üçün ay ərzində heç olmasa, 10 min manat pul lazımdır.Nəzərə alanda ki, hazırda böhranla əlaqədar, toyların sayı kəskin azalıb və müğənnilərimizin gəlir mənbəyi yalnız el şənlikləridir, hazırda onların maddi rifah halının hansı durumda olduğunu təsəvvür etmək elə də çətin deyil.

Hanı bu klipin duzu, istiotu?

Daha bir məqam: çəkilən kliplərin bayağılığı və primitivliyi, kobud səslənsə də, deyəcəyik: göz deşir… Bu gün şou aləmində sanki bir durğunluq yaşanır.Belə ki, sosial şəbəkələrin mövcudluğu səbəbindən müğənnilərin zamanını daha çox orada keçirməsi, izləyiciləri ilə gününü bölüşməsi onları bir qədər yaradıcılıqdan kənar salır desək, yəqin ki, yanılmarıq.Müğənnilər ayda-ildə bir dəfə ortaya çıxardıqları yeni mahnılarına da yalnız onlar hitə çevrildikdən sonra klip çəkdirmək qərarına gəlirlər. Klip də ki, nə klip...

Hə, haqlı düşünürsünüz, indi çəkilən kliplərin əksəriyyətinin süjet xətti primitivdir, bəsitdir.Dünya şou aləmini misal gətirib, deyə bilərsiz ki, onlarda da kliplər sadə süjet xətti ilə çəkilir.Amma onlarda yüksək səviyyə göz önündədir.Bizim müğənnilər üçün bu hal göydəndüşmə olur. O mənada ki, belə kliplər çox xərc tələb etmir. Amma bir şeyi unutmaq lazım deyil ki, bir işi sevgi deyil, biznes üzərində, qurduqda heç bir uğur, pul və şöhrət qazanmaq mümkünsüzdür. O zaman bu qədər pul xərcləyib müğənni olmağa nə hacət? Gerisini artıq, siz müğənnilər düşünün.

Aytən Həsənova
Cebhe.info












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.