"İsraili dayandırın": Assanj Kann festivalında 5 minədək fələstinli uşağın adlarını nümayiş etdirib

Bu gün, 16:44           
"İsraili dayandırın": Assanj Kann festivalında 5 minədək fələstinli uşağın adlarını nümayiş etdirib
"Assanj Kann festivalında yalnız sənədli filminin qəhrəmanı deyil, həm də susdurula bilməyən söz azadlığının canlı rəmzidir..."
Mayın 21-də Kann kino festivalında "Altı milyard dollarlıq adam" adlı sənədli filmin nümayişi keçirilib.

Moderator.az xəbər verir ki, bu barədə "kino.mail.ru" nəşri məlumat yayıb.

Film "WikiLeaks"-in qurucusu Julian Assanjın başına gələnləri, ABŞ-da onu 175 il həbs cəzası gözlədiyi müddətdə yaşadığı çətinlikləri əks etdirir. Bu sənədli film artıq "Qızıl Qlobus" mükafatını qazanıb və mükafat rejissor Yugina Jarekiyə rəsmi premyeradan iki gün əvvəl təqdim olunub. Festivalın münsiflər heyəti Assanjı "məlumat alma hüququnun müasir rəmzi" kimi qiymətləndirib.

Assanj özü də rejissorla birgə tədbirə qatılıb. O, üzərində arxa hissəsində "İsraili dayandırın yazılmış zeytun rəngli köynək və onun altında isə ağ, üzərində xırda yazılar olan idman köynəyi geyinib. "WikiLeaks"-in "X" sosial şəbəkəsində verdiyi məlumata görə, həmin köynəkdə 2023-cü ildən bəri İsrail ordusunun öldürdüyü 5 yaş və daha kiçik yaşlı 4986 fələstinli uşağın adı yazılıb. Məlumatların haradan əldə edildiyi isə bildirilmir.

Assanj festivalda həyat yoldaşı Stella ilə birlikdə iştirak edib. Onun gəlişini əks etdirən kadrlar Kann festivalının rəsmi saytında da yayımlanıb. 2006-cı ildə Assanj "WikiLeaks" layihəsini quraraq gizli və məxfi məlumatların ictimaiyyətlə paylaşılmasına imkan yaradıb. 2010-2011-ci illərdə ABŞ-ın dövlət kompüter şəbəkəsinə daxil olaraq, informator Bradli Menninqlə birlikdə minlərlə sənəd yayıb.

Bunlara İraq və Əfqanıstan müharibələri, Quantanamo həbsxanası, diplomatik yazışmalar və Hillari Klintonun şəxsi məktubları da daxil olub. 2010-cu ildə yayımladığı videoda ABŞ hərbi helikopterinin 2007-ci ildə Bağdadda 18 mülki şəxsi öldürdüyü göstərilib.

Avstraliya vətəndaşı olan Assanj 2012-ci ildən etibarən ABŞ tərəfindən təqib olunduğu üçün Londondakı Ekvador səfirliyinə sığınıb. 2019-cu ildə sığınacaqdan məhrum edilərək həbs olunub. 2021-ci ildə ilk instansiya məhkəməsi Assanjın ABŞ-a ekstradisiyasını rədd etsə də, sonradan bu qərar ləğv edilib.

2024-cü ilin iyununda o, Britaniyanın "Belmarş" həbsxanasından azad edilib. Avstraliyaya qayıtdıqdan sonra Sakit Okeandakı Saipan adasında ABŞ prokurorluğu ilə razılaşma çərçivəsində casusluq ittihamını qismən qəbul edib və artıq çəkdiyi beş illik həbs müddəti ilə kifayətlənərək azadlığa buraxılıb. Məhkəmə işi rəsmi şəkildə bağlanıb.

Assanjın azadlığa çıxması beynəlxalq hüquq müdafiəçiləri və Avstraliya parlament üzvləri tərəfindən dəstəklənsə də, Rusiyanın bəzi dairələri onun başqa məhbuslarla dəyişdirilməsini təklif edib. Amma indi Julian Assanj Kann festivalında yalnız sənədli filminin qəhrəmanı deyil, həm də susdurula bilməyən söz azadlığının canlı rəmzidir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.